Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.11.2016 13:45
  • A-
  • A
  • A+

AMEA Şəki Regional Elmi Mərkəzində prioritet elmi istiqamətlərdə araşdırmalar aparılır

AMEA Şəki  Regional  Elmi  Mərkəzində prioritet elmi istiqamətlərdə araşdırmalar aparılır

AMEA Şəki Regional Elmi Mərkəzi (ŞREM) əldə etdiyi mühüm elmi nəticələrə və həyata keçirdiyi innovativ layihələrə görə bu gün Akademiyanın öndə gedən qurumlarından biridir. Hazırda Elmi Mərkəzdə 90 nəfərə yaxın elmi və texniki işçi çalışır. Onlardan 3 nəfəri elmlər doktoru, 10 nəfəri fəlsəfə doktorlarıdır. Mərkəzdə yarandığı dövrdən bugünədək 200-dən çox elmi məqalə, 40-dan yuxarı kitab çap olunmuş, 17 patent əldə edilmişdir.

Şəki Regional Elmi Mərkəzinin yaranma tarixinə dair

Şəki Zona Elmi Bazası 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Akademiyanın Fizika İnstitutunun nəzdində yaradılmışdır. Bu müəssisənin yaradılmasında məqsəd Şəki-Zaqatala iqtisadi rayonunun sənaye və kənd təsərrüfatını daha da inkişaf etdirmək, elmin qabaqcıl nailiyyətlərini istehsalata tətbiq etməklə səmərəliliyi artırmaqdan ibarət idi.

1995-ci ildə Akademiyanın Rəyasət Heyətinin növbəti qərarına əsasən Şəki Zona Elmi Bazasına Şəki Regional Elmi Mərkəzi statusu verilmişdir. 2014-cü ildə AMEA-nın yeni Nizamnaməsinə uyğun olaraq, Şəki Regional Elmi Mərkəzin yeni Nizamnaməsi qəbul edilmiş və AR Ədliyyə Nazirliyində 16 noyabr 2015-ci ildə qeydə alınmışdır. Buna uyğun olaraq, Elmi Mərkəzdə struktur dəyişiklikləri həyata keçirilmiş, laboratoriyalar şöbə adlandırılmışdır.

Mərkəzin əsas fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər

Hazırda ŞREM-də 8 şöbə fəaliyyət göstərir. Şöbələrin fəaliyyət istiqamətlərinə görə yeni adları Landşaftşünaslıq, Ekoloji coğrafiya, Bitkilərin biokimyası, Molekulyar biofizika, Tut ipəkqurdunun seleksiyası, Bitkilərin genofondu və biomüxtəliflik, Folklorşünaslıq və el sənətləri, Tarixi irs və etnoqrafiyadır.

ŞREM-də aşağıdakı istiqamətlərdə tədqiqat işləri aparılır: geoloji təhlükələrin proqnozlaşdırılması, tibbi geologiya, iqlim dəyişmələri, Şəki-Zaqatala Bölməsində dağıdıcı proseslərin və səhralaşmanın tədqiqi, tibbi və sintetik biologiya, Azərbaycan aqrar islahatlar dövründə innovasiya əsaslı iqtisadi yüksəlişin nəzəriyyə və metodologiyasının inkişaf etdirilməsi, işıq enerjisinin effektiv udulması, çevrilməsi və ötürülməsində iştirak edən molekulyar və tənzimləyici mexanizmlərin tədqiqi, Azərbaycanın müxtəlif rayonlarının aqrosistemlərinin inteqrasiyası və differensiasiyası problemlərinin tədqiqi, mədəni, iqtisadi, tarixi, arxeoloji və elmi irsin qorunması və tədqiqi, aşkarlanması, sistemləşdirilməsi.

Mərkəzdə son 5 ildə ipək çıxımı 8-10% artıq olan xəstəliyə dözümlü tut ipəkqurdu xətləri yaradılmışdır. Biostimulyatorların tut ipəkqurdunun məhsuldarlığına təsiri öyrənilmişdir. Gön-dəri, yun məhsullarının yeni alınmış təbii boyaq maddəsi ilə rəngləmə üsulu təklif edilmişdir. Həmçinin sel, onu yaradan amillər, formalaşmasının qarşısının alınması məqsədilə təkliflər hazırlanmışdır.

Yeni alma və armud sortlarının yaradılması, polimetal filiz yataqlarının axtarışında indikatorların rolunun öyrənilməsi, bölgə folklorunun toplanması, tədqiqi və folklor muzeyinin yaradılması da Mərkəzdə həyata keçirilən mühüm tədbirlər sırasındadır.

ŞREM AMEA-nın institut və təşkilatları ilə, Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumları ilə,həmçinin beynəlxalq qurumlarla elmi-texniki əməkdaşlıq edir

Şəki Regional Elmi Mərkəzi elmi-tədqiqat işlərinin fəaliyyət istiqamətlərinə görə bir sıra elmi müəssisələrlə – Geologiya və Geofizika, Radiasiya Problemləri, Tarix, Genetik Ehtiyatlar, Botanika, Molekulyar Biologiya və Biotexnologiya, Folklor, Arxeologiya və Etnoqrafiya, Coğrafiya, İdarəetmə Problemləri institutları ilə elmi-texniki əməkdaşlıq edir, birgə layihələr həyata keçirir. ŞREM-in əməkdaşları xaricdə və respublikada keçirilən müxtəlif təyinatlı beynəlxalq konfrans və simpoziumlarda iştirak edirlər. Mərkəzin nəzdində El Sənətləri Muzeyi fəaliyyət göstərir ki, burada regiona aid onlarla eksponat nümayiş etdirilir. Burada müasir tipli çap maşınları olan mətbəə qurulmuşdur. Bu mətbəə vasitəsilə regioanda qəzet, jurnal, buklet, kitab və s. nəşr etdirmək mümkündür. 2014-cü ildə ŞREM-in nəzdində Kitab evi yaradılmış və bura AMEA rəhbərliyi tərəfindən çoxlu sayda kitab hədiyyə edilmişdir. Kitab evində regionun oxucuları, əsasən də tələbələr müxtəlif elmi və bədii ədəbiyyatı həm ala, həm də buradan kitabxana kimi yararlana bilər. Mərkəzin rəhbərliyi və əməkdaşları Şəki Şəhər İcra Hakimiyyəti, Şəki Təhsil şöbəsi və digər dövlət qurumlarının təşkil etdiyi tədbirlərdə yaxından iştirak edir, yerli və mərkəzi mətbuatda, o cümlədən Azərbaycan Teleqraf Agentliyinin xətti ilə Elmi Mərkəzdə aparılan tədqiqat işləri və əldə edilən nəticələr barədə müntəzəm olaraq məqalələr dərc etdirir və məlumatlar verirlər. Eyni zamanda, Şəkinin Kanal S televiziya kanalında müxtəlif mövzularda vaxtaşırı çıxışlar edir və yenilikləri işıqlandırırlar.

ŞREM-də aparılan elmi-tədqiqat işlərinə dair yarımillik hesabatın nəticələri

ŞREM-də yarım il ərzində aparılan elmi araşdırmaların nəticələrinə görə, Şəki rayonunun Baş Şabalıd kəndi ərazisində olan təbii fitosenoz sahəsində meyvə bitkilərinin, xüsusən tumlu, çəyirdəkli və qərzəkli meyvə bitkilərinin genetik pasportlaşma işinə başlanmışdır. Tumlu meyvə bitkilərinin göz calağını aparmaq məqsədilə cari ildə Zaqatala rayonun ərazisində olan xalq seleksiyası (retro) yolu ilə yaradılmış sortların əvvəlcədən müəyyən edilməsi işi yerinə yetirilmişdir. Bir neçə il bundan əvvəl yığılmış 33 alma sortlarının məktəbli pitomnikindən köçürülərək, genofond bağında əkini yerinə yetirilmişdir. 

Yarımillikdə, həmçinin bədmüşk, başınağacı, quşarmudu, cökə, qafqaz xurniyi, qırmızı yemişan, qara yemişan, şabalıd, ağcaqayın və qaratikan bitkilərindən nümumələr nektarlılıq dərəcəsini təyin etmək məqsədi ilə fiksasiya edilmişdir. 

ŞREM beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində də bir sıra nailiyyətlərə imza atıb. Belə ki, Bolqarıstan Aqrar Universiteti ilə hər iki ölkə arasında aqrar təsərrüfatda fundamental və tətbiqi tədqiqat sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. ŞREM-lə Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının İpəkçilik və Əkinçilik Təcrübə-Sınaq Stansiyası arasında 2016-2020-ci illər üçün elmi-texniki əməkdaşlıq haqqında müqavilə bağlanıb. Mərkəzin əməkdaşları Bolqarıstan, Rumıniya, Türkiyə, Rusiya və digər ölkələrdə keçirilən 16 konfransda iştirak ediblər, onların konfrans materiallarında çoxlu sayda tezisləri çap olunub.

28-30 sentyabr 2016-cı il tarixlərində ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlünün rəhbərliyi ilə mərkəzin 6 nəfər əməkdaşı Gürcüstanın Tbilisi şəhərində Gürcüstan Kənd Təsərrüfatı Akademiyası və Şota Rustaveli adına Elm Fondu tərəfindən təşkil edilən Beynəlxalq elmi konfransda iştirak etmiş və 4 məruzə ilə çıxış etmişlər.

Cari ildə ŞREM əməkdaşları tərəfindən 2 impakt faktorlu jurnalda məqalə dərc edilmişdir.

Bütün bu faktlar ŞREM-in ölkə hüdudlarından kənarda da uğurla təmsil olunduğunu, bu müəssisədə Azərbaycan elminin beynəlxalq aləmdə tanıdılması yönündə mühüm nailiyyətlərə imza atıldığını sübut edir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: