AR ETN akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunan seminar keçirilib.
Seminar Ulu öndər Heydər Əliyevin, akademik Yusif Məmmədəliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, seminar Azərbaycan Respublikasının Prezidentinin 5 iyul 2025-ci il tarixində imzaladığı “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncam çərçivəsində təşkil edilib. Akademik Yusif Məmmədəliyevin elmi irsinin Azərbaycan kimya elminin inkişafındakı rolundan danışaraq bildirib ki, Yusif Məmmədəliyev yalnız Azərbaycan elminin deyil, həm də dünya kimya elminin inkişafında müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Onun elmi fəaliyyəti neft-kimya sahəsində fundamental tədqiqatların əsasını qoymuş, respublikamızda bu istiqamətdə elmi məktəbin formalaşmasına və beynəlxalq elmi nüfuzun artmasına ciddi töhfə vermişdir. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir. Aromatik, parafin və sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik algilləşdirmə sahəsindəki tədqiqatları aviasiya yanacaqlarının yüksəkkeyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan vermişdir. Yusif Məmmədəliyev Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görülmüşdür. Xüsusilə qeyd etmək lazımdır ki, həmin dövrdə sovet sənayesində yüksək oktanlı benzin və sintetik yanacaqların alınması üzrə aparılan elmi-tədqiqat işləri müharibə iqtisadiyyatının ən kritik sahələrindən biri idi. Məhz bu istiqamətdə akademik Məmmədəliyevin araşdırmaları hərbi aviasiyanın yanacaq təminatının yaxşılaşmasına mühüm təsir göstərib
D.Tağıyev qeyd edib ki, akademik Yusif Məmmədəliyev Azərbaycanın elmi idarəetmə sisteminin formalaşmasında mühüm rol oynayıb. Belə ki, akademik Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri, Azərbaycan EA-nın ilk kimyaçı akademiki olmuş və həmin ildə də Azərbaycan EA-nın prezidenti seçilmişdir. Onun bu quruma rəhbərliyi dövründə (1947-50-ci və 1958-61-ci illərdə) Azərbaycan EA-nın elmi-tədqiqat müəssisələrində yeni laboratoriyalar yaradılıb, müasir elmi avadanlıqlar tətbiq olunub, gənc tədqiqatçıların yetişməsi üçün xüsusi elmi mühit formalaşdırılıb. Yusif Məmmədəliyevin rəhbərliyi ilə aparılan elmi-təşkilati fəaliyyət nəticəsində ölkəmiz postsovet məkanında nüfuzlu tədqiqat mərkəzlərindən birinə çevrilib. Alimin mühüm töhfələrindən biri də Azərbaycan kimya elminin beynəlxalq arenada tanıdılması, dünyanın aparıcı elmi mərkəzləri ilə əlaqələrin qurulması olub.
Qeyd etmək lazımdır ki, Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır. Yusif Məmmədəliyev Lenin ordeni, Qırmızı Əmək Bayrağı və Şərəf nişanı ordenləri həmçinin medallarla təltif edilmişdir. Y.H.Məmmədəliyev 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.
Sonra institutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, çıxış edərək Y.Məmmədəliyevin 1934-cu ildən başlayaraq elmi-tədqiqat işləri ilə paralel olaraq Bakı Dövlət Universitetində (BDU) asistent, dosent və professor vəzifələrində çalışdığını, 1945-ci ildə BDU-da “Neft-kimyası” kafedrasını yaratdığını və ömrünün axırına kimi ona rəhbərlik etdiyini qeyd etdi. 1954-1958-ci illərdə BDU-nun rektoru olduğunu dinləyicilərin nəzərə çatdırdı. O, qeyd etdi ki, akademikin kimya elminə verdiyi ən böyük töhfələrdən biri benzolun propilenlə alkilləşdirilməsi üsulunun işlənib hazırlanması, yəni izopropilbenzolun (kumolun) sintezi olmuşdur. Bu kəşf İkinci Dünya müharibəsi illərində SSRİ aviasiyasının yüksək oktanlı yanacaqla təmin edilməsində həlledici rol oynamışdır. Məhəmməd Babanlı qeyd etdi ki, Yusif Məmmədəliyevin toluol sintezi üzərində apardığı işlər müharibə dövründə tank əleyhinə qarışığın hazırlanmasında mühüm əhəmiyyət daşımışdır. Sovet qaynaqlarında da vurğulandığı kimi, müharibədə qələbənin əldə olunmasında “Mikulinin motorları, Yakovlevin təyyarələri və Məmmədəliyevin benzini” həlledici olmuşdur.
Sonra, professor Arif Əfəndi, dosent Samirə Cəfərova akademik Yusif Məmmədəliyevin elmi və pedaqoji, təşkilatçılıq fəaliyyəti haqqında məruzələrlə çıxış etdilər. Onlar öz çıxışlarında vurğuladılar ki, Yusif Məmmədəliyevin kataliz, neftin pirolizi, hidrogenləşmə–dehidrogenləşmə kimi proseslər üzrə tədqiqatları müasir hidrogen energetikasının formalaşmasına nəzəri baza yaratmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.