Azərbaycan Respublikasında “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədər 2024-cü il üzrə Yol xaritəsi”nin tapşırıqlarına müvafiq olaraq 2022-2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Scopus bazasına daxil olan jurnallarda 236 məqalə çap etdiriblər. Sözügedən məqalələrə 460 istinad edilib.
Scopus portalında göstərilən məlumata görə Kimya Elmləri Bölməsinin İnstitutları 15 sentyabr 2024-cü ilə kimi Scopus Bazasında indeksləşən jurnallarda 2089 məqalə çap etdiriblər ki, onların da 837-i Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, 638-i Neft- Kimya Prosesləri İnstitutunun, 332-i Polimer Materialları İnstitutunun və 288-i Aşqarlar Kimyası İnstitutunun payına düşür.
Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən 31 elmi müəssisə arasında Kataliz və Qeyri-üzvi Kimya İnstitutu Scopus bazasında çap olunan məqalələrin ümumi sayına görə 4-cü yerdədir (2023-cü ildə 3-cü yerdə qərarlaşmışdı).
Beynəlxalq Scimago portalında elmi məhsuldarlığa görə elmi-tədqiqat qurumlarının reytinq cədvəlində 2023-cü ildə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən cəmi 3 elmi-tədqiqat institutu yer alıb ki, onlardan da biri Kataliz və Qeyri-üzvi Kimya İnstitutudur (digərləri, Fizika İnstitutu və Riyaziyyat və Mexanika İnstitutu). Scimago reytinq cədvəlinə dünyanın 20000-ə yaxın elmi müəssisə, təşkilat və universitetlərindən cəmi 9054-ü daxil edilmişdir: onların arasında 5 Azərbaycan universitetləri, AMEA və yuxarda qeyd edilən 3 elmi-tədqiqat institutu var.
Scopus bazasına daxil olan jurnallarda institut əməkdaşları qeyri-üzvi materialşünaslıq, kataliz, fiziki kimya, polimerlər və kimya mühəndisliyi sahəsində elmi axtarışların nəticələrini nəşr etdirir və müxtəlif beynəlxalq konfranslarda məruzə ilə çıxış edirlər.
Dilqəm TAĞIYEV, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.