AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Tokio Universitetinin birgə təşkil etdiyi “Azərbaycan-Yaponiya Damcılı beynəlxalq arxeoloji ekspedisiyası”nın 2023-cü ildə Qazax rayonu, Daş Salahlı kəndi ərazisində yerləşən eyniadlı mağarada apardığı tədqiqatların nəticələrini əks etdirən məqalə nüfuzlu beynəlxalq elmi jurnalda dərc olunub.
Məqalə Qafqaz, Yaxın Şərq və Orta Asiya arxeologiyası üzrə ən nüfuzlu beynəlxalq nəşrlərdən biri olan, Scopus (Elsevier) və “Web of Science” (Clarivate) platformasının Emerging Sources Citation Index (ESCI) kimi bazalarında indeksləşən, Fransa Elmi Tədqiqatların Milli Mərkəzi (CNRS) tərəfindən nəşr olunan “Paléorient” jurnalının 52-ci sayında yer alıb.
“Daş Salahlı Orta Paleolit mağara düşərgəsinə (Azərbaycan, Cənubi Qafqaz) yeni baxış: Mağara və Daş alət kompleksi” (Revisiting the Middle Paleolithic site of Dashsalakhly Cave (Azerbaijan, South Caucasus): Cave and Lithic assemblage) adlı məqalənin müəllifləri Tokio Universitetinin (Yaponiya) professoru Yoşihiro Nişiaki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları – aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov, elmi işçi Ülviyyə Səfərova və aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovdur.
Məlum olduğu kimi, Daş Salahlı Orta Paleolit mağara düşərgəsi 1958-ci ildə arxeoloq Məmmədəli Hüseynov tərəfindən qeydə alınaraq öyrənilib. Bu məqalədə - 65 il sonra, 2023-cü ildə həmin abidədə aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov və professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə aparılan çöl tədqiqatlarının xülasəsi əks olunur və 1958-ci ildə aşkar olunmuş daş alətlər yenidən təhlil edilir.
Mağaranın yerinin müəyyənləşdirilməsi və işin təşkili “Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu”nun direktoru Musa Mursaquliyev və qoruğun əməkdaşlarının, eləcə də “Avey Dövlət Tarix-Mədəniyyət Qoruğu”nun o dövrki rəhbəri Səadət Əliyevanın dəstəyi ilə gerçəkləşib.
Qeyd edək ki, mağaranın uzun müddət tədqiqatlardan kənarda qalması onun Ermənistan Respublikası ilə sərhəddə yerləşməsi və təhlükəsizlik məsələləri ilə əlaqəli idi. 44 günlük Vətən müharibəsindən sonra bir çox ərazilərdə, o cümlədən Daş Salahlı mağarasında tədqiqatları bərpa etmək mümkün olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.