Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.12.2018 12:52
  • A-
  • A
  • A+

AMEA-da görkəmli alim Əmin Abidin 120 illik yubileyi qeyd olunub

AMEA-da görkəmli alim Əmin Abidin 120 illik yubileyi qeyd olunub

AMEA-nın Əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə "Azərbaycan folklorunun ilk nəzəriyyəçilərindən biri - Əmin Abid" mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbir görkəmli tənqidçi, ədəbiyyatşünas, folklorşünas Əmin Abidin anadan olmasının 120 illik yubileyinə həsr edilib.

Konfransda AMEA-nın Folklor, Ədəbiyyat, Arxeologiya və Etnoqrafiya institutlarının əməkdaşları, respublikanın ali təhsil müəssisələrinin müəllim və tələbə kollektivi, doktorant və dissertantlar, o cümlədən KİV nümayəndələri iştirak ediblər.

Tədbiri Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq zəngin elmi və bədii irsə malik Əmin Abidin apardığı sistemli tədqiqatların ölkəmizdə folklorşünaslığın inkişafına təkan verdiyini söyləyib. Qeyd edib ki, Ə.Abid "Kitabi Dədə Qorqud", "Oğuznamə" kimi qədim oğuz eposlarının, o cümlədən Azərbaycan ədəbiyyatı tarixi, bayatı janrı, heca vəzni ilə bağlı ciddi araşdırmaların müəllifidir.

M.İmanov alimin Azərbaycan folklorşünaslığının 1920-1930-cu illər dövrünün öyrənilməsi istiqamətində böyük rolu olduğunu, məqalələrində bayatılar, heca vəzni, aşıq şeirinin şəkilləri, türk xalqlarında yeddi hecalı şeirin törəmə tiplərini tədqiq etdiyini vurğulayıb.

O, Əmin Abidin şifahi xalq ədəbiyyatımızın nümunələrini ümumtürk və dünya folkloru kontekstində ərəb, fars, türk, uyğur, qazax, tatar və türkmən mənbələrindən araşdırdığını diqqətə çatdırıb. Eyni zamanda, alimin Azərbaycan ədəbiyyatının qədim dövrlərdən başlayıb mərhələlər üzrə öyrənilməsinin düzgün dövrləşdirilməsini apardığını bildirib.

Ə.Abidin SSRİ dövründə öz fikirlərini çəkinmədən ifadə etdiyini deyən institut direktoru ədibin 1938-ci ildə həbs edilərək güllələndiyini, əsərlərinin qadağan edildiyini, ölkəmizin müstəqillik əldə etdikdən sonra şeirlərinin, məqalələrinin təkrar çap olunduğunu söyləyib.

Muxtar İmanov, həmçinin Folklor İnstitutu tərəfindən 2016-cı ildə “Əmin Abid. Azərbaycan Türklərinin ədəbiyyatı tarixi” kitabının nəşr olunduğunu, alimin məqalələrinin vəsaitdə işıq üzü gördüyünü diqqətə çatdırıb.

Respublika konfransında filologiya üzrə elmlər doktoru, professor Səhər Orucovanın "Əmin Abid yaradıcılığında folklor", filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyevin "Lirik folklorumuzun öyrənilməsində Əmin Abidin rolu", filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədlinin "Əmin Abidin ədəbiyyat tarixçiliyində çağdaş bədii düşüncə meyarları", filologiya üzrə elmlər doktoru, professor Ədalət Tahirzadənin "Yeddi yüz tələbədən biri" və etnoqrafiya üzrə fəlsəfə doktoru Xəliyəddin Xəlillinin "Əmin Abid tədqiqat metodunda tarix və ədəbiyyat mənəvi-sosial yaddaşın vahid strukturu kimi" mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: