Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.03.2017 17:32
  • A-
  • A
  • A+

AMEA-nın Şəki Regional Elmi Mərkəzi ötən ildəki fəaliyyəti haqqında hesabat verib

AMEA-nın Şəki Regional Elmi Mərkəzi ötən ildəki fəaliyyəti haqqında hesabat verib

Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü mərkəzin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.

Y.Şükürlü bildirib ki, mərkəzdə prioritet istiqamətlərə uyğun elmi tədqiqat işləri 8 şöbə üzrə 8 mövzu daxilində yerinə yetirilib və mühüm nəticələr əldə olunub. Direktor vurğulayıb ki, hesabat ilində əməkdaşlar 3 kitab, 4-ü xaricdə olmaqla 27 məqalə, 7-si xaricdə olmaqla 25 tezis nəşr etdiriblər. O cümlədən bir məqalə impakt faktorlu jurnalda dərc olunub.

Ötən il BACSA (Qara Dəniz, Xəzər Dənizi və Orta Asiya İpək Assosiasiyası) İcraiyyə komitəsinin üzvü seçildiyini deyən Y.Şükürlü qurumun Azərbaycan üzrə əlaqələndiricisi olduğunu və təşkilatla əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində bir sıra işlərin görüldüyünü qeyd edib. Alim BACSA-nın VIII konfransının bu ilin 2-7 aprel tarixlərində Şəkidə keçiriləcəyini vurğulayıb.

Azərbaycanda ipəkçiliyin inkişafına dair təkliflərin hazırlanaraq Rəyasət Heyətinə təqdim edildiyini nəzərə çatdıran mərkəz direktoru bu istiqamətdə görülən işlər haqqında məlumat verib: "İpəkçilik sahəsində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün Şəkidə innovativ üsullarla tut ipəkqurdunun yetişdirilməsi və barama məhsulu istehsalına xüsusi diqqət ayrılmalıdır. Bu məqsədlə müasir kümxananın inşası və dərman bitkiləri əsasında bioloji fəal maddələr, bitki yağları, aromatizatorlar, dadvericilər, boya maddələri istehsalına dair iki biznes plan hazırlanıb. Yaxın vaxtlarda layihələrin Sahibkarlığa Kömək Milli Fonduna təqdim edilməsi nəzərdə tutulur".

Direktor bildirib ki, ötən il mərkəz ilə Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Tacikistan Respublikası Kənd Təsərrüfatı Elmləri Akademiyası arasında ipəkçilik sahəsində elmi-texniki əməkdaşlığa dair müqavilələr imzalanıb.

Məruzə dinlənildikdən sonra müzakirə edilib, Rəyasət Heyətinin qərarı ilə hesabat təsdiq olunub. Şəki Regional Elmi Mərkəzinə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunan 2016-2020-ci illərdə innovativyönümlü “Azərbaycanın Şimal-qərb bölgəsinin aqro-ekoloji inkişaf modelinin hazırlanması” istiqamətində nəzərdə tutulmuş tədbirlərin AMEA-nın müvafiq institutları və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilməsi, tədqiqatlar sahəsində dövlət əhəmiyyətli məsələlərin həllində Akademiyanın aidiyyəti elmi müəssisələri və beynəlxalq qurumlarla birlikdə iştirak və niyyət protokollarının imzalanması, elm və təhsilin inteqrasiyası məqsədi ilə ADPU-nun Şəki filialı ilə birgə fəaliyyətin gücləndirilməsi istiqamətlərində tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: