Fevralın 3-də AMEA prezidenti, akademik Akif Əlizadə Akademiyanın üç bölməsinin - Biologiya və Tibb Elmləri, Yer Elmləri və Aqrar Elmlər bölmələrinin doktorantları ilə görüşüb.
Tədbirdə bu bölmələr üzrə 2015-ci ildə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı sahəsində doktoranturaya qəbulun nəticələri müzakirə edilib.
Görüşdə akademik A.Əlizadə hər bir doktorantın dissertasiya mövzusu ilə tanış olub. Mövzular ətrafında fikir mübadiləsi aparılıb.
AMEA-nın rəhbəri dissertasiya mövzularının müasir dövrdə elmin qarşısında duran əsas vəzifələrə və tələblərə uyğun seçilməsinin zəruriliyini və bunun əsasında cəmiyyətdə elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən tədqiqatların işlənməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, hər bir namizədin mövzusu ilə bağlı apardığı elmi tədqiqat və araşdırmalar mühüm sosial-mədəni və iqtisadi əhəmiyyət daşımalıdır.
Akademik A.Əlizadə elmi bölmələrə dissertasiya mövzularının seçilməsi zamanı müvafiq elmi sahənin perspektiv inkişafı üçün əhəmiyyətli hesab edilən mövzulara üstünlük verilməsini tövsiyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.