Dekabrın 8-də AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.
İlk öncə tədbir iştirakçıları dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada həlak olanların xatirəsini bir dəqiqə sükutla yad ediblər.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov gündəlikdə duran məsələlər haqqında ümumi məlumat verib. O, “Gənc tədqiqatçı” jurnalının növbəti sayının Akademiyanın bütün elmi bölmələrini əhatə etməsinin zəruriliyini bildirməklə, bu istiqamətdə Şura sədrlərini fəallıq göstərməyə dəvət edib.
Redaksiya heyətinin üzvi, dosent Faiq Məmmədov “Gənc tədqiqatçı” jurnalının 2-ci sayı üçün artıq 21 məqalənin daxil olunduğunu bildirib. O, hətta xarici ölkələrdən “Gənc tədqiqatçı” jurnalına maraq olduğunu və 2 məqalə göndərildiyini qeyd edib.
Şura sədri F.Salmanov AMEA-nın bəzi institutları üzrə Gənc Alim və Mütəxəssislər Şuralarının sədrlərinin dəyişdirilməsini əsas gətirərək, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının da bir çox bölmə katiblərinin yeniləri ilə əvəz olunmasının məqsədəuyğunluğunu qeyd edib. Beləliklə, Şuranın Fizika-Riyaziyyat və Texnika elmləri bölməsi katibliyi AMEA Fizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova, Humanitar elmlər bölməsi katibliyi isə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yıgıtoğluya həvalə olunub.
Sonda F.Salmanov Şura sədrlərinə hesabatla bağlı tapşırıqlarını verib.
İclasda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvləri – fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roidə Rzayeva, yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov, İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Məmməd Həşimov və Gəncə Bölməsi Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov çıxış edərək təkliflərini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir