Yanvarın 21-də AMEA Rəyasət Heyətində Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirilib.
Tədbiri giriş sözü ilə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov açıb. Bugünkü görüşün əhəmiyyətini vurğulayan alim bölmə qarşısında duran əsas vəzifələrdən söz açıb. Bildirib ki, əsas hədəflərimizdən biri BTEB-in kadr potensialını gücləndirilmək və gəncləri elmi-tədqiqatlara cəlb etməkdir.
Alim Akademiyanın magistratura pilləsi üçün dərslik və dərs vəsaitlərinin hazırlanması məsələsinə də toxunub. Qeyd edib ki, Akademiyanın masgitratura pilləsində, eyni zamanda ölkənin ali məktəblərində təhsilin keyfiyyətini yüksəldilməsi baxımından prioritet elmi istiqamətlərdə dərs vəsaitləri hazırlanmalıdır.
O, Akademiya institutlarında xarici dil kurslarının təşkil olunmasının vacibliyini də qeyd edib. Həmçinin vurğulayıb ki, elmi-tədqiqat və təcrübə məqsədilə xarici ölkələrə ezamiyyətə göndərilmiş bölmə əməkdaşları Elmi Şura qarşısında hesabatla çıxış etməlidirlər. Akademik alim və tədqiqatçıları dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında daha çox məqalə çap etməyə səsləyib.
Ə.Əmiraslanov 2016-cı ilin may ayında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Axundovun anadan olmasının 100 illiyi münasibətilə AR Prezidentinin 15 yanvar 2016-cı il tarixində imzaladığı Sərəncamı xatırladıb. Bu məsələ ilə bağlı qərar layihəsinin hazırlanması barədə BTEB-ə tapşırıq verib.
İclasda, həmçinin AMEA-nın müxbir üzvü İlham Şahmuradovun “Bioinformatika üzrə terminlər lüğəti”nin nəşri məsələsinə baxılıb.
Sonda bir sıra kadr məsələləri müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir