Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.02.2017 14:06
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda növbəti “Geomexanika” seminarı keçirilib

Geologiya və Geofizika İnstitutunda növbəti “Geomexanika” seminarı keçirilib

2017-ci il fevral ayının 2-də AMEA-nın Rəyasət Heyətinin 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində növbəti “Geomexanika” seminarı keçirilib.

Geologiya və Geofizika İnstitutunda təşkil olunan tədbirdə elmi-tədqiqat işinin bütün iştirakçıları və müxtəlif müəssisələrin mütəxəssisləri iştirak ediblər.

Seminarda layihənin rəhbəri, akademik Hətəm Quliyev nəzərdə tutulan işlərin uğurla davam etdirildiyini söyləyib. O, bugünkü tədbirdə AMEA-nın müxbir üzvü Surxay Əkbərov və t.e.n. M.Mehdiyevin “Elastiki mühitlə əhatə olunan boş silindirin daxilinə təsir göstərən hərəkət edən yükün dinamikasının və rəqsinin bəzi problemləri” mövzusunda məruzəsinin dinləniləcəyini diqqətə çatdırıb.

Sonra AMEA-nın müxbir üzvü S.Əkbərov mövzu üzrə məruzəni təqdim edib. Məruzəçi bildirib ki, müasir yüksək sürətli metro qatarlarının və yeraltı hərəkət edən digər təkərli nəqliyyat vasitələrinin inkişafı və uğurlu tətbiqi müvafiq dinamik məsələlərin fundamental tədqiqini tələb edir. S.Əkbərov qeyd edib ki, dinamik məsələlər elastiki və yaxud özlü-elastiki mühitlə əhatə olunan sonsuz boş silindirin daxili səthinə təsir göstərən hərəkət və ya rəqs edən təzyiq problemi kimi modelləşdirilə bilər. Hərəkət edən yük məsələsinin tədqiqində əsas məsələ bu yükün (altında baş verən rezonans fenomeni) kritik sürətinin müəyyənləşməsi ilə əlaqədar olan məsələdir.

Bugündək ətraf elastik mühit və boş silindirdən ibarət olan bimetallik maddi elastik sistemlərlə bağlı bir çox tədqiqatların olduğunu söyləyən alim bildirib ki, bu layihə yuxarıda müzakirə olunan məsələlərin öyrənilməsi, müvafiq dinamik məsələlərin riyazi qoyuluşu, onların həlli, müvafiq ədədi nəticələrin əldə olunması və bu nəticələrin müzakirə olunması ilə bağlıdır. Bu nəticələrə görə, bəzi tövsiyələr texniki tətbiq üçün təklif olunur.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: