Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.12.2023 15:03
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində akademik Ziya Bünyadovun 100 illiyi qeyd edilib

Naxçıvan Bölməsində akademik Ziya Bünyadovun 100 illiyi qeyd edilib

AMEA-nın Naxçıvan Bölməsində görkəmli tarixçi və şərqşünas alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun anadan olmasının 100 illiyi münasibətilə tədbir olub.

Tədbir Azərbaycan Respublikası Prezidentinin “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” 28 sentyabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Natiq Ziya Bünyadovun keşməkeşli həyatının, elmi və ictimai-siyasi fəaliyyətinin mühüm əhəmiyyət kəsb edən mərhələləri barədə danışıb, akademiki qətiyyəti, obyektivliyi, cəsarəti və başqa insani keyfiyyətləri ilə fərqlənən vətənpərvər kimi səciyyələndirib.

Vurğulanıb ki, ömrünə çoxsaylı mühüm hadisələri sığışdıran alim Azərbaycan EA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru kimi məsul vəzifələrin öhdəsindən uğurla gəlmiş, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı üçün müraciət edən 91 nəfər ziyalıdan biri olmuşdur. O, Yeni Azərbaycan Partiyası sədrinin  müavini, Milli Məclisin deputatı və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuşdur.

Təsadüfi deyil ki, Ümummilli Lider alimin elmi və ictimai irsini yüksək qiymətləndirmiş, 31 yanvar 1998-ci ildə “Z.M.Bünyadovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Sərəncam imzalamışdır.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ziya Bünyadovun həyatı və elmi yaradıcılığı” mövzusunda məruzəsi dinlənib, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev akademik haqqında çıxış edib.

Çıxışlarda Ziya Bünyadovun həyatının və elmi fəaliyyətinin əsas dövrlərindən, fundamentallığı ilə seçilən elmi irsindən, tərcüməçilik fəaliyyətindən bəhs olunub. Onun hələ SSRİ dönəmində tarixi Azərbaycan torpaqlarının XIX əsrdə Rusiya tərəfindən işğalını faktlarla sübuta yetirməsindən, aparılan saxta təbliğata qarşı çıxmasından, tariximizi özününküləşdirməyə çalışan ermənilərə qarşı tutduğu kəskin mövqeyindən bəhs olunub. Alimin türk, rus, ərəb və fars dillərindən etdiyi tərcümələrinin əhəmiyyətindən danışan tədqiqatçılar bildiriblər ki, Ziya Bünyadovun əsərlərinə bu gün də etibarlı mənbə kimi istinad olunur.

Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: