Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.02.2015 16:13
  • A-
  • A
  • A+

Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda seminar keçirilib

Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda seminar keçirilib

Fevralın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin, dövlətçilik fəlsəfəsinin tədqiqi və geniş təbliği məqsədilə “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda növbəti elmi-praktik seminar keçirilib.

Tədbirdə ictimai-siyasi xadimlər, ali təhsil və elm müəssisələrinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə Mərkəzin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva bu qurum tərəfindən Ulu Öndərin zəngin irsinin tədqiqi və təbliği məqsədilə silsilə elmi-praktik seminarların təşkil edildiyini bildirib.

Qeyd edilib ki, fəaliyyətə başladığı gündən Heydər Əliyev Mərkəzi ölkəmizdə və onun hüdudlarından kənarda nüfuzlu elm və mədəniyyət ocağı kimi böyük şöhrət qazanıb. Ümummilli Lİderin çoxşaxəli həyatını, siyasi fəaliyyətini, zəngin irsini öyrənməyi, təbliğ və tədqiq etməyi, bunu gələcək nəsillərə çatdırmağı qarşısına əsas məqsəd qoyan Heydər Əliyev Mərkəzi tərəfindən bu istiqamətdə müxtəlif elmi, mədəni tədbirlər, konfranslar, bilik yarışmaları, simpoziumlar təşkil olunur. Bu baxımdan mərkəz tərəfindən müxtəlif mövzularda keçirilən “Heydər Əliyev irsi” silsiləsindən elmi-praktik seminarlar böyük əhəmiyyət kəsb edir.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Ulu Öndərin həyatı, zəngin fəaliyyəti, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verib.

Akademik A.Əlizadə ötən əsrin 70-80-ci illərində Azərbaycan elminin inkişafında, milli kadr potensialının formalaşmasında, Azərbaycan dilinin inkişafında, eləcə də müstəqillik illərində elmimizin yeni inkişaf mərhələsinə qədəm qoymasında ümummilli lider Heydər Əliyevin rolunu təhlil edilib, Ulu Öndərin azərbaycançılıq ideologiyasının formalaşması istiqamətində xidmətlərini, elm və mədəniyyət xadimlərinə qayğısını diqqətə çatdırıb.

AMEA-nın prezidenti bildirib ki, müasir Azərbaycanın hər bir sahəsində ulu öndər Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünür və bu istiqamətlər sırasında elm sahəsinin xüsusi yeri var.

Akademik qeyd edib ki, həm sovet hakimiyyəti illərində, həm də müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ulu öndər Heydər Əliyev Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib. Elmə belə həssas münasibətin bütün respublika miqyasında yaratdığı intellektual atmosferdə elm və mədəniyyət xadimləri elmi potensialın qorunması, inkişaf etdirilməsi işinin milli dövlət quruculuğundakı əhəmiyyətini daha dərindən anlayıb, Ulu Öndərin verdiyi mənəvi stimul alimlərimizi yeni-yeni elmi nailiyyətlərə ruhlandırıb.

Akademik A.Əlizadə Ümummilli Liderin sovet hakimiyyəti illərində həyata keçirdiyi elm siyasətinin nəticəsi olaraq qazanılan nailiyyətlərin onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin sosial-iqtisadi inkişafının əsas dayaqları olduğunu vurğulayıb.

Bildirilib ki, bu gün AMEA-nın 70 illik tarixinə nəzər salarkən bu elm məbədinin xalqımızın tarixi taleyində necə mühüm rol oynadığının bir daha şahidi oluruq. Akademiyanın inkişafının böyük bir mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Akademiyada Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, dilinin, milli mənəvi dəyərlərinin tədqiqi istiqamətindəki araşdırmaların aparılmasında Heydər Əliyevin uzaqgörən siyasəti mühüm rol oynayıb. 1969-cu ildə Ümummilli Liderin hakimiyyətə gəldiyi zaman Azərbaycanın aqrar bir respublika olduğunu diqqətə çatdıran akademik həmin dövrdə ölkəmizdə yeni mərhələnin başlandığını bildirib. Nəzərə çatdırılıb ki, elmin strateji əhəmiyyətini düzgün qiymətləndirən Ulu Öndərin elm və texnologiya sahəsinin inkişafına xüsusi diqqəti nəticəsində ötən əsrin 70-ci illərində Azərbaycanda riyaziyyat elmi, kimya, neft emalı və neft-kimya sənayesi sürətlə inkişaf edib, astronomiya, kosmik tədqiqatlar sahəsində də bir sıra mühüm nailiyyətlərə imza atılıb.

Seminarda AMEA-nın prezidenti, həmçinin ulu öndər Heydər Əliyevin milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasındakı rolundan da danışıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoyub. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilib, hər il xaricə 800 tələbə yola salınıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətlərini müxtəlif dövrlər üzrə interaktiv təqdimatlarla xarakterizə edən AMEA prezidenti Ulu Öndərin müstəqillik illərində yenidən hakimiyyətə gəlişindən sonra bu sahədə növbəti inkişaf mərhələsinin başlandığını, geniş islahatların aparıldığını diqqətə çatdırıb. Akademik, həmçinin ümummilli lider Heydər Əliyevin elm xadimlərinə, alimlərə olan diqqət və qayğısından söz açıb.

Ulu Öndərin azərbaycançılıq ideologiyasından bəhs edən akademik A.Əlizadə Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb.

Heydər Əliyev Mərkəzində keçirilən seminarın daha geniş formatda təşkili məqsədilə AMEA-nın Gəncə və Naxçıvan bölmələri ilə videobağlantılar da yaradılıb. Videobağlantılar zamanı Gəncə və Naxçıvan sakinləri, elm adamları Heydər Əliyev Mərkəzində təşkil olunan mövzunun müzakirəsində iştirak ediblər.

Qeyd edək ki, Heydər Əliyev irsinin öyrənilməsi üzrə seminarlar Heydər Əliyev Mərkəzində mütəmadi təşkil edilir. Layihə çərçivəsində ölkənin tanınmış elm adamları Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyur, çıxışlar ətrafında interaktiv müzakirələr aparılır. İctimaiyyət üçün açıq olan bu seminarların gələcəkdə fərqli mövzularda və fərqli formatda davam etdirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: