Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.02.2016 14:45
  • A-
  • A
  • A+

Xocalı faciəsi tarixin qanlı səhifəsidir

Xocalı faciəsi tarixin qanlı səhifəsidir

Fevralın 25-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində bu elmi müəssisənin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Əsrin faciəsi” adlı tədbir keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi anılıb.

Respublikanın müvafiq orta təhsil ocaqlarının müəllim və şagirdlərinin, Azərbaycanda təhsil alan xarici tələbələrin iştirak etdiyi tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı erməni qəsbkarlarının torpaqlarımızda törətdikləri qanlı cinayətlərdən danışıb.

N.Vəlixanlı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə məkrli ermənilərin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri faciələrin heç vaxt yaddan çıxmayacağını diqqətə çatdırıb. Qeyd olunub ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir.

Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Xocalı faciəsinin erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir səhifəsi olduğunu qeyd edib. O, Xocalı və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq aləmdə yayılması istiqamətində görülən işlərdən söz açıb.

Daha sonra Xocalı soyqırımı haqqında ingilis dilində hazırlanmış qısametrajlı film nümayiş etdirilib.

Tədbir Binəqədi rayonu 244 saylı məktəbin şagirlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: