Fevralın 5-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə İran İslam İnqilabının 37-ci ildönümünə həsr olunan “İran müasir mərhələdə” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva iki ölkə arasındakı müxtəlif sahələrdə mövcud əlaqələrdən söz açıb, rəhbərlik etdiyi elmi müəssisədə Şərq ölkələrinin, xüsusilə İranın tarixinin, ictimai-siyasi həyatının, ədəbiyyatının geniş tədqiq olunduğunu söyləyib.
G.Baxşəliyeva İran İslam Respublikası üzərindən bu yaxınlarda iqtisadi sanksiyaların götürüldüyünü qeyd edib, bunun İran dövlətin bütün sahələrdə hərtərəfli inkişafına geniş imkanlar açacağını və ölkənin ictimai-siyasi, iqtisadi həyatına müsbət təsir göstərəcəyini vurğulayıb.
Sonra çıxış edən İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayi ölkələrimiz arasındakı dostluq münasibətlərindən söz açıb, bu əlaqələrin inkişafını yüksək qiymətləndirib. Qeyd edilib ki, İranın çətin zamanlarında Azərbaycan dövləti hər zaman ona dəstək olub, dostluq, qardaşlıq nümayiş etdirib. O, bu münasibətlərin genişləndirilməsində elm adamlarının və ziyalıların rolunu xüsusi qeyd edib.
M.Pakayi İran İslam inqilabından, bu dövlətin inqilabdan sonrakı və müasir vəziyyətindən söz açıb. Diplomat inqilabdan sonrakı dövrdə ölkədə bütün sahələrdə aparılan islahatlar barədə məlumat verib.
İnstitutun İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Vidadi Mustafayev İran İslam inqilabından, qələbədən sonra ölkənin hərtərəfli inkişafından və burada aparılan iqtisadi islahatlardan danışıb.
İranın Azərbaycandakı səfirliyin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi ölkəsinin sülh tərəfdarı olduğunu, sanksiyaların aradan qaldırılmasının təkcə İran üçün deyil, bütün region üçün əhəmiyyətini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.