Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimlərinin yeni neft mənbələri ilə bağlı mühüm elmi nəticələri təsdiqlənib
29.12.2023 16:12
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin yeni neft mənbələri ilə bağlı mühüm elmi nəticələri təsdiqlənib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri professor Adil Əliyevin və aparıcı elmi işçi yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun uzunmüddətli tədqiqat işləri nəticəsində Şərqi Azərbaycanda yeni neftli komplekslər müəyyənləşib.

İndiyədək ölkənin quru ərazilərində və dəniz akvatoriyasında müəyyənləşən zəngin neft-qaz yataqlarının mənbəyi Maykop yaşlı çöküntülər hesab olunsa da, alimlərimizin müasir yanaşma və metodologiyalara əsaslanan kompleks araşdırmaları məhz Eosen yaşlı üzvi maddə ilə zəngin şistli komplekslərin əmələ gəlmə xüsusiyyətləri ilə yanaşı, onların daha yüksək neft məhsuldarlığını aşkarlamağa imkan verib. Yeni neftli mənbələr kimi təqdim olunan Eosenə aid çöküntü komplekslərinin üstünlüyü onların həm neft törədən, həm də neft saxlayan hibrid sistemlər kimi fərqlənmələri ilə əlaqədardır. 

“İlk dəfə olaraq Azərbaycanın Eosen yaşlı yanar şistlərinin kompleks mineraloji və geokimyəvi tədqiqatları əsasında onların əmələgəlmə şəraiti, şist neftinin yüksək potensiallığı və perspektivli sahələri (Mərkəzi Qobustanda) müəyyənləşdirilib)” adlanan mühüm elmi nəticə ilə bağlı müzakirələr alimlərimiz birgə nəşr etdirdikləri dörd yüksək nüfuzlu (“Web of Sciences” və “Scopus”da indeksləşən) xarici jurnalda və çoxsaylı konfrans materiallarında (Avstriyada, Rusiyada və s.)  əksini tapıb. Sözügedən mühüm elmi nəticə bu il Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərən Kollokviumda və Elmi şurada müzakirə olunub və təsdiqlənib.

Əldə olunan elmi yenilik Şərqi Azərbaycanda sintetik şist neftinin alınması ilə əlaqədar yüksək perspektivlər formalaşdırır ki, bu da yaxın gələcəkdə onların qeyri-ənənəvi resurslar kimi istifadəsini labüd edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: