Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.10.2018 13:26
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunun 60 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib

İqtisadiyyat İnstitutunun 60 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib

Bu il AMEA İqtisadiyyat İnstitutunun yaranmasının 60 ili tamam olur. Bu münasibətlə oktyabrın 18-də AMEA-nın Əsas binasının Dairəvi akt zalında “İqtisadı artım və ictimai rifah” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə gül-çiçək düzülüb. 

Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Dövlət və hökumət rəsmilərinin, ali məktəb rektorlarının, xarici ölkələrdən tanınmış iqtisadçı alimlərin iştirak etdiyi konfransı giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Elmimizin inkişafına mühüm töhfələr verən İqtisadiyyat İnstitutunun respublikada sosial-iqtisadi problemlərinin həlli sahəsində əhəmiyyətli rolundan danışan alim  kollektivi bu əlamətdar gün münasibətilə təbrik edib. 

İqtisadiyyat İnstitutunun ötən dövrdəki nailiyyətlərini qeyd edən AMEA rəhbəri onun fəaliyyətini yüksək qiymətləndirib, bundan sonra da ölkə iqtisadiyyatının sürətli inkişafına güclü təsir göstərəcəyinə əminliyini ifadə edib. A.Əlizadə bildirib ki, hazırda bu institut ölkəmizdə iqtisadi tədqiqatların əsas koordinatoru, iqtisad elmimizin flaqmanıdır. 60 il ərzində İqtisadiyyat İnstitutu böyük və şərəfli bir yol keçib.

İnstitutun əsasını qoyan və inkişafında xidməti olanları ehtiramla yad edən akademik A.Əlizadə bu elmi müəssisənin yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynadığını vurğulayıb. O, müstəqil Azərbaycanın davamlı inkişafı naminə kollektivin gənc iqtisadçı kadrların yetişdirilməsi istiqamətində bundan sonra da uğurla çalışacağına ümidvar olduğunu bildirib.

AMEA prezidenti ümummilli lider Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafı üçün tarixi xidmətlərindən söz açaraq, ölkəmizdə qazanılan uğurların təməlində məhz dahi liderin uğurlu sosial-iqtisadi strategiyasının dayandığını qeyd edib.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun artıq 15 ildir Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən akademik A.Əlizadə ölkə başçısının 2018-ci il 16 oktyabr tarixli Sərəncamları ilə iqtisad elminin inkişafındakı xidmətlərinə görə İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşının dövlət mükafatları ilə təltif olunduğunu diqqətə çatdırıb. O, bu ali diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Yubiley tədbirində İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov son illər rəhbərlik etdiyi elmi müəssisənin həyatında baş verən yeniliklərdən, əldə olunan nəticələrdən və həyata keçirilən məqsədyönlü islahatlardan, xarici elmi dairələrin diqqətini çəkən fundamental tədqiqatlardan söhbət açıb. Direktor rəhbərlik etdiyi qurumun Azərbaycan iqtisad elminin və ölkə iqtisadiyyatının tərəqqisində öz üzərinə düşən vəzifələri yaxşı dərk etdiyini vurğulayaraq, gələcək hədəflərin də aydın olduğunu söyləyib. N.İmanov bildirib ki, perspektivdə əsas məqsəd institutu Azərbaycanda fundamental iqtisadi tədqiqatların real mərkəzinə, ölkədə iqtisadi tədqiqatların əsas əlaqələndiricisinə, hökumətin kollegial ekspertinə və məsləhətçisinə çevirməkdir.

Konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tofiq Hüseynov, Çin Sosial Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Elmi Şurasının sədri, professor Pei Çanhunqa, Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü Vladimir Papava, Ukrayna Milli Elmlər Akademiyası İqtisadiyyat və proqnozlaşdırma İnstitutunun direktoru, akademik Valeriy Qeyets, AR İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və başqaları çıxış edərək kollektivi yubiley münasibətilə təbrik edib, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbir çərçivəsində İqtisadiyyat İnstitutu ilə bir neçə xarici elmi mərkəz arasında birgə tədqiqatların aparılması məqsədilə əməkdaşlıq müqavilələri imzalanıb, həmçinin gənc iqtisadçılar arasında keçirilmiş elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Bundan başqa, Çin Sosial Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Elmi Şurasının sədri, professor Pei Çanhunqa AMEA İqtisadiyyat İnstitutunun fəxri doktoru diplomu təqdim edilib.

Konfrans öz işini “İqtisadi artımın təmin edilməsi”, “İqtisadi fəaliyyət sahələri və sosial müdafiə sistemi” və “Sosial rifahın yaxşılaşdılması” bölmələri üzrə davam etdirib. Bölmə iclaslarında iqtisadiyyatın müxtəlif sahələri üzrə alim və mütəxəssislərin məruzələri dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: