Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.09.2015 16:55
  • A-
  • A
  • A+

Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin yeni konsepsiyası təqdim olunub

Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin yeni konsepsiyası təqdim olunub

Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası” mövzusunda məruzəsini təqdim edib. Qeyd edib ki, Azərbaycan ədəbiyyatı tarixi xalqımızın mədəni-intellektual səviyyəsi və hər bir dövrün ictimai-tarixi hadisələri ilə bağlı olaraq inkişaf yolu keçmiş, zənginləşmiş və formalaşmışdır. Məruzədə ədəbiyyat tarixinin dövrləşdirilməsi istiqamətində 10 mərhələ üzrə inkişaf proseslərinin xarakteristikası şərh edilmişdir.

İsa Həbibbəylinin sözlərinə görə, Azərbaycan müstəqilliyə qədəm qoyduqdan sonrakı dövrdə də ədəbiyyatımızın dövrləşdirilməsi sovet hakimiyyəti illərində qəbul edilmiş prinsiplər üzərində cüzi dəyişikliklər edilməklə mövqeyini saxlamış, bu sahədə ciddi bir addım atılmamışdır. Aradan keçən 23 il digər humanitar və ictimai elmlər sahəsində olduğu kimi, Azərbaycan ədəbiyyatında da dövrləşdirilmənin istiqamətlərinin konkretləşdirilməsi problemini aktual bir məsələ kimi ortaya çıxarmışdır. Alim çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini dövrləşdirərkən sivilizasiya amili, ədəbi-tarixi proseslərin reallıqları, Azərbaycanda ədəbi cərəyanlar və Azərbaycançılıq məfkurəsi kimi prinsiplərin mayor kimi nəzərə alınmasını elmi baxımdan əsaslandırmışdır.

Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin yeni konsepsiyası aşağıdakı mərhələləri əhatə edir: Qədim dövr Azərbaycan ədəbiyyatı, Erkən intibah dövrü Azərbaycan ədəbiyyatı, İntibah dövrü Azərbaycan ədəbiyyatı, Orta əsrlər Azərbaycan ədəbiyyatı, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı, Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü, Milli-demokratik hərəkat dövrü Azərbaycan ədəbiyyatı, Azərbaycan ədəbiyyatında sosialist realizmi mərhələsi, Erkən ən yeni dövr və keçid dövrü Azərbaycan ədəbiyyatı və Azərbaycan ədəbiyyatının müstəqillik dövrü.

Yeni dövrləşdirmə konsepsiyasının tətbiqi nəticəsində Azərbaycan ədəbi-mədəni fikir tarixinin inkişaf yolunun daha aydın və sistemli şəkildə öyrənilərək təbliğ olunacağına əminliyini ifadə edən İsa Həbibbəyli bu baxımdan məruzənin xüsusi əhəmiyyət və elmi aktuallıq kəsb etdiyini dilə gətirib.

AMEA Rəyasət Heyətinin qərarı ilə, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası” mövzusunda məruzəsi bəyənilib. Qərarın icrasına nəzarət AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə həvalə edilib.

İclasda akademik Mikayıl Useynovun 110, AMEA-nın müxbir üzvləri Yaşar Qarayevin 80, Ərtegin Salamzadənin 50, Saleh Məhərrəmovun 50 illik yubileylərinin keçirilməsi, Radiasiya Problemləri və İqtisadiyyat institutlarının Elmi şuralarının tərkibində dəyişiklik edilməsi ilə bağlı qərarlar qəbul edilib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: