Yanvarın 24-də AMEA-nın Biofizika İnstitutu ilə Xəzər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
İmzalanmadan əvvəl Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov və Xəzər Universitetinin elmi işlər üzrə prorektoru, dosent İradə Xəlilova arasında görüş olub.
Tərəflər birgə elmi təcrübə mübadiləsinin aparılması və digər müştərək layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
O.Qasımov imzalanan sənədin əhəmiyyətindən söz açaraq, əməkdaşlıq çərçivəsində mühüm elmi nəticələrin əldə olunacağına inamını ifadə edib.
Biofizika İnstitutu ilə əməkdaşlıqdan məmnunluğunu bildirən İ.Xəlilova isə memorandumun iki qurum arasında əlaqələrin genişləndirilməsi ilə yanaşı, təhsil və elmin inkişafına da təkan verəcəyini deyib.
Tərəflər arasındakı razılaşmaların icrası üzrə ekspertlərdən ibarət işçi qrupun yaradılması planlaşdırılıb.
Görüşdə Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Biofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Kərim Qasımov və Bioloji elmlər departamentindən genetika mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Cavid Ocaqi da iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.