Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunda bu müəssisənin aparıcı elmi işçisi, professor Nihan Əliyevin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev alimin keçdiyi ömür yolundan, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışıb. O, riyaziyyat elminin inkişafına fundamental tədqiqatları ilə mühüm töhfələr vermiş Nihan Əliyevin yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki xüsusi xidmətlərindən bəhs edib. Professor N.Əliyevin son illlərdə apardığı elmi tədqiqat işləri, əldə etdiyi nailiyyətlərdən danışan F.Əliyev bildirib ki, onun əsas tədqiqat sahəsi adi diferensial tənliklər, xüsusi törəməli tənliklər, ədədi üsullar və elementar riyaziyyatdır.
Daha sonra BDU-nun Riyaziyyat və kibernetika fakültəsinin Riyazi fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədov, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Təhsil şöbəsinin müdiri, professor Ədalət Axundov, İdarəetmə Sistemləri İnstitutunun Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Kamil Aydazadə, həmin institutun İdarəetmənin riyazi məsələləri laboratoriyasının müdiri, professor İlqar Məmmədov, Tətbiqi Riyaziyyat ET İnstitutunun Məlumatların ədədi işlənməsi şöbəsinin müdiri, t.e.d. Mütəllim Mütəllimov çıxış edərək N.Əliyevi 80 illik yubileyi münasibətilə təbrik ediblər. Çıxış edənlər onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirib, alimlə bağlı xoş xatirələrini bölüşüblər.
Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.