Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.09.2025 16:04
  • A-
  • A
  • A+

“Akademik Üzeyir Hacıbəyli və Azərbaycan musiqi mədəniyyəti” adlı respublika konfransı keçirilib

“Akademik Üzeyir Hacıbəyli və Azərbaycan musiqi mədəniyyəti” adlı respublika konfransı keçirilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Akademik Üzeyir Hacıbəyli və Azərbaycan musiqi mədəniyyəti” adlı respublika elmi konfransı keçirilib.

Konfransı giriş nitqi ilə açan AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini  akademik Teymur Kərimli Milli Musiqi gününün AMEA-nın bütün institut və təşkilatlarında bayram təntənəsi ilə qeyd edilməsini bildirib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən Milli Musiqi Gününün Respublikamızda qeyd edildiyini vurğuladı. Ölkə başçısının müvafiq sərəncamına əsasən Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilən bugünkü tədbirin AMEA müəssisələrində keçirilən növbəti tədbir olduğunu qeyd etdi. Üzeyir Hacıbəylinin təkcə bəstəkar kimi deyil, eyni zamanda musiqi nəzəriyyəçisi, pedaqoq, dramaturq və publisist, həm də diplomat kimi tanındığını söyləyib. Musiqili komediyanın banisi, böyük musiqişünas-alim, ictimai xadim Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığından, onun yüksək mənəvi dəyərə malik irsindən bəhs edib. Qeyd olunub ki, Üzeyir Hacıbəyli parlaq bədii dühası sayəsində Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verib. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan bu görkəmli şəxsiyyətin milli musiqimizdə köklü dönüş yaratmış əsl dahi olduğunu diqqətə çatdıran alim Üzeyir Hacıbəyli musiqisinin Azərbaycan xalqının ruhunu, ədəbiyyatını və tarixini mükəmməl şəkildə əks etdirdiyini diqqətə çatdırıb.

Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Üzeyir Hacıbəylini dahi və universal şəxsiyyət kimi səciyyələndirərək onu İtaliyada intibah dövründə yaşayıb yaradan hərtərəfli dünyagörüşə malik olan universal sənətkarlarla müqayisə etməyin mümkünlüyünü vurğulayıb.  Dahi bəstəkarın təşkilatçılıq fəaliyyətini xüsusi qeyd edərək AMEA-nın 15 nəfər təsisçisindən birinin Üzeyir Hacıbəyli olduğunu, həmçinin Memarlıq və İncəsənət İnstitutunun yaradılmasının da məhz Üzeyir Hacıbəylinin təşəbbüsü olduğunu

 bildirən alim bu mühüm addımın Azərbaycan milli musiqisinin formalaşmasının əsası olduğuna diqqət çəkib. Dahi bəstəkarın Azərbaycan Milli Konservatoriyasının təşəkkül tapmasında xüsusi rolu olduğundan bəhs edib. Respublikamızda musiqişünaslıq elmi sahəsində bəstəkarın yaradıcılığının kifayət qədər tədqiq olunduğuna toxunub.

Ərtegin Salamzadə bəstəkarın musiqi elmində təkrarsız xidmətindən, musiqişünaslıq elminin banilərindən biri kimi onun dünya mədəniyyətinə təsirindən danışıb. Yalnız Polşada araşdırilan statistik göstəriciyə görə 2012-ci ilə qədər “Arşın mal alan” operettasının 1500 dəfə səhnələşdirilməsini diqqətə çatdırıb.

Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Rəna Məmmədova “Üzeyir Hacıbəyli musiqi türkologiyasının banisi kimi”, şöbə müdiri, sənətşünaslıq doktoru, professor İradə Köçərlinin “Dahi Üzeyir Hacıbəylinin elmi irsinə bir baxış”, şöbə müdiri, sənətşünaslıq doktoru, professor Nailə Rəhimbəylinin “Ənənələrin sintezi və mədəniyyətin müasirləşməsi: Üzeyir Hacıbəylinin irsinin kulturoloji aspektdən təhlili”, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadənin “Akademik Üzeyir Hacıbəylinin “Arazbarı” sı və eyniadlı zərbli muğama dair””, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasovun “Üzeyir Hacıbəyli yaradıcılığında bəşəri və milli dəyərlərin vəhdəti”, institutun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov “Üzeyir Hacıbəylinin musiqili komediyalarında milli kimliyin təcəssümü”, sənətşünaslıq ü.f.d., dosent Ülkər Talıbzadə “Üzeyir Hacıbəyli və Azərbaycan ədəbiyyatı: ədəbi mövzular obrazların təfsiri”, sənətşünaslıq ü.f.d., dosent Nərminə Ağayeva “Üzeyir Hacıbəyli operettalarını yaşadan artist Səttar Güldür”, sənətşünaslıq ü.f.d., dosent Fəridə Quliyeva “Üzeyir Hacıbəyli və cavidlər ailəsi”, sənətşünaslıq ü.f.d Nəzmin Cəfərova “Üzeyir Hacıbəylinin ev-muzeyləri mədəni irsimizin keşiyində”, elmi işçi Oksana Məmmədova “Üzeyir Hacıbəylinin memorial təsvirlərdə obrazı”, kiçik elmi işçi Zeynal Bəbir “Üzeyir Hacıbəyli yaradıcılığı Azərbaycan Bəstəkarlıq məktəbi kontekstində” adlı məruzələrlə çıxış ediblər. 

Konfransda çıxış edənlər məruzələrində dahi bəstəkar, Şərqdə ilk operanın yaradıcısı, akademik Üzeyir Hacıbəylinin Azərbaycanın musiqi tarixində oynadığı roldan, Üzeyir Hacıbəylinin ictimai-siyasi və yaradıcılıq fəaliyyətindən, onun milli musiqimizə xidmət edən zəngin və qiymətli ədəbi irsindən bəhs ediblər. Bəstəkarın zəngin yaradıcılığından, musiqi sənətinin inkişafında rolundan danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: