Mayın 30-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Allaberdi Aşırov ilə görüşüb.
Görüşdə, həmçinin Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov, Məhtimqulu Fəraqi adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun direktor müavini fil.e.d. Həzrətqulu Durdıyev, şöbə müdiri, fil.ü.f.d. Çarı Kulıyev və böyük elmi işçi Dövlətgəldi Seyidov da iştirak ediblər.
Əvvəlcə qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası, AMEA-nın yeni loqotipi və Akademiya əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Görüşdə çıxış edən akademik İsa Həbibbəyli qonaqları Azərbaycanda görməkdən şad olduğunu bildirib. Qeyd edib ki, ötən il Türkmənistanda olarkən professor Allaberdi Aşırov ilə görüşü zamanı onu ölkəmizə dəvət edib və bu, alimin Azərbaycana ilk səfəridir.
Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyev Türkmənistanla əlaqələrin inkişafına böyük önəm verərək bu istiqamətdə bir çox mühüm addımlar atdıqlarını bildirən akademik İsa Həbibbəyli, eyni zamanda Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun da ölkələrimiz arasında münasibətlərin güclənməsində önəmli rol oynadıqlarını vurğulayıb. Diqqətə çatdırıb ki, bu gün dövlət başçılarımızın açdığı yolda Azərbaycan-Türkmənistan əlaqələri bütün sahələrdə, o cümlədən, elm, təhsil, mədəniyyət istiqamətində də inkişaf etməkdədir.
AMEA rəhbəri, həmçinin Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun da son illərdə Azərbaycan-Türkmənistan əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətləri olduğunu deyib.
Bu il böyük türkmən şairi, mütəfəkkiri, dövlət xadimi Məhtimqulu Fəraqinin 300 illik yubileyinin UNESCO səviyyəsində dünyada, o cümlədən ölkəmizdə qeyd olunduğunu deyən akademik İsa Həbibbəyli ədibin Türkmənistanın birliyinin təmin olunması yolunda yorulmadan çalışdığını bildirib. Qeyd edib ki, Azərbaycanda Məhtimqulu Fəraqiyə böyük sevgi var, onun haqqında bir çox kitablar yazılıb, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən şairin “Divanı” Azərbaycan dilinə tərcümə olunaraq çap edilib.
Akademik İsa Həbibbəyli bu gün həm də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzinin açılış mərasiminin və “Məhtimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfransın keçiriləcəyini deyib, həmin mərkəzin ölkəmizdə Türkmənistan evinə, mədəniyyət və ədəbiyyat mərkəzinə çevriləcəyini söyləyib.
AMEA rəhbəri professor Allaberdi Aşırovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-Türkmənistan elmi, mədəni əlaqələrinin inkişafında yeni səhifə olacağını diqqətə çatdırıb.
Sonra çıxış edən Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Allaberdi Aşırov qonaqpərvərliyə və səmimi qəbula görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, dövlət başçılarımız elmi, ədəbi, mədəni sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açıblar. O, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzinin açılmasının ölkələrimiz arasında əməkdaşlığa növbəti töhfə olacağını deyib.
Görüşdə, həmçinin Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov çıxış edərək Türkmənistan və Azərbaycan xalqlarının tarixi köklərə və eyni adət-ənənələrə malik olduğunu söyləyib, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində akademik İsa Həbibbəylinin mühüm xidmətlərinə toxunub, səmimi qəbula görə minnətdarlığını bildirib.
Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.