Dekabrın 5-də Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunmuş mərasim keçirilib.
Tədbirdə “Clarivate Analytics” tərəfindən “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimat olub və “Web of Science Azerbaijan-2018” mükafatları təqdim edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və AMEA-nın dəstəyi ilə BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda buraxılan “Tətbiqi və Hesablama Riyaziyyatı” (”Applied and Computational Mathematics”) jurnalı “Web of Science Azerbaijan-2018” mükafatına layiq görülüb.
Mükafat jurnalın baş redaktoru, Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyevə təqdim edilib.
Qeyd edək ki, 2002-ci ildən buraxılan “Tətbiqi və Hesablama Riyaziyyatı” jurnalı Azərbaycanın elm tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə “Thomson Reuters” agentliyinin (indiki “Clarivate Analytics”) genişləndirilmiş siyahısına daxil edilib. Jurnal 2010-cu ildən impakt faktor (keyfiyyət dərəcəsi) alıb. “Tətbiqi və Hesablama Riyaziyyatı” “Web of Science” təşkilatının yeganə impakt faktorlu Azərbaycan elmi jurnalıdır.
Jurnal dünyada tətbiqi riyaziyyat, yüksək texnologiyalar sahəsi üzrə yer alan 252 beynəlxalq nəşr arasında 19-cu, Avropa İttifaqında 4-cü, keçmiş sovet ölkələri sırasında isə 1-ci yerdədir. Beynəlxalq elmi jurnalının redaksiya heyətinə dünyanın 18 ölkəsindən 32 görkəmli alim daxildir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.