Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan Milli Elmlər Akademiyasının yaranması” adlı monoqrafiya nəşr olunub
15.11.2016 09:55
  • A-
  • A
  • A+

“Azərbaycan Milli Elmlər Akademiyasının yaranması” adlı monoqrafiya nəşr olunub

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tamilla Kərimovanın “Azərbaycan Milli Elmlər Akademiyasının yaranması” adlı monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Müəllif monoqrafiyanın birinci fəslində Azərbaycanda elmin təşəkkülünün və milli ziyalıların formalaşmasının əsas mərhələlərini təhlil edərək, bu prosesin köklərinin tarixin dərinliklərinə gedib çıxdığını qeyd edir. Fəsildə sovet hakimiyyətinin ilk illərində Azərbaycanda elmin inkişafı ilə bağlı atılan addımlar təhlil edilir, ilk elmi təşkilatların və elmi idarəetmə orqanlarının yaradılması, Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkili, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitunun, SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan Şöbəsinin fəaliyyəti ilə bağlı məsələlər işıqlandırılır.

Müəllif bu elmi müəssisələrin yaradılması və fəaliyyətini əsas götürərək Azərbaycanda elmi müəssisələr sisteminin təşkili və formalaşması prosesini üç ardıcıl mərhələyə (1920-1929, 1929-1932 və 1932-1935-ci illər) bölmüşdür. Ötən əsrin 20-ci illərində Azərbaycan tarixi sahəsində aparılan tədqiqatlara, arxeoloji işlərə, etnoqrafik araşdırmalara, elmi biliklərin yayılması üçün maarifləndirmə işinə kitabda xüsusi yer ayrılmış, bu istiqamətdə Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyəti xüsusi vurğulanmışdır. 

Monoqrafiyanın ikinci fəslində Azərbaycan SSR Elmlər Akademiyasının təşəkkülü prosesi təhlil edilmişdir. Müəllif bu prosesi iki tarixi dövrə (1935-1941-ci illər, 1941-1945-ci illər) ayıraraq, hər dövrün xüsusiyyətlərini ayrıca araşdırmışdır. Azərbaycanda elmin yeni, daha yüksək səviyyəyə çatdırılmasında SSRİ EA Azərbaycan Filialının (EAAzF) yaradılması mühüm addım olmuşdur. Monoqrafiyada filialın təşkili ilə bağlı görülmüş işlər geniş işıqlandırılmış, onun elmi fəaliyyətinin əsas istiqamətləri təhlil edilmişdir.

Kitabın müvafiq bölməsində Azərbaycan elminin faşizm üzərində ümumi qələbənin əldə edilməsində göstərdiyi xidmətlər işıqlandırılmışdır. Kitabda Azərbaycan elmi-tədqiqat müəssisələrinin, müxtəlif alimlərin yeni silah-sursat, yanacaq-sürtkü növlərinin yaradılması, elmin istehsalatla əlaqələrinin genişləndirilməsi, xüsusən cəbhənin ehtiyacları üçün lazım olan neft-qaz, benzin istehsalının artırılması istiqamətində fəaliyyətləri ətraflı işıqlandırılmışdır. 

Nəşrin mühüm məziyyətlərindən biri də burada Elmlər Akademiyasının təşəkkül dövrünü, elmi müəssisələrin, alimlərin fəaliyyətini əks etdirən 200-dən çox fotoşəklin yer almasıdır.

Baş elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadənin olduğu “Azərbaycan Milli Elmlər Akademiyasının yaranması” monoqrafiyası geniş mənbə bazasına və ədəbiyyata əsaslanaraq hazırlanmış fundamental tədqiqat əsəridir.

Kitaba ön söz yazmış Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun da qeyd etdiyi kimi, T.Kərimovanın “Azərbaycan Milli Elmlər Akademiyasının yaranması” əsəri akademiyamızın yaranması tarixinə həsr olunmuş ilk əhatəli və sanballı tədqiqatdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: