Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

İqlim dəyişmələri və Azərbaycanda çayçılığın inkişaf perspektivləri
24.09.2024 12:18
  • A-
  • A
  • A+

İqlim dəyişmələri və Azərbaycanda çayçılığın inkişaf perspektivləri

Azərbaycan Respublikasının Lənkəran-Astara bölgəsi rütubətli subtropik ərazilərdə yerləşir. Bölgənin iqlim-torpaq şəraiti çayçılığın inkişaf etdirilməsində xüsusi yer tutur. Buranın mülayim iqlim şəraiti, yağmurun və nisbi rütubətin bol olması həm çay bitkiləri, həm də sitrus meyvələrinin becərilməsi üçün unikal mühit hesab edilir. Bölgənin iqlim komponentləri - temperatur, yağmurların, nisbi rütubətin, ərazinin işıqlanması, atmosfer havasının və təbii su mənbələrinin saflığı çay bitkisininn inkişaf mərhələlərinə, fizioloji və biokimyəvi proseslərinə müsbət təsiri nəticəsində, becərilən çay bitkisinin məhsuldarlığına və çayın keyfiyyət göstəricilərinə təsir edən müsbət ekoloji amillərdir. Lakin son illərdə reyal təsir mövqeyinə səbəb olan iqlim dəyişiklikləri, çay bitkisinə müəyyən qədər təsir göstərir. Bu müasir təsir amilini nəzərə alaraq, çay bitkisinin boy və inkişafı, yarpaqlarda bioloji fəal birləşmələrin, xüsusilə də keyfiyyət göstəricisi olan - flavonoidlərdən - tanin, tanin-katexin kompleksi, kofein və ekstraktiv maddələrin - fotosintez, metal ionları, xlorofilin yarpaqdakı miqdarı tədqiq edilmişdir. Flavonoidlərin antioksidant xassələri öyrənilmişdir. Quru çaydan alınmış ekstraktiv maddələr və qeyd edilmiş biokimyəvi komponentlər, çayın keyfiyyət təməlidir.

Azərbaycan Respublikasının təbii sərvətinə çevrilmiş çayçılıq təsərrüfatları subtropik bölgənin yayılmış torpaqlarının 60-70%-ni təşkil edir. Lənkəran-Astara və Balakən-Zaqatala bölgəsində kənd təsərrüfatının iqtisadiyyatına tam olaraq daxil olmuş çayçılıq və çay bitkisinin becərilməsi əhalinin gəlir mənbəyinə çevrilmişdir. Ərazilərin iqlim şəraiti və insanların fədakar əməyi çay becərilən ərazilərinin becərilən torpaq sahələri dəfələrlə genişləndirilmiş, çay növünün becərmə üsulları, aqrotexniki qulluq və suvarma usullarının müasir texniki qurğular damcı və çiləmə üsulundan istifadə olunmasının tətbiq edilməsi, bitkinin boy və inkişafını, məhsuldarlığını artırmaq istiqamətdə elmi-nəzəri tədqiqatlar səviyyəsinə çatdırılmışdır.

Son illər iqlim dəyişməsi ilə əlaqədar olaraq, çay bitkisinə təsir edən ekoloji amillər ₋ temperatur, nisbi rütubət, işıqlanma, yağıntıların miqdarı, atmosfer havasındakı zəhərli qazlar və s. çay bitkisindən yan keçmir. Yuxarıda qeyd etdiyimizlə yanaşı, çay yarpaqlarının keyfiyyət göstəriciləri çayçı alimlərin qarşısında duran ən prioritet məsələlərdən biri olaraq qalmaqdadır

Tədqiqat 2020-2023-cü ildə Lənkəran-Astara ərazisində, eyni zamanda Lənkəran Regional Elmi Mərkəzin ekspermental sahəsində Çin çayı  ̶ Thea sinensis bitkisi üzərində aparılmışdır.

Çay tarlaları respublikamızda düzən yerlərdə yerləşmişdir. Ərazilərin çox az faizi aşağı dağ yamaclarında yerləşmişdir. Bu ərazilər 600, 700 və 1200 m hündürlükdə yerləşir. Dünyanın əksər ölkələrində çay bitkisi dağ yamaclarında becərlir. Son illər Lənkəran Regional Elmi Mərkəzin təcrübə sahəsində isbat edilmişdir ki, dağ yamaclarındakı çay bitkisinin həm fizioloji və biokimyəvi göstəriciləri, düzənlik ərazilərdən xeyli üstündür. Məhz buna görə də çayçılığn inkişafı yollarından biri olaraq dağ ətəyi yamaclardan istifadə edilməsidir.  

Ekoloji amillər bitkilərin həm fizioloji və biokimyəvi prosesində, həm də boy və inkişaf proseslərində mühüm rol oynayır. Bu baxımdan, Lənkəran-Astara bölgəsinin subtropiq və rütubətli ərazilərində çay növmüxtəlifliyinin becərilməsində xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görə də Yerin relyefinfən asılı olaraq, düzənlik ərazilərdə temperatur göstəricisi, dağətəyi sahələrdən fərqli olaraq yüksəkdir. Bəzi ərazilərdə temperatur ritmik olaraq dəyişir. Beləki, yaz-yay fəslində atmosfer havasının temperaturu səhər saatlarından günortaya qədər artan istiqamətdə, günortadan axşama doğru nisbətən azalır. Hər bir bitki növünün müsbət və mənfi temperatura davamlılıq hüdudu vardır. İstilik ekoloji amil olaraq canlılar aləminə geniş spektirdə təsir edir. O, bütün canlı aləmə ya birbaşa, ya da dolayı yolla təsir edir, enerji mübadiləsini tənzimləyir. Bitkilərin və eləcədə heyvanat aləminə təsir edərək, onların çoğrafi ərazilərdə yayılmasını təmin edir. İstilik amili fəsillərdən asılı olaraq geniş diapozonda dəyişir, o enerji formasıdır.  Yarpaqlarda fotosintezin fəallığı “Fotosintezmetrlə”, xlorofilin miqdarı isə “Xlorofilmetrlə” təyin edilmişdir.

Torpaq tipindən asılı olaraq çay bitkisinin inkişafı müxtəlif ərazilərdə eyni olmur. Bu müxtəliflik torpaqların pH göstəricisindən çiddi surətdə asılıdır. Lənkəran-Astara bölkəsində keyfiyyətli çay məhsulu almaq üçün torpağın pH göstəricisi turş torpaqlarda 4,0-4,5 və ya 4,5-5,0 arasında olmamalıdır. Bu göstərici sarı-podzollu torpaqlarda 4,5-5,5-dən yüksək olmamalıdır. Dağ yamaclarında isə pH göstəricisi 4,0-4,5 olduqda, torpağın humus qatından asılı olub, ərazilərin yuyulmasından asılı olaraq dəyişir.

Çay bitkisi atmosfer havasının nisbi rütubətinə çox həssas olduğundan, torpaq rütubətinin yüksək olması, onlara mənfi təsir göstərir. Belə ərazilərdə qrunt suyu torpağın üst qatına yaxın olduqda, onun inkişafı nisbətən zəifləyir. Bölgədə uzunmüddətli quraqlıqdan sonra (yay ayları), payızda yağıntıların miqdarı kəskin artarsa, bitkilərdə arzuolunmaz əlamətlər (yanıqlar) əmələ gələ bilər. Torpaq səthinin quruması quraqlığın artması nəticəsində baş verir. Torpaqdakı rütubətin azalması, çay bitkilərinə ciddi təsir göstərir, bitkilərin inkişafı zəifləyir, boyatma daryanır. 

Apardığımız tədqiqat dövründə (2020-2023-cü illər) temperatur göstəricilərində müşahidə olunan artım Yer kürəsində baş verən iqlim dəyişmələri ilə Izah edilə bilər. Bu artım ilk növbədə işıqlanma dövrünün uzanması və işıqlanma şiddəti ilə təsdiqlənir. Bu dövr iyul və avqust 2021-ci ildə müşahidə edilmiş, 3-4 gün davam etmişdir (+350-370C). Bu müddət ərzində çay kollarında heç bir zədələnmə əlaməti qeydə alınmamış və eksperiment təcrübələrində tərəfimizdən öz təsdiqini tapmış və Çin çay növmüxtəlifliyinin +400 C temperatura dözümlü olduğu təsdiqlənmişdir.

Tərəfimizdən aparılmış tədqiqtlar nəticəsində aydın olmuşdur ki, Lənkəran-Astara bölgəsinin yay fəslindəki temperatur göstəriciləri Aralıq dənizi bölgələrinin temperatur göstəricilərinə xeyli yaxındır. Məhz bu göstəricilərə görə Çin çay növmüxtəlifliyinin Lənkəran-Astara bölgəsində becərilməsi məqsədyönlü olub, əkin sahələrinin genişləndirilməsi məqsədi ilə geniş imkanlar vardır. Dağ ətəyi ərazilərdə çay bitkisinin becərilməsi iqtisadi cəhətdən həm də səmərəlidir. Çünki, Çin çay növmüxtəlifliyi tarixi inkişafına görə meşəaltı ərazilərdə yayılmış, Günəş işığının səpələnmiş spektrlərinə uyğunlaşdığından, dağ yamaclarında həm fotosintezin, həm də yarpaqlarda xlorofilin biosintezi daha məhsuldar olur. Elmi ədəbiyyatlar və apardığımız tədqiqat nəticəsində bəlli olmuşdur ki, dağ yamacları çay bitkisinin vegetasiya dövrünə mikroiqlim amili kimi təsir edir, bitkinin boy və inkişaf dövrlərinin optimal keçməsinə şərait yaradır.

Rütubətli subtropik bölgə olan Lənkəran-Astarada çay bitkisinin becərilməsində ekoloji amil olan yağıntılar mühüm şərtdir. Torpaq və atmosfer havasının rütubətliyini yağıntılar təmin edir. Bölgədə yağmurun miqdarı eyni olmayıb, dəyişgəndir. Müxtəlif illərdə, fəsil və aylarda onun miqdarı eyni olmur. Aşağı ərazilərdə, düzənliklərdə nisbətən az (580-650 mm), dağ yamaclarında (600, 700 və 1000 m hündürlükdə) yağmurların miqdarı, təxminən 2 dəfə artıq, yüksək ərazilərin nisbi rütubəti və dəniz sahili ərazilərlə müqayisədə nisbi rütubət  xeyli yüksək olur. Yağıntıların miqdarının illər üzrə dəyişgən olması, son illər iqlim dəyişmələrinin nəticəsi kimi dəyərləndirilməlidir.

Atmosfer havasının temperaturun 30-320C qədər artması ilə çay bitkisində “balıq” yarpaqlar formalaşır, havanın nisbi rütubəti 60% düşdükdə “fleş” yarpaqlar kiçik və kütləsi azalır. Suvarma ardıcıl aparmadıqda və torpaq rütubətinin azalması, cavan zoğların boy artımı zəifləyir və qalınlaşır. Torpaqda metal ionlarının, xüsusilə ₋ Fe, Mg, Al, Mn çatışmadıqda fotosintez zəif gedir. Belə hallarda yarpaqlarda ₋ flavonoidlərdən ₋ tanin, katexin-tanin kompleksi azalır, kofein isə artır.

H.ƏSƏDOV, K.SADIQOVA, Dendrologiya İnstitutunun Ekologiya və iqlimləşdirmə şöbəsi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: