AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.
AMEA-nın elmi müəssisə və təşkilatlarının GAMŞ sədrləri və şura üzvlərinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İclası şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq 20 Yanvar faciəsinin Azərbaycan xalqının uzun illər mübarizə apardığı istiqlal savaşının, milli iradə və azadlığının təntənəsi olduğunu bildirib. Qeyd edib ki, həmin gün SSRİ ordusunun Bakıya yeridilməsi nəticəsində 146 nəfər xüsusi qəddarlıqla öldürülüb, 744 nəfər yaralanıb və 841 nəfər qanunsuz həbs olunub.
F.Salmanov faciə zamanı AMEA-nın Polimer Materialları İnstitutunun üç, Riyaziyyat və Mexanika İnstitutunun isə bir əməkdaşının şəhid olduğunu diqqətə çatdırıb.
O, qanlı hadisəyə ilk siyasi münasibəti ümummilli lider Heydər Əliyevin bildirdiyini, ulu öndərin 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda faciəni törədən şəxsləri kəskin şəkildə tənqid etdiyini söyləyib.
Şura sədri bu gün 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən silsilə addımların atıldığını, bu işdə gənclərin də xüsusi fəallıq göstərdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan gəncliyi ölkəmizin tarixi və mədəni irsinə qarşı həssasiyyəti daim qorumalı və müxtəlif platformalarda təbliğ etməlidir.
Tədbirdə, həmçinin Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənovun "20 Yanvar hadisəsinin bədii ədəbiyyatdakı inikası", Tarix İnstitutunun elmi işçisi Lamiyə Soltanovanın "Beynəlxalq arenada 20 Yanvar hadisələrinə baxış" və Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin "20 Yanvar hadisələri ərəfəsində Qafqazda ictimai-siyasi proseslər və 20 Yanvar dərsləri" mövzusunda məruzələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.