Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Xaraba Gilan arxeoloji ekspedisiyasının apardığı tədqiqatların nəticələri açıqlanıb
22.11.2018 16:29
  • A-
  • A
  • A+

Xaraba Gilan arxeoloji ekspedisiyasının apardığı tədqiqatların nəticələri açıqlanıb

AMEA-nın Naxçıvan Bölməsində Xaraba Gilan arxeoloji ekspedisiyasının 2018-ci ildə apardığı tədqiqatların yekunlarına həsr olunan tədbir keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək cari ildə Naxçıvan Muxtar Respublikası ərazisində təşkil olunan respublika və beynəlxalq səviyyəli arxeoloji ekspedisiyalarla bağlı ətraflı məlumat verib. Akademik AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin rəhbərliyi ilə Ordubad rayonu ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyasının uğurlu tədqiqat işləri apardığını söyləyib.

Sonra B.İbrahimli çıxış edərək Xaraba Gilan arxeoloji ekspedisiyasının 2018-ci ildə aparılan arxeoloji qazıntılarla Aza orta əsr şəhər yerinin tədqiqini başa çatdırdığını və Naxçıvanın daha bir orta əsr şəhərinin arxeoloji cəhətdən öyrənildiyini deyib. Diqqətə çatdırıb ki, ekspedisiya, həmçinin Aza orta əsr qəbiristanlığında dağıdılan qəbirüstü daş sənduqələrini qorumaq üçün konservasiya-xilasetmə işləri görüb.

Qazıntılar zamanı əldə olunan tapıntıların şəhərin mövcud olduğu dövrü dəqiqliklə müəyyən etməyə imkan verdiyini deyən alim bildirib ki, arxeoloji tədqiqatlar tarixi mənbələrin məlumatlarını təsdiq etməklə bərabər şəhərin iqtisadi, mədəni və ticarət əlaqələri haqqında yeni faktlar üzə çıxarıb. Məlumat verilib ki, Aza haqqında müxtəlif nəşrlərdə məqalələr çap olunub, o cümlədən gələcəkdə monoqrafiyanın çapı nəzərdə tutulub.

Ekspedisiyanın Gilan çayının sol sahilində, Baş Dizə və Qoşa dizə kəndləri arasında yerləşən Bal dərəsində arxeoloji qazıntılar apardığını deyən B.İbrahimli bildirib ki, orta əsr şəhərinin tikililəri, memorial abidələri gəc məhlulu, daş və bişmiş kərpiclə işlənilib. Ekspedisiya rəhbəri ərazidən qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrini videogörüntü vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırıb və onların suallarını cavablandırıb.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və sözügedən qurumun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva çıxış edərək aparılan qazıntı işlərinin Naxçıvanın tarixinin öyrənilməsində və təbliğində böyük rol oynadığını bildiriblər.

Qeyd edək ki, ərazidən tapılan maddi-mədəniyyət nümunələri bölmənin Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyinə təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: