Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Doğruya qovuşan həqiqət aşiqi
25.09.2024 14:36
  • A-
  • A
  • A+

Doğruya qovuşan həqiqət aşiqi

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru, professor, şair, şərqşünas, pedaqoq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Məcməüş-şüəra” (“Şairlər məclisi”) ədəbi məclisinin sədri, bu ədəbi məclisin tarixini yazıb 2006-cı ildə “Təzkireyi-Şahin” adı ilə nəşr etdirən  Şahin Fazil sözün, şeirin, sənətin qədrini bilən, igidliyi, mərdliyi təbliğ edən, zəfərə səsləyən, qəhrəmanları yaradıcılığında yaşadıb qəlblərə, hafizələrə həkk etdirdən qələm sahibidir. Elm və sənət adamı, zamanı  dəyərləndirən, tarixi yorulmadan tədqiq edib qoruyan, vətənini, dilini, şeiri, sənəti sevib sevdirən insan haqqında keçmiş zamanda nəinki yazmaq, düşünmək belə ağırdır.

27 mart 1940-cı ildə Quba şəhərində anadan olub Şahin Fazil adı ilə tanınan Şahin Fazil oğlu Fərzəliyev 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU)  Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1964-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. İş həyatına universiteti bitirməmişdən sonuncu kursdan başlamış, 1963–1966-cı illərdə Əfqanıstanda tərcüməçi, 1966–1968-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində dekan müavini, 1968–1970-ci illərdə yenidən Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1970–1973-cü illərdə EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alıb 1974-cü ildə namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə etmiş, 1974–1978-ci illərdə bu institutun Orta əsrlər tarixi şöbəsində elmi işçi vəzifəsində çalışmış, 1978–1982-ci illərdə Əfqanıstanda üçüncü dəfə tərcüməçi vəzifəsində işləmiş, 1983–1985-ci illərdə institutun baş elmi işçisi olmuş, 1985–1988-ci illərdə yenidən Əfqanıstanda tərcüməçilik fəaliyyətini davam etdirmişdir. Azərbaycana qayıtdıqdan sonra Tarix İnstitutunda aparıcı və baş elmi işçi vəzifəsində fəaliyyətini davam etdirən alim Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Lənkəran Dövlət Universitetində dərs demişdir. 1996-cı ildə “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, elmə növbəti töhfəsini bəxş etmişdir. Azərbaycan tarixçisi, şairi, şərqşünas və tərcüməçisi Şahin Fazil 2016-cı ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, Əfqanıstanın üç dövlət medalı və SSRİ-nin fəxri fərmanları, AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur. 1997-ci ildən tarix üzrə elmlər doktoru, 2004-ci ildən professor olan Şahin Fazil 300-dən çox çapdan çıxmış elmi əsərin, o cümədən 40-dan çox elmi, bədii və tərcümə kitabının müəllifidir. Bioqrafiyasına qısa nəzər belə tarix mənzərəsi yaradır. Sənətkarın həyatının, elmi və bədii yaradıcılığının detallarına varmaq isə bir məqalə həcminə sığmaz.

Bu dəfə nədənsə yalnız yaradıcılığı deyil, gözəl sənət nümunələri yaradıb ədəbiyyata, tarixə töhfələr bəxş edən istedad sahibinin özü haqqında da  yazmaq istəmişdim. “Şahin Fazilin “Meylimə imkan eləyən Şahinəm” qəzəli sənətkarın təqdimatı kimi” məqaləmi yazıb yeni tamamlamışdım ki, hələ də inana bilmədiyim, daha dəqiq desəm, qəbul edə bilmədiyim bu xəbəri eşitdim: Şahin müəllimin dünyasını dəyişdiyini. Şahin Fazil 18 avqust 2024-cü ildə Bakı şəhərində vəfat etmişdi. Sənətkara deyiləsi sözlərim, veriləcək suallarım, ən əsası zəngin, gözəl yaradıcılığı ilə elmimizə və poeziyamıza dinamik şəkildə bəxş etdiyi töhfələrə, möhtəşəm söz gülüstanından yaratdığı cənnətə görə edəcəyim böyük təşəkkürüm qaldı. Şahin Fazilin punktuallığı, məsuliyyəti və təəssübkeşliyi məni əmin etmişdi ki, onu yenə də AMEA-da iş otağında iş masasının arxasında görəcəyəm. Yaxşı ki, ondan ümumilikdə elmi, tərcümə və  poetik yaradıcılığı, xüsusən tədqiqata cəlb edəcəyim irihəcmli divanlar pentologiyasını, professor Qəzənfər Kazımovun adlandırdığı “Divanlar Xəmsəsi”ni necə yazdığını, buna necə zaman çatdırığını soruşmuş və heyrətimi bildirmişdim. Cavabında təbəssümlə əlindəki qələmi göstərib bu “daim mənimlədir”, − demişdi. Fikrini tamamlayarkən iş masasının arxasındakı şkafda səliqə ilə düzülmüş kitablarını göstərərək qeyd etmişdi ki, bütün bunların yaranma səbəbi istək, həm də zəhmətdir, istedad, həvəs, istək olandan sonra sən hər anın dəyərini bilib onu zəhmətinlə reallaşdırmağa çalışmalısan.

Şahin Fazilin zəngin elmi və bədii yaradıcılığı sənətkarın tanrının ona əmanət etdiyi həyatın bir anını belə boş keçirmədiyinin, hər anın dəyərini bilib ömür möhlətinə necə böyük məsuliyyət, hörmət və ehtiramla yanaşdığının isbatıdır. Özünün söylədiyi kimi:

Şahinəm, vaxtımı mən boş yerə öldürməmişəm,

Vaxtı öldürməyə bir zərrə də vaxtım yoxdur.

Sənətkar bu dünyadan borclu getmədi: vətən, xalq, sənət, bəşər qarşısında vəzifəsini ləyaətlə icra edib örnək olmağı bacaran insanlardan oldu. Onu tanıyanlardan haqqında eyni sözü eşitdim: kişi adamdır!

Zəhməti, elmi  şüar edən, dilini, mənəvi dəyərləri qoruyan, insanlara müsbət ideallar aşılayan Şahin müəllim çoxsaylı səfərlərindən sonra sonuncu səfərinə hazırlaşıb Doğruya doğru, yəni Allaha doğru getdiyini oxucusu ilə də  paylaşdı:

Doğru gedə bilməz oğruya doğru,

Doğruyam, gedirəm doğruya doğru!

Bu onun 1224 səhifəlik “Doğruya doğru” kitabının epiqrafı idi. Bu epiqrafı Şahin müəllimin özünütəqdimi, həyat və yaradıcılığının lakonik hesabatı kimi dəyərləndirirəm. Tanrıya doğru gedən sənətkar Doğru Olan Allaha və bütün doğru yol tutanlara müraciətlə yazdığı dini-dünyəvi şeirlərini təsadüfi deyil ki, məhz “Doğruya doğru” adı ilə təqdim etdi, haqq dünyasına yol alarkən həyat fəlsəfəsini də müfəssəl şəkildə şərh etdi. Bioqrafiyası, fəaliyyəti izlənilərkən, möveyini bildirdiyi məqamların necə də dəqiqliklə reallığı əks etdirməsi, haqqın, ədalətin mühafizəçisi olub, həqiqətə, dürüstlüyə sadiqliyi də bəşər üçün gözəl nümunədir. Mən  Şahin müəllimi daim ehtiramla xatırlayacaq, zəngin yaradıcılığından divanlar pentalogiyasını, səfərnamələrini tədqiqata cəlb etməkdə davam edəcəyəm. Sənətkar dəyərləndirilir və dəyərləndiriləcək. Nə gözəl ki, Şahin  müəllim öz dəyərini bilmiş, bu mövzuya da münasibətini bildirmişdi:

Yurdumun doğruçu bir şairi − mən!

Ölü olsam da haçansa, diri    mən!

Hər gedən Doğruya doğru getmir,

Gedənin Doğruya doğru biri  − mən!

Azərbaycan dilinin təmziliyi, saflığı uğrunda daim mübarizə aparan, müasir poeziyamızda xəlqi qəzələli var edən, vətənə məhəbbət dolu qəlbin sahibinə nə gözəl ki, Qarabağın işğaldan azad olduğunu görmək nəsib oldu, fərəhlənib zəfər şeirləri də yaza bildi. Doğruya doğru getdiyi yolda həqiqətə, dürüstlüyə sadiq qalan Şahin müəllim tutduğu düzgün mövqe, uğurlu fəaliyyəti, zəfər sevincinin ona bəxş etdiyi qəlb rahatlığına görə Tanrıya  təşəkkür etməyi də unutmadı. “Ömür bizə sınaq üçün verilib. Həyat imtahanından alnıaçıq, üzüağ çıxmağı bacarmalıyıq”, − deyirdi həqiqət aşiqi Şahin müəllim. Sənətkar həyatın sınaqlarından mərdliklə çıxdı, sənət hesabatını uğurla tamamladı. Doğruya qəlb rahatlığı ilə qovuşdu. Divanlar pentologiyasını ümumilikdə gülüstanlar silsiləsi, cənnət adlandırdığım sənətkar, məkanın cənnət olsun!

İlahə DADAŞOVA, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı, Azərbaycan İdman Akademiyasının müəllimi filologiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: