Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA prezidenti, akademik Akif Əlizadənin İKT ilinin yekunlarına həsr olunmuş tədbirdə ÇIXIŞ NİTQİ
10.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA prezidenti, akademik Akif Əlizadənin İKT ilinin yekunlarına həsr olunmuş tədbirdə ÇIXIŞ NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Bu gün Azərbaycanın tarixində çox əlamətdar bir gündür. Düz bir il bundan öncə 2013-cü il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarıldı. Bu, ölkə tarixində çox mühüm hadisə idi. Bu tarixi addım ölkəmizdə istənilən sahədə mütərəqqi informasiya texnologiyalarını tətbiq etməklə innovativ inkişafa nail olmaq, beynəlxalq aləmə inteqrasiya olunmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Bu münasibətlə Azərbaycanın daha işıqlı gələcəyi üçün qlobal əhəmiyyət daşıyan və böyük perspektivlər vəd edən bu kimi layihələrin reallaşdırılmasında böyük iradə və qətiyyət nümayiş etdirən hörmətli cənab Prezident İlham Əliyevi, o cümlədən hörmətli nazir Əli Abbasovu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarını, bir sözlə, bu işdə əməyi olan bütün mütəxəssisləri təbrik edirəm.

Eyni zamanda dövlət başçısı tərəfindən 2013-cü ilin İKT ili elan edilməsi ilə bağlı aparılan kompleks işlərin yekununa həsr olunan belə bir tədbirin özü də Azərbaycanın sosial-iqtisadi həyatında önəmli hadisədir.

Ümummilli lider Heydər Əliyev və İKT

- İKT-2013 həm də ulu öndər Heydər Əliyevin 10 il bundan öncə Azərbaycanda informasiya cəmiyyətinin formalaşması məqsədlərinə xidmət edən Milli Strategiya çərçivəsində qarşıya qoyduğu hədəflərin həyata keçirilməsinin zirvə ilidir. Ümummilli liderin Fərmanı ilə 2003-2012-ci illər üçün nəzərdə tutulmuş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” ölkəmizdə İKT sektorunun möhkəm təməlinin formalaşmasına zəmin yaratdı. Məhz onun rəhbərliyi altında ölkədə informasiya cəmiyyətinin formalaşması və İKT-nin tətbiqi üçün qanunvericilik bazasının əsası qoyuldu, xalqımızın yüksək elmi tutumlu texnologiyalara malik olması istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başladı. Dünyada gedən qloballaşma proseslərini uzaqgörənliklə təhlil edən Heydər Əliyevin İKT-nin strateji əhəmiyyətini düzgün qiymətləndirməsi, bu sahənin inkişafına xüsusi önəm və diqqət yetirməsi sayəsində hazırda Azərbaycan Respublikası informasiya texnologiyaları sahəsində qabaqcıl dövlətlərdən biridir.

2013-cü ilin İKT ili elan edilməsi ilə bağlı Tədbirlər Planı çərçivəsində AMEA-da görülən işlər

- Bildiyiniz kimi, dövlət başçısı İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı işlənilmişdir. Həmin Tədbirlər Planında Milli Elmlər Akademiyasının da üzərinə müəyyən vəzifələr qoyulmuşdur. Bu vəzifələrin həyata keçirilməsi istiqamətində Elmlər Akademiyasında mühüm işlər görülmüşdür. İKT ili ilə bağlı Tədbirlər planı üzrə AMEA-nın Fəaliyyət planı hazırlanmışdır. Fəaliyyət planı çərçivəsində il ərzində kompleks tədbirlər həyata keçirilib.

Belə ki, akademiyanın kompüter şəbəkəsi olan AzScienceNet-in ölkə üzrə infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülüb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də dəstəyi ilə AMEA-nın institut və təşkilatlarının 90%-inin lokal kompüter şəbəkələri fiber-optik xətlər vasitəsilə İnternetə qoşulmuşdur. Nəticədə Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının, alimlərin İnternet trafikinə olan tələbatı təxminən 3 dəfə artmışdır. Bundan əlavə, institut və təşkilatlarda Wi-Fi (VayFay) zonaları yaradılmış, AzScienceNet şəbəkəsində yeni İnternet xidmətləri istifadəyə verilmişdir.

Akademiyanın Rəyasət Heyətinin informasiyalaşdırılması istiqamətində də zəruri tədbirlər görülmüşdür. Mərkəzi Aparatın kommunikasiya-şəbəkə infrastrukturu, struktur bölmələrinin fəaliyyəti müasir informasiya texnologiyaları əsasında yenidən qurulmuş, onlayn informasiya resursları yaradılmışdır. Akademiyanın science.az portalına olan müraciətlərin sayı il ərzində əvvəlki ilə nisbətən 2 dəfə artaraq bir milyonu ötmüşdür. Bu yaxınlarda ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş, regionda ən qabaqcıl kitabxanalardan olacaq Elmlər Akademiyasının İnformasiya Resursları Mərkəzi də fəaliyyətə başlayacaq.

AMEA-da Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafı istiqamətində görülən tədbirlər

- Alimlərimizin qarşısında duran mühüm vəzifələrdən biri də Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin virtual məkanda təsbit olunması, qorunması və inkişafıdır. Bu istiqamətdə də zəruri tədbirlər görürük.

Burada xüsusi olaraq, “Wikipedia” ensiklopediyasının imkanlarını qeyd etmək istəyirəm. Azərbaycan həqiqətlərinin təbliğində bu resurs böyük potensial imkanlara malikdir. İnstitutlarımızda viki-qruplar təşkil olunur ki, bu da ölkəmizlə bağlı mühüm əhəmiyyət kəsb edən məqalələrin, kitabların və digər məlumatların həmin ensiklopediyada öz əksini tapmasına əsaslı təsir edəcək. Bununla yanaşı, viki-mühitdə real və potensial təhlükə mənbələrini vaxtında aşkar etmək, ölkəmizə qarşı aparılan informasiya müharibəsinə qarşı çevik və effektli adekvat tədbirlər görmək, analiz etmək məqsədilə akademiyanın institutlarında müvafiq elmi araşdırmalar aparılır, monitorinqlər keçirilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Elmin İnkişafı Fondu ilə əməkdaşlıq əlaqələri davamlı inkişaf edir

- Burada Elmlər Akademiyasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlığını da xüsusi olaraq qeyd etmək lazımdır. Bu gün RİTN və Elmlər Akademiyasının müvafiq qurumları arasında səmərəli əməkdaşlıq daha da inkişaf edir. RİTN-in dəstəyi ilə AMEA-da mühüm işlər görülür.

Əlbəttə ki, İKT layihələrinə maliyyə dəstəyi verən Elmin İnkişafı Fondunun da fəaliyyətini yüksək qiymətləndiririk. Fond hazırda ölkədə elmitutumlu bir sıra layihələrə dəstək verir, müxtəlif tədbirlərdə yaxından iştirak edir.

Elektron-elm - “Elektron Azərbaycan”ın tərkib hissəsi kimi

- Beləliklə, Elmlər Akademiyasında aparılan islahatlar, görülən işlər “Elektron Azərbaycan”ın tərkib hissəsi kimi elektron elmin formalaşmasına təkan vermişdir. Elmin bir tərəfdən təhsillə inteqrasiyası, digər tərəfdən İKT ilə konvergensiyası bu sahənin qlobal mühitə inteqrasiyasına zəmin yaratmışdır.

Əlbəttə ki, akademiyada elektron elmin formalaşması istiqamətində hələ çoxlu sayda problemlər mövcuddur. Bu problemlərdən biri də Azərbaycanın milli-mənəvi dəyərlərini özündə əks etdirən, çox əhəmiyyətli elektron elmi informasiya resurslarının yaradılması və İnternet mühitində istifadəsinin təmin edilməsidir. 70 ilə yaxın müddət ərzində alimlərimizin Azərbaycanın tarixi, ədəbiyyatı, folkloru, flora və faunası, genetik fondu və digər elmi istiqamətlər üzrə apardıqları tədqiqatlar nəticəsində əldə olunmuş məlumatları İnternet mühitində yerləşdirməklə biz, virtual Azərbaycanın formalaşdırılması və inkişafına dəstək vermiş olarıq.

Onu da qeyd etmək istəyirəm ki, Akademiyada informasiya cəmiyyətinin formalaşmasının multidistiplinar problemləri də araşdırılır. Müvafiq elmi qurumlarımız artıq informasiya cəmiyyətinin qloballaşan dünyada yaratdığı sosial, iqtisadi, psixoloji, hüquqi və digər problemlərin həllinə yönəlmiş tədqiqatlara başlanılıb.

Biliklər cəmiyyətinin lokomotivi olan milli innovativ mühitin formalaşması, alimlərimizin elmi nəticələrinin, rəqabətə dözümlü məhsulların daxili və dünya bazarına çıxarılması zəruriyyəti Azərbaycan elminin qarşısına yeni vəzifələr qoyur. AMEA-da yaxın gələcək üçün yeni elmi prioritetlər müəəyyənləşir, nano, bio və info texnologiyalara üstünlük verilir.

Yüksək intellektli insan resurslarının hazırlanması AMEA-nın qarşısında duran mühüm vəzifələrdəndir

- İnformasiya cəmiyyəti üçün yüksək intellektli insan resurslarının yetişdirilməsi akademiyanın qarşısına qoyulan əsas vəzifələrdən biridir. Cənab Prezidentin müdrik siyasəti sayəsində reallaşdırılan XXI əsrin ən iri enerji layihəsi olan “Şahdəniz 2”, eləcə də, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri layihələri də heç şübhəsiz ki, ölkədə biliklər cəmiyyətinin formalaşmasına, dünyaya inteqrasiya etməsinə, dünyanın diqqətinin Azərbaycana cəlb olunmasına öz dəyərli töhfəsini verəcəkdir.

 

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası

- Prezident İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da elmi potensialın inkişafı və ondan milli tərəqqi naminə maksimum dərəcədə səmərəli istifadə olunmasını elmi ictimaiyyətin qarşısına mühüm hədəf kimi qoyub. Bu, dövlətin həyata keçirdiyi siyasətin strateji məqsədlərindəndir. Bu məqsədlərin həyata keçirilməsi isə ilk növbədə, elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin artırılmasını tələb edir. Elmi fəaliyyətdə İKT-nin geniş tətbiq olunması, ölkədə vətəndaş cəmiyyətinin, yüksək intellektli insan resurslarının formalaşması ölkədə vətəndaş elminin də əsaslarının qoyulmasına zəmin yaradır.

Yekun söz

- Göründüyü kimi, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyaraq biliklər cəmiyyətinə transformasiya olunmaqdadır. Bu da əlbəttə ki, biz alimlərin qarşısına yeni vəzifələr qoyur, ölkədə biliklər cəmiyyətinin, biliklər iqtisadiyyatının formalaşması üçün birgə fəaliyyətin səfərbər olmasını tələb edir. AMEA həm RİTN, həm Təhsil Nazirliyi, digər müvafiq qurumlarla ölkədə yeni cəmiyyətin formalaşması istiqamətində kompleks işlər həyata keçirir. Minilliyin ideologiyası olan İKT daim inkişaf edəcək, bizlər də az qala hər saniyədə yeni imkanları meydana çıxan bu sahəyə intellektual dəstək verərək yeni cəmiyyətin formalaşmasına öz töhfələrimizi verməliyik.

Elmi-texniki inkişafın əsasını təşkil edən elmi parkların, innovasiya mərkəzlərinin yaradılması, elmi məhsulların istehsalı və dünya bazarına çıxarılması bizim əsas hədəfimizdir.

Ümid edirəm ki, Milli Elmlər Akademiyası elmi-tədqiqatlarda innovasiyaların geniş tətbiqi, yüksək intellektli insan resurslarının hazırlanması, Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası ilə bağlı məqsədyönlü siyasətin layiqincə həyata keçirilməsinə dəyərli töhfələr verəcək, bu strateji kursu gələcəkdə də uğurla davam etdirəcək.

Bu gün möhtərəm Prezident İlham Əliyevin siyasətinin əsas hədəfi də bütün sferalarda yüksək göstəricilər əldə etmək, strateji məqsədlərə nail olmaqla inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır. Əminliklə demək olar ki, müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevdirsə, yaxın gələcəkdə Azərbaycanda formalaşacaq biliklər cəmiyyətinin memarı, heç şübhəsiz ki, İlham Əliyev olacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

  • Paylaş: