Xocalı faciəsinin 25-ci ildönümü ərəfəsində AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan şəhərindəki Xatirə Muzeyini ziyarət ediblər.
Gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan muzeydə 1905-1907, 1918-1920, 1941-1945, 1948-1953 və 1988-1994-cü illərə aid eksponatlar öz əksini tapır. Burada Azərbaycan torpaqlarında əsrlər boyu ermənilər tərəfindən törədilən soyqırımı və onun qurbanlarının faciəvi qətlini əks etdirən sənəd və materiallar, habelə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən Vətən övladlarının keçdiyi şərəfli həyat yolunu əks etdirən zəngin eksponatlar ayrı-ayrı bölmələrdə nümayiş olunur.
Ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılan soyqırımı siyasəti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan şəhərində də həyata keçirilmişdir. Bu zaman Naxçıvanda minlərlə günahsız insan erməni vandalizminin qurbanına çevrilmişdir. Bütün bunlarla bağlı məlumatlar muzeydə sərgilənən eksponatlar arasında nümayiş etdirilir.
XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına aid eksponatlar da muzeydə ayrıca bölmədə nümayiş olunur. Burada soyqırımı haqqında məlumatlar, o cümlədən ermənilər tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbiçilərinin iştirakı ilə Xocalı şəhərində günahsız insanların başına gətirilən müsibətlər fotoşəkillərin dili ilə muzeyi ziyarət edənlərin diqqətinə çatdırılır.
Muzeydə erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı faciələrinin bir daha təkrar olunmaması, bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında ümummilli lider Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar, eyni zamanda ölkə Prezidenti İlham Əliyevin tarixi həqiqətlərin bütün dünyaya çatdırılması istiqamətində gördüyü işlər barədə məlumatlar da nümayiş etdirilən eksponatlar sırasındadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.