Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.12.2016 09:52
  • A-
  • A
  • A+

“Müasir kitabxanada Azərbaycan həmrəyliyi: sərbəst elektron resurslar və milli rəqəmsal yaddaş” mövzusunda tədbir keçirilib

“Müasir kitabxanada Azərbaycan həmrəyliyi: sərbəst elektron resurslar və milli rəqəmsal yaddaş” mövzusunda tədbir keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 2016-cı ilin yekunlarına və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Müasir kitabxanada Azərbaycan həmrəyliyi: sərbəst elektron resurslar və milli rəqəmsal yaddaş” mövzusunda tədbir keçirilib.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən, kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova 2016-cı ildə əldə olunan mühüm nailiyyətlərdən söz açıb. Qeyd edib ki, MEK xarici ölkələrin kitabxanaları ilə beynəlxalq kitab mübadiləsini davam etdirir. Bu ilin dekabrında Azərbaycan oxucularının sorğusuna əsasən ədəbiyyat siyahısı tərtib olunub və bu ədəbiyyatın əldə edilməsi məqsədilə xarici tərəfdaşlara göndərilib. Nəticədə MEK-in fondlarına 1.173 nüsxə (7 nüsxə kitab, 1165 nüsxə jurnal, 1 xəritə) ədəbiyyat daxil olub. Xarici ölkələrdən müraciətlərə əsasən isə Mərkəzi Elmi Kitabxananın fondlarının formalaşdırılması bölməsi tərəfindən müxtəlif kitabxana və təşkilatlara 61 nüsxə ədəbiyyat göndərilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli MEK-in ötən ildəki fəaliyyətini yüksək dəyərləndirib. Akademik il ərzində kitabxanada mühüm tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb. MEK-in region ölkələrinin elmi kitabxanaları ilə müqayisədə daha müasir olduğunu söyləyən akademik Milli Rəqəmsal Yaddaşın formalaşdırılması, elektron idarəetmə sisteminin qurulması, fondların nizamlanması, yeni və mövcud resursların inteqrasiyası, eləcə də elmi-ideoloji tədbirlərin uğurla keçirilməsi sahəsində əhəmiyyətli layihələrin reallaşdırıldığını bildirib.

Müasir tələblərə cavab verən MEK-in fəaliyyəti barədə ətraflı məlumat verən İ.Həbibbəyli bildirib ki, kitabxana respublikamızda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadır. Burada ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları tətbiq olunur.

Daha sonra MEK-in Sərbəst elektron resurslarla iş bölməsinin rəhbəri Elnur Hüseynov  və mütəxəssislər – Günay Məmmədova, Tural Əliyev və Nihat Vəlizadə çıxış ediblər. Bildirilib ki, Vikipediya elektron ensiklopediyasının Azərbaycan dili bölməsində məqalələrin yerləşdirilməsi və redaktə edilməsi artıq sistem şəklini alıb. Kitabxananın əməkdaşları tərəfindən Vikipediyada Azərbaycan Milli Ensiklopediyasından məqalələrin yerləşdirilməsi işi davam etdirilir. Son iki ay ərzində 300-ə yaxın məqalə yerləşdirilib.

Tədbirin sonunda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), professor Elmira Süleymanovanın adından Ombudsman aparatının əməkdaşı Ziba Məmmədova “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun 15-ci ildönümü münasibətilə, habelə mədəni hüquqların təbliği, elm və yaradıcılıq potensialının inkişafı sahəsində səmərəli əməkdaşlığına görə MEK-in direktoru Leyla İmanovaya Ombudsmanın Fəxri Fərmanı və Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirən xatirə medalını təqdim edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: