AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) ilk magistri dissertasiya işini müdafiə edib.
2015-2016-cı tədris ilində institutun magistraturasına qəbul olunmuş Səfiyə Əliyeva “Dəniz və okean dibinin geologiyası” ixtisası üzrə “Cənubi Xəzərin sualtı palçıq vulkanlarının qaz-hidratları” mövzusunda aparmış olduğu tədqiqatlarının yekunlarını İxtisaslaşdırılmış Magistr Dissertasiya Müdafiə Şurasının iclasında açıq müdafiəyə təqdim edib. İclas İxtisaslaşmış Şuranın sədr müavini, GGİ-nin Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin müdiri, akademik Əkpər Feyzullayevin sədrliyi ilə baş tutub.
Tədbirdə şuranın elmi katibi, geologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Lətifova, üzvləri - akademiklər Fəxrəddin Qədirov, Arif İsmayılzadə, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin (ETİ) rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov iştirak ediblər.
S.Əliyeva AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin elmi rəhbəri olduğu magistrlik dissertasiyasını müvəfəqiyyətlə müdafiə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.