Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Evelina Slavçeva: “Azərbaycanlı həmkarlarımızla tərəfdaşlığa və dostluğa yüksək qiymət veririk”
12.11.2025 11:15
  • A-
  • A
  • A+

Professor Evelina Slavçeva: “Azərbaycanlı həmkarlarımızla tərəfdaşlığa və dostluğa yüksək qiymət veririk”

Azərbaycanda olmaqdan, Milli Elmlər Akademiyasının belə bir mühüm tədbirində iştirak etməkdən və azərbaycanlı həmkarlarımı AMEA-nın 80 illik yubileyi münasibətilə təbrik etməkdən son dərəcə məmnunam. Bu, təkcə bu əlamətdar tarixi qeyd etmək üçün deyil, həm də Akademiyalarımız arasındakı əlaqələri bölüşmək üçündür. Elmi ideyaların irəliləməsi və elmi icmalarımız arasında körpülərin yaradılması əvəzsizdir.

Bu sözləri AMEA-nın 80 illik yubileyi çərçivəsində ölkəmizdə səfərdə olmuş Bolqarıstan Elmlər Akademiyasının (BEA) prezidenti professor Evelina Slavçeva deyib. O qeyd edib ki, AMEA ilə BEA arasında qarşılıqlı faydalı əməkdaşlıq haqqında ilk müqavilə 14 il əvvəl imzalanıb və böyüyən, genişlənən tərəfdaşlığın ilkin təməlini qoyub.

“Daha sonra 2017-ci ildə, AMEA-ya akademik Akif Əlizadə, Akademiyamıza isə Julian Revalski rəhbərlik etdiyi zaman əməkdaşlığımız davam etdi və bir il sonra, 2018-ci ildə enerji resurslarından tutmuş, iqlim dəyişikliyinə qədər geniş elmi məsələləri əhatə edən altı birgə layihə həyata keçirməyə başladıq. Biz bu layihələr üzərində üç il çalışdıq və onları uğurla başa çatdırdıq. Qeyd etmək istərdim ki, bu iş bizim üçün təkcə elmi baxımdan deyil, həm də dostluq və qarşılıqlı etimad baxımından dəyərli idi.

2018-2021-ci illər arasında o dövrdə hələ də AMEA-nın tərkibində olan Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri ilə şəxsən əməkdaşlıq etmək şərəfinə nail oldum. Azərbaycan tərəfdən layihə rəhbəri professor Akif Əliyevlə birlikdə katalizatorların keyfiyyətini və onların karbohidrogen istehsalında tətbiqini araşdırdıq. Məhz o zaman institutun direktoru akademik Dilqəm Tağıyevlə ilk dəfə görüşdüm. 2023-cü ildə səmərəli əməkdaşlığımızı gücləndirmək üçün daha bir addım atıldı. AMEA prezidenti akademik İsa Həbibbəyli və Yulian Revalski tərəfindən əməkdaşlıq memorandumu imzalandı.

Rəhbərlik etdiyim Bolqarıstan Elmlər Akademiyası adından azərbaycanlı həmkarlarımı əmin etmək istəyirəm ki, biz tərəfdaşlığımıza və dostluğumuza yüksək qiymət veririk və bütün bu müddət ərzində gördüyümüz işləri davam etdirməyə açıq və hazırıq. Əminik ki, tərəqqiyə gedən yol həmişə əməkdaşlığa, sərbəst mübadiləyə və dərin hörmətə əsaslanır. AMEA alimlərinə ilham, kəşflər və uğurlar arzulayıram”, - deyə professor Evelina Slavçeva bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: