Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.02.2017 09:24
  • A-
  • A
  • A+

AMEA ilə "Intertelecom" MMC şirkəti arasında niyyət sazişi imzalanıb

AMEA ilə "Intertelecom" MMC şirkəti arasında niyyət sazişi imzalanıb

Fevralın 14-də AMEA Rəyasət Heyətində bu qurum ilə "Intertelecom" MMC şirkəti arasında əməkdaşlıq haqqında niyyət sazişinin imzalama mərasimi olub.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Intertelecom" MMC ilə əməkdaşlığın önəmindən danışaraq imzalanacaq sazişin Azərbaycan elminin innovativ fəaliyyətinə, elmlə istehsalatın qarşılıqlı əlaqəsinə böyük töhfə verəcəyini bildirib. Qeyd edib ki, bu saziş müasir elmi nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə xidmət edəcək.

"Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Yüksək Texnologiyalar Parkının geniş imtiyazları olduğu üçün innovativ fəaliyyətlərimizi uğurla həyata keçirə biləcəyik" - deyən AMEA rəhbəri Azərbaycan alimlərinin bu qurumla əməkdaşlıqdan böyük təcrübə qazanacaqlarını xüsusi vurğulayıb.

Sonra "Intertelecom" MMC şirkətinin prezidenti Reza Vaziri rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O, AMEA ilə elmi əlaqələrin yaradılmasında maraqlı olduqlarını bildirib.

AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev və İnnovasiya şöbəsinin rəisi, Yüksək Texnologiyalar Parkının (YTP) direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək sazişin əhəmiyyətindən, elmin kommersiyalaşdırılmasında gələcək rolundan danışıblar.

Daha sonra tərəflər arasında ölkədə elm və texnologiya siyasətinin formalaşdırılması, milli innovasiya sisteminin yaradılması, bir sıra mühüm layihə və proqramların icrası, mövcud infrastrukturun təkmilləşdirilməsi, həmçinin birgə zəruri əməkdaşlıq istiqamətlərinin müəyyən olunması məqsədilə niyyət sazişi imzalanıb.

Sazişi akademik Akif Əlizadə və Reza Vaziri imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: