Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir
13.03.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir

Azərbaycanın görkəmli iqtisadçı alimi, Əməkdar elm xadimi, “Şərəf” və “Şöhrət” ordenli, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Asəf Abbasqulu oğlu Nadirov ömrünün 85-ci ilində vəfat etmişdir.

Asəf Nadirov 1929-cu ildə martın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kəndində anadan olmuşdur. Orta məktəbi 1946-cı ildə bitirərək elə həmin il Azərbaycan Dövlət Universitetinə (BDU) daxil olmuş, 1951-ci idə ali təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətində işə qəbul olunmuşdur.

1952-ci ildən Elmlər Akademiyasında işə başlayan alim həyatını, fəaliyyətini həmişəlik bu elm məbədinə bağlayıb. 1956-cı ildə vaxtından əvvəl Moskvada namizədlik dissertasiyasını müdafiə etmiş, 1958-ci ildə Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri vəzifəsinə təyin olunmuşdur.

1968-ci ildə “Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyasını müvəffqiyyətlə müdafiə etmiş, 1970-ci ildə isə AAK tərəfindən professor elmi dərəcəsinə layiq görülmüşdür. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir.

A.Nadirov 1981-ci ildən akademiya sistemində rəhbər vəzifələrdə işləməyə başlamış, AMEA-nın Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi, Rəyasət Heyətinin üzvü, 2007-ci ildən bu günədək isə AMEA-nın müşaviri vəzifələrində çalışmışdır.

Alim həmçinin, 2003-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü olmuşdur.

A.Nadirov “Şöhrət” (2004) və “Şərəf” (2009) ordenlərinə layiq görülmüş, onlarca kitabın, çoxsaylı monoqrafiya, dərslik, 800-dək məqalənin müəllifidir. Əsərləri Türkiyədə, Rusiyada, MDB ölkələrində, Almaniya, Fransa, Hindistan, Yunanıstan və digər dövlətlərdə nəşr olunmuşdur.

Akademikin rəhbərliyi altında 7 elmlər doktoru, 70-dən artıq namizədlik dissertasiyası müdafiə edilmişdir.

Alimin əsərləri Azərbaycan iqtisadiyyatının inkişafının aktual problemlərinə və xüsusilə də məhsuldar qüvvələrin yerləşdirilməsi, şəhərlərin və regionların inkişafı, sənaye qovşaqları və ərazi-istehsal komplekslərinin səmərəli şəkildə formalaşdırılması, ərazi planlaşdırma və iqtisadi rayonlaşdırma, sənayenin inkişafı və düzgün yerləşdirilməsi kimi respublikamız üçün həmişə aktuallıq kəsb edən problemlərə həsr olunmuşdur. Məhz bu istiqamətdə respublikada ilkin olaraq apardığı tədqiqatlar A.Nadirovu keçmiş SSRİ-də və onun hüdudlarından kənarda görkəmli iqtisadçı alimlərdən və elmin təşkilatçılarından biri, regional iqtisadiyyatın tədqiqi sahəsində Azərbaycan məktəbinin banisi kimi tanıtdırmışdır.

Asəf Nadirov görkəmli tədqiqatçı alim olmaqla bərabər, həm də elmi işləri tədrislə sıx əlaqələndirməyi bacaran pedaqoq omuşdur. 40 ilə yaxın müddətdə Bakı Dövlət Universitetində müxtəlif iqtisadi fənlərdən mühazirələr oxumuşdur. Ali məktəblər üçün bir sıra dərsliklərin yazılmasında müvafiq bölmələrin müəllifi kimi iştirak etmiş və elmi redaktoru olmuşdur.

Tanınmış alim və səmimi insan Asəf Nadirovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: