Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
23.11.2024 18:42
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti genişləndirilmiş astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Aynurə Həsənova “Gənc tədqiqatçılar üçün beynəlxalq əməkdaşlığın əhəmiyyəti və bu sahədə qrant layihələrinin rolu” mövzusunda məruzə ilə çıxış edib.

Seminarda gənc astronomların xaricə inteqrasiyasının başlıca şərtləri, beynəlxalq əməkdaşlığın əhəmiyyəti, gənclərin bu sahədə rolu və vəzifələrindən danışılıb. Gənc tədqiqatçıların beynəlxalq təcrübə və mübadilə proqramlarında, elmi konfranslarda, yay məktəblərində, qısamüddətli elmi səfərlərdə iştiraklarının əhəmiyyəti, gənclərin bu istiqamətdə fəaliyyətləri kimi məsələlərə toxunulub. Həmçinin gənc astronomların xaricə inteqrasiyasında beynəlxalq qrant layihələrinin verdiyi töhfələr, bu layihələrə qeydiyyat və iştirak şərtləri şərh edilib.

Avropa Komissiyasının nəhəng layihəsi olan “Horizon Avropa” proqramı üzrə Milli Əlaqələndirici Şəxslərdən biri kimi Aynurə Həsənova, həmin proqram çərçivəsində Maria Sklodovskaya-Küri təqaüd proqramı və COST proqramı barədə ətraflı məlumat verib. O, seminar iştirakçılarını Maria Sklodovskaya-Küri Fəaliyyəti çərçivəsində fərdi və qrup şəklində tədqiqat imkanları, doktorantura və postdoktorantura səviyyəsində fərdi təqaüd təklifləri ilə tanış edib. ŞAR-ın gənc alimlərinin də iştirakçısı olduğu COST Fəaliyyəti, bu proqram çərçivəsində layihələrə qoşulma qaydaları və həmin layihələrdə maksimum fəallıq göstərmənin aspektlərini diqqətə çatdırıb.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışın yekununda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: