Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.12.2015 15:33
  • A-
  • A
  • A+

Sumqayıt Kimya Sənaye Parkı və “Azərkimya” İB-nin fəaliyyətində AMEA-nın iştirakı genişləndiriləcək

Sumqayıt Kimya Sənaye Parkı və “Azərkimya” İB-nin fəaliyyətində AMEA-nın iştirakı genişləndiriləcək

Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev AMEA Rəyasət Heyətinin iclasında Sumqayıt Kimya Sənaye Parkı və “Azərkimya” İB-nin fəaliyyətində AMEA-nın iştirakının genişləndirilməsi perspektivlərinə həsr olunmuş məruzə ilə çıxış etdi. Bildirdi ki, Azərbaycan kimya elminin prioritet istiqamətlərindən biri kimi Sumqayıt Kimya Sənaye Parkının yaradılmasında kimyaçı alimlərin iştirakının genişləndirilməsi qarşıya bir vəzifə kimi qoyulmuşdur. Alim AR Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında bu məsələni xüsusi vurğuladığını bildirdi. Onun sözlərinə görə, qeyd olunan vəzifənin aktuallığı dünya iqtisadiyyatının hərəkətverici qüvvəsi sayılan texnoparkların və sənaye parklarının iqtisadiyyatın biliklər və innovasiyalar əsasında formalaşmasına, kommersiya məhsuluna çevrilməsinə, elmə ayrılan vəsaitin səmərəliyinin yüksəldilməsinə xidmət etməsi ilə müəyyən olunur.  

Sumqayıt Kimya Sənaye Parkı və “Azərkimya” İB-nin ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsi, kimya sənayesinin formalaşması və təkmilləşməsi kimi mühüm vəzifələri həyata keçirdiyini deyən məruzəçi bu prosesin səmərəliyinin əhəmiyyətli dərəcədə bilik və ixtiraların texnologiyalara, onların isə rəqabət qabiliyyətli yeni məhsullara çevrilməsindən asılı olduğunu dilə gətirdi. Bu baxımdan Sumqayıt Kimya Sənaye Parkı və “Azərkimya” İB ilə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlıq imkanlarının real zəmin üzərində formalaşdırılmasının və inkişaf etdirilməsinin tərəflər üçün faydalı olacağına əminliyini ifadə etdi.

İclasda, həmçinin AMEA-nın yeni strukturu təsdiq olundu, akademik İsmayıl İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi, AMEA Rəyasət Heyətinin Elm və təhsil idarəsinin strukturunda dəyişlik edilməsi, Fizika, İqtisadiyyat institutlarının Elmi şuralarının yeni tərkibinin müəyyənləşdirilməsi, Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının tərkibində dəyişiklik edilməsi barədə qərarlar qəbul edildi.

İclasda kimya, fizika-riyaziyyat və texnika elmləri üzrə 2015-ci il Nobel mükafatı laureatları haqqında da məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: