Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.03.2017 09:50
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Moldovada keçirilən beynəlxalq konfransda ölkəmizi təmsil ediblər

Azərbaycanlı alimlər Moldovada keçirilən beynəlxalq konfransda ölkəmizi təmsil ediblər

1-3 mart 2017-ci il tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində “Ekoloji və ətraf mühit kimyası - 2017" mövzusunda VI beynəlxalq konfrans keçirilib.

Moldova Elmlər Akademiyası, UNESCO, həmçinin digər milli və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən konfransda 20-dən çox ölkədən 300-ə yaxın nümayəndə iştirak edib.

Tədbirdə ölkəmizi AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi, akademik Asəf Hacıyev, Radiasiya Problemləri İnstitutunun Enerjiqənaətedici radiasiya prosesləri laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev, həmin institutun əməkdaşları, texnika elmləri namizədi Nigar Quliyeva və Şahin Hacıyev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru, professor Fərda İmanov, eləcə də Azərbaycan Pedaqoji Universitetinin dosenti Rəhimə Məmmədova və Bakı Dövlət Universitetinin müəllimi Aytən Səmədova təmsil ediblər.

Konfransın plenar iclasında məruzə ilə çıxış edən akademik İbrahim Quliyev neft məhsullarının ətraf mühitə təsirinin elmi əsasları, Azərbaycan timsalında bu təsirin dəyişmə dinamikası və fəsadları, yaranmış ekoloji problemlərin həlli yollarından bəhs edib.

Daha sonra çıxış edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi, akademik Asəf Hacıyev post-sovet məkanında elmin inkişafı problemlərindən, həmçinin inkişaf etmiş ölkələrdə elmin idarə olunmasının mütərəqqi mexanizmlərindən danışıb.

Konfransda professor F.İmanov "Suyun təmizlənməsi prosesində “Yaşıl texnologiya”ların tətbiqi", dosent R. Məmmədova isə "Polimerlərin təkrar emalı prosesində bioloji aktiv maddələrin tətbiqi" mövzusunda elmi məruzələrlə çıxış ediblər.

İclasda, həmçinin İ.Mustafayev, N.Quliyeva, A.Səmədova və Ş.Hacıyevin neft sənayesinin ətraf mühitə təsirinin müxtəlif aspektlərindən bəhs edən məruzələri dinlənilib.

Qeyd edək ki, konfransın yekun iclasında bir qrup iştirakçıya xüsusi medallar təqdim olunub. Azərbaycanlı alimlərdən bu mükafata akademiklər İbrahim Quliyev və Asəf Hacıyev layiq görülüblər. 

Konfrans çərçivəsində Azərbaycan alimləri Moldova Elmlər Akademiyasının və universitetlərin rəhbərləri, həmçinin Azərbaycanın Moldova Respublikasındakı Səfirliyinin və Diaspor təşkilatının nümayəndələri ilə görüşlər keçirib, ölkələr arasında elm və təhsil üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: