AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Polşanın nüfuzlu Marşalek Publishinq Group şirkətinin sədri professor Adam Marşaleklə və Adam Marşalek Nəşriyyat Evinin rəhbəri Yoanna Marşalek ilə görüşüb.
Görüşdə ölkələrimizin rəhbərləri tərəfindən Azərbaycan-Polşa əlaqələrinin inkişaf etdirildiyini bildirən akademik İsa Həbibbəyli elm sahəsində də müvafiq əməkdaşlıq münasibətlərindən söz açıb. AMEA-da aparılan elmi-tədqiqat işləri arasında Polşa ədəbiyyatına da aid bir sıra araşdırmaların aparıldığını diqqətə çatdıran AMEA rəhbəri son illərdə elmi-ədəbi əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu bildirib. Akademiyada ayrı-ayrı elm sahələri üzrə çap olunan monoqrafiya və elmi jurnalların fəaliyyət istiqamətlərindən danışan akademik İsa Həbibbəyli elmi nəşriyyat işləri üzrə əldə olunmuş müasir bilik və təcrübələrin hər iki ölkə mütəxəssisləri tərəfindən mənimsənilməsinin əhəmiyyətini vurğulayıb.
AMEA-nın nəşriyyatı və müvafiq elmi qurumları ilə Polşanın Marşalek Publishinq Group şirkəti arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunan Akademiya rəhbəri bu sahədə qarşılıqlı faydalı addımlar atılacağına əminliyini bildirib.
Marşalek Publishinq Groupun sədri, Dr. Adam Marşalek bütün sahələr üzrə inkişaf etməkdə olan Azərbaycan-Polşa münasibətlərindən söz açaraq öz iş təcrübələrində elm sahəsinə xüsusi diqqət ayırdıqlarını, elmi nəşrlərin çap edilməsinə xüsusi əhəmiyyət verildiyini qeyd edib. O, AMEA-nın elmi qurumları ilə rəhbərlik etdiyi poliqrafiya müəssisələri arasında əməkdaşlıq əlaqəsi yaradılmasının əhəmiyyətini diqqətə çatdıraraq çap etdikləri elmi jurnallarda Azərbaycan alimlərinin elmi araşdırmalarına da yer verə biləcəklərini xüsusi vurğulayıb. Söhbət zamanı professor Adam Mavşalek Polşada təşkil olunacaq elmi konfransa Azərbaycan alimlərini də dəvət edib.
Tərəflər qarşılıqlı elmi-ədəbi, nəşriyyat-poliqrafiya əlaqələrinin qurulmasında maraqlı olduqlarını bidirərək, bu istiqamətdə uğurlu nəticəyə gətirib çıxaracaq münasibətlərin möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıb, elmi-nəşriyyat əlaqələrinin genişləndirilməsi barədə razılığa gəliblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.