Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.06.2023 17:12
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda Ulu Öndərin 100 illiyinə həsr edilmiş konfrans keçirilib

Coğrafiya İnstitutunda Ulu Öndərin 100 illiyinə həsr edilmiş konfrans keçirilib

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

Coğrafiya İnstitutunun baş direktoru, c.e.d. Zakir Eminov iştirakçıları salamladıqdan sonra Ulu Öndər Heydər Əliyev haqqında giriş nitqi söyləyib. O qeyd edib ki, Azərbaycanın bu böyük şəxsiyyətinin yubileyini layiqincə qeyd etmək, ölkənin inkişafındakı xidmətlərini önə çəkmək məqsədilə müəssisənin illik iş planına Ümummilli Liderin adı ilə bağlı bir sıra silsilə tədbirlər salınıb. İnstitut alimlərinin “Heydər Əliyev İli” çərçivəsində respublikada keçirilən tədbirlərdə fəal iştirakı, konfranslardakı uyğun məruzələrlə çıxışları da bu qəbildəndir. Heydər Əliyev mövzusunda keçirilən bugünkü konfransın materialları arasında 60-dək məruzənin yer alması Ulu Öndərin Azərbaycanda elm və təhsilin inkişafındakı rolunun bariz nümunəsidir.

Konfransın təşkilatçısı, institutun icraçı direktoru, c.ü.f.d., dosent Zaur İmrani tədbir haqqında məlumatla çıxış edərək, bugünkü respublika elmi-praktiki konfransının 2023-ci ilin “Heydər Əliyev İli” elan edilməsinə, eləcə də Ümummilli Liderin elm və təhsilin inkişafında göstərdiyi xidmətlərinə görə keçirildiyini qeyd edib. O bildirib ki, Azərbaycanda elm və təhsilin müasir dünya standartları ilə təşkili və inkişafına daim dəstək olmuş Heydər Əliyev elm və təhsil siyasətini əsas prioritet istiqamət kimi qəbul edib, elmi tədqiqat mərkəzlərinin və ali təhsil müəssisələrinin yaradılmasına daim dəstək olub.

Sonra Coğrafi fikir tarixi və toponimika şöbəsinin müdiri, c.ü.f.d. Habil Haqverdiyev “Heydər Əliyevin həyat və fəaliyyəti”, Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, professor Rza Mahmudov “Hidrometeorologiyanın inkişafında Heydər Əliyev mərhələsi”, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, c.ü.f.d. Mirnuh İsmayılov “Elmi-tədqiqat işlərinin aparılmasında Ulu Öndər Heydər Əliyevin göstərdiyi dəstək”, Coğrafiya İnstitutunun böyük elmi işçisi Natiq Babayev “Heydər Əliyev Azərbaycan coğrafiyasının mayakıdır” və BDU-nun dosenti Məqsəd Babayev “Arid regionlarda su ehtiyatlarından səmərəli istifadə olunmasının əsas istiqamətləri” mövzularında məruzələrlə çıxış ediblər.

Konfransda, həmçinin Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekanı Məqsəd Qacamanov, kafedra müdiri Saleh Hağıyev, professor Şövqi Göyçayski Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər, onun Azərbaycan elminə, Azərbaycan aliminə, ziyalısına yüksək qiymət verdiyindən söhbət açıblar.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: