Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

09.10.2025 12:10
  • A-
  • A
  • A+

Aida xanım İmanquliyeva ömür yolunu elmə bəxş edərək tükənməyən xəzinə yaratmışdır

Aida xanım İmanquliyeva ömür yolunu elmə bəxş edərək tükənməyən xəzinə yaratmışdır

Böyük dəniz, heç uyumayan ana... 

Sərhəd tanımayan okean,  sənə qarışacam.

    Cübran Xəlil Cübran 

Livan yazıçısı

Gəlimli-gedimli, son ucu ölümlü bu dünyada ölməzli­yi ilə Aida xanım İmanquliyeva əsərləri ilə özündən sonra böyük elmi xəzinə qoymuşdur. Akademik Nərgiz Paşayevanın qeyd etdiyi kimi: “O, sözün əsl mənasında, nadir və parlaq insan idi. Çünki onun zahiri gözəlliyi müqabilində çox zəngin daxili aləmi var idi. Həmin o zahiri gözəllik daxili gözəlliklə bir harmoniyada idi. Bu insan doğrudan da, mükəmməl əqidəyə, möhkəm prinsiplərə malik bir insan idi”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın söylədiyi kimi: “Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi”.

Həqiqətən Ulu yaradan Aida xanıma hər şey bəxş et­mişdi: gözəllik, zəka, fədakarlıq, alicənablıq, yurd sevgisi, bəşəri dəyərlərə bağlılıq. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər xanım Baxşəliyeva qeyd edir: “Aida xanım çox müdrik insan idi, insanları başa düşürdü, duyurdu və çalışırdı mümkün köməyi eləsin. Onunla elə sadəcə ünsiyyət zamanı biz çox şey öyrənirdik”.

Həqiqətən, professor Aida xanım İmanquliyeva ömür yolunu elmə bəxş edərək tükənməyən xəzinə yaratmışdır. Elm sahəsində yeniliklərə imza atan professor həm də yüksək idarəçilik keyfiyyətləri, ictimai-siyasi fəallığı, böyük vətəndaşlığı ilə seçilirdi. Dünya şərqşünaslığında ərəb məhcər ədəbiyyatının ən tanınmış tədqiqatçısı olan Aida xanım bu problemə “Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyalarını və 70-dən artıq elmi məqalə həsr etmişdir.

XX əsr Azərbaycan ictimai elmində ədəbi istiqamətdə qadın hüquqları problemini ilk dəfə Aida xanım İmanquliyeva elmi təhlilə gətirmişdir. Aida İmanquliyeva C.Cübranın “Qırılmış qanadlar” povestini təhlil edərkən qeyd edir: “Cahanda hər şey qeyri adi gözəllik, yüksək əsl-nəcabət, cəmiyyətdə tam müstəqil mövqe, çox yaxşı təhsil, böyük iradə güvvəsi, qətiyyət və cəsarət onu qalan insanlardan kəskin şəkildə fərqləndirir”.  

SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə ona “Xarici Asiya və Afrika xalqları ədəbiyyatı” ixtisası üzrə 1991-ci ilin mart ayında professor elmi adı verilmişdi. Azərbaycanda ilk qadın - ərəbşünas elmlər doktorudur. Azərbaycan şərqşünaslıq elmini xarici ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda təmsil etmişdir. Aida xanımın irəli sürdüyü müddəalar, həm də fəlsəfi mətnli baxışlardır, böyük fəlsəfi bir məktəbdir.

Mehriban xanım Əliyeva Aida xanım haqqında belə yazır: “Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdir. Eyni zamanda, o, Azərbaycan elminin düşüncələrinin, fəlsəfəsinin, islam aləmində yayılmasına nail olmuşdur. Bu gün müstəqil Azərbaycanda, demək olar ki, Aida xanımın bütün arzuları artıq reallıqdır və respublikamızın müsəlman ölkələri islam dünyası ilə nəinki elmi, mədəni əlaqələr, həm də ən yüksək səviyyədə iqtisadi, siyası əlaqələr qurubdur. Bütün bu sahələrdə Aida xanımın arzuları, onun elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir”.

Görkəmli  şərqşünas alim Aida xanım İmanquliyeva bütün ömrünü elmin inkişafına töhfə verməklə yaşamışdır.

Günel MƏLİKLİ, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: