Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.09.2023 10:26
  • A-
  • A
  • A+

Şəkidə “Əsrin müqaviləsi” adlı dəyirmi masa keçirilib

Şəkidə “Əsrin müqaviləsi” adlı dəyirmi masa keçirilib

Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Əsrin müqaviləsi” adlı dəyirmi masa təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov 1994-cü il sentyabrın 20-də Ulu Öndərin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” və bu tarixi sənədin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətindən danışıb.

Daha sonra Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun əməkdaşı Reyhan Məmmədova “Azərbaycan neftin tarixi vətənidir”, Qoruğun əməkdaşı Sehran Məmmədov isə “Bakı şəhərində neft bumu memarlığı” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə “Azərbaycan neft sənayesinin inkişaf mərhələləri” adlı məruzəsini təqdim edən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin elmi işçisi Elşən Abdurahmanov neft sənayesinin keçdiyi inkişaf yoluna nəzər salıb. O, XIX-XX əsrlərdə neft sənayesində baş verən yeniliklərdən, Azərbaycanda kapitalizmin inkişafında neft sənayesinin rolundan, Sovet hakimiyyətinin ilk illərindən bu sahənin diqqət mərkəzində saxlanılmasından, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə neft sənayesinin inkişafında əldə edilən uğurlardan, eləcə də Azərbaycan neft maşınqayırması sənayesinin inkişafı məsələlərindən bəhs edib.

Məruzəçi, həmçinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının Azərbaycanın iqtisadi inkişafına, əhalinin rifah halının yüksəldilməsinə təsirindən və ölkəmizin siyasi arenada qazandığı uğurlardakı rolundan söhbət açıb.

Dəyirmi masada ““Əsrin müqaviləsi” davamlı iqtisadi inkişafa aparan yol”, “Azərbaycanda neft hesabına görülən xeyriyyə işləri” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: