Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

"Millətin iki Ordusu"
30.10.2020 10:28
  • A-
  • A
  • A+

"Millətin iki Ordusu"

Hələ biz qaynar tarixi günlərin ağuşundayıq.

Bu sürətli axarın içərisində çox həqiqətlərdən də, bütöv mənzərədən də dəqiqliyi ilə hali olmaq mümkünsüzdür. Böyük hadisələrsə onlardan aralandıqca, uzaq məsafədən, vaxtın hündürlüyündən baxdıqca daha aydın görünür.

Bu günlərin gerçək və dolğun tarixçəsi bütün gərginlikləri, ayrıntıları, dərinliyi və əhatəsi ilə gələcək illərdə yazılacaq.

Yəqin ki, keçmiş savaşlardan bəhs edən əski salnamələrdə olduğu kimi, Azərbaycanın Qarabağın xilası uğrunda apardığı Vətən müharibəsinin ayrı-ayrı mərhələləri də mühüm döyüşlərin adı ilə xatırlanacaq: "Füzuli döyüşü", "Xudafərin döyüşü", "Zəngilan döyüşü", "Qubadlı döyüşü", "Dəhliz döyüşü", "Əsgəran döyüşü", "Şuşa döyüşü", "Kəlbəcər döyüşü"...

Lakin Vətən müharibəmizin həmin tarixi yazılanda gərək başqa, elə həmin döyüşlər qədər gərgin, atəşli, barışmaz qarşıdurmalı digər döyüşlər də bircə-bircə qələmə alına.

Axı bu gün cəbhə bir yox, İKİdir.

Həm də ikinci cəbhə keçmiş müharibələrdən bizə tanış olan və məcazi mənada bu cür adlandırılan "arxa cəbhə" deyil.

O da ön cəbhədədir!

Həm də bu ön cəbhədəki savaş o qədər önəmli, oradakı qələbələr (və yerinə görə elə qələbə qədər kəsərli olan müqavimətgöstərmələr, duruşgətirmələr, sözündəndönməzliklər) o qədər həyati əhəmiyyətlidir ki, həmin cəbhədəki uğurlar olmasa, o biri cəbhədə zəfərə çatmağın da qarşısında çox yarğanlar ortaya çıxar, çox aşılmaz maneələr törəyərdi.

Bu gün ülvi məqsədimizə yetməyimizin, torpaqlarımızı erməni istilasından qurtarmağın tək yolu hər iki cəbhədəki uduşlardan keçir.

Eyni anda hər ikisində!

Hər ikisindəki hər addım bərabər dərəcədə məsuliyyətli, çəkicə biri digərinə təndir. İraq olsun, birində büdrəsən, o birində yıxılacaqsan, digərində zəiflik göstərsən, o birində itirəcəksən.

Həmin iki ön cəbhədən birincisi önündə Ali Baş Komandanımız İlham Əliyevin getdiyi Milli Ordumuzdur ki, 2020-nin sentyabr-oktyabrında hünər dastanı yazır, əsgər və zabitlərimiz cəsurluğu, Vətənə, dövlətə sonsuz sədaqəti ilə canı-qanı bahasına qarış-qarış torpaqlarımızı yağı tapdağından azad edir.

Digər cəbhədə isə Prezident İlham Əliyev özü təkbaşına bir ORDUdur və dünyanın böyük gücləri ilə üzbəüzdür.

O, təkdir, onlar çox.

Amma yenilməz iradəsi, sarsılmaz qətiyyəti və əzmi ilə Prezident İlham Əliyev bu mübarizədə dünya erməniliyinin fitvası ilə hərəkət edən, artıq maskalarını da çıxararaq aşkarca Azərbaycanın haqqı, ədaləti yerbəyer etmək naminə apardığı savaşda onun zəfərli irəliləyişlərini ləngitmək və ya dayandırmağa canfəşan ardıcıllıqla səy göstərən məkrli qüvvələrin qarşısında dayanıb.

Döyüş meydanında Azərbaycanın diz çökdürdüyü Ermənistanı bataqlıqdan qurtarmaq naminə dəridən-qabıqdan çıxan və təcavüzkar niyyətlərin bundan sonra da davam etməsinə havadarlıq etməkçün əlləşən o iri güclərin, dünyada söz və yumruq sahibi olan dövlətlərin arasıkəsilməz basqılarına tablaşmaq, bu bərabər olmayan savaşda duruş gətirmək heç kəsə qətiyyən sadə gəlməsin!

Əlbəttə, Prezident İlham Əliyevi sevən və gücünün üstünə güc qoyan xalqı var, mübarizəmizi "öz mübarizəmizdir" deyərək ləyaqətlə müdafiə edən qardaş, dost Türkiyə var, Pakistan var, bir neçə gün öncə Minsk qrupu həmsədrlərinin təhriki və diktəsiylə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında Azərbaycana zidd, ədalət əleyhinə, Dağlıq Qarabağ münaqişəsinin həllinə əlavə əngəl yaratmağa hesablanmış riyakar sənədin qəbul edilməsinin qarşısını alan Qoşulmama Hərəkatına daxil ölkələr və dünya boyunca çoxlu, lap çoxlu etibarlı dostlarımız var.

Lakin əsas güclərlə son anda bilavasitə üz-üzə duran, axırıncı qəti, yekun mövqeyi ifadə edən yenə də tək Prezident İlham Əliyevdir.

Şiddətli selin qarşısında məğrur və qalib dayana bilməkçünsə güclü lider, qüdrətli şəxsiyyət olmaq yetərli deyil.

Gərək ordu olasan. Ordu adam! 

Diplomatiya təcrübəsində "danışığın, görüşün yazısı" (Meeting notes) deyilən bir anlayış var. Bu, stenoqram deyil və bir qayda olaraq o səviyyəli qapalı danışıqlarda nə stenoqramçı iştirak edir, nə audio-videoyazılışlar aparılır. Danışığın yazısı isə adətən mahiyyəti və məzmunu yetərincə əks etdirir.

İctimaiyyətə, mətbuata məxfi qalan, bağlı qapılar arxasında cərəyan edən mühüm siyasi danışıqların qeydə alınmış məzmunu zaman sovuşandan sonra dünənin bir çox həlledici həqiqətlərinin düzgün dərk edilməsi, tarixi gerçəklərin bərpası üçün mötəbər qaynağa çevrilir.

Örnəyi, ilk milli parlamentimizin - Məclis-i Məbusanın sədri olmuş Əlimərdan bəy Topçubaşovun Azərbaycan dövlətinin rəhbəri kimi Parisdə müstəqilliyimizin tanınması, Azərbaycan Xalq Cümhuriyyətinin taleyi ilə bağlı ümdə məsələlər ətrafında müxtəlif ölkələrin səlahiyyətli və sözükeçər siyasət və dövlət xadimləri ilə 1919-1920-ci illərdəki danışıqlarının məhz həmin şəkildə yazılarının aparılması sayəsində biz bu gün istiqlal tariximizin bir çox qaranlıq, örtülü məqamlarından agah olur, müstəqilliyimizi qorumaq, yaşatmaq yolunda fədakar vətənpərvərlərin müasirlərə bəlli olmayan hansı usanmaz mübarizələr, qəliz sınaqlardan keçdiyinə şahid kəsilirik.

Prezident İlham Əliyevin İkinci Qarabağ savaşının başlandığı gündən yüksək beynəlxalq səviyyədə indiyədək apardığı danışıqların əksəri haqqında məlumatımız çox ümumi, dövlət başçımızın özünün bizə çatdırdığı həddən ziyadə qısa, həm də o danışıqlardakı əsas gərginliklərin təfərrüatlarını açmadığı bilgilər qədərdir.

İllər ötəcək, gün yetişəcək ki, o sənədlərin də arxiv susqunluğunun müddəti bitəcək və sabahdakılara aydın olacaq ki, nəticə etibarilə millətimizə, yurdumuza torpaqlarımızın mənhus düşmənin çirkli ləpirlərindən təmizlənmək bəxtiyarlığının qismət olduğu 2020-ci ilin narahat payızında Prezident İlham Əliyev haqqa, insafa, ədalətə məhəl qoymayan, açıq-aşkar şərin tərəfini saxlayan hansı nəhəng güc sahiblərinin təzyiqləri ilə qarşı-qarşıya idi, hansı yenilməz iradənin və parlaq zəkanın müqabilində onların yaylım atəşi kimi arasıkəsilməyən həmlələrinin qarşısını alaraq yurdu, dövləti, milləti naminə, sözün birbaşa mənasında, aslan kimi çarpışırdı.

Lap üzdən də olsa, bunu 2020-nin 26 oktyabrında milləti qarşısındakı növbəti hesabatında, xalqa yeni müraciətində gizlətmədi də: "Mən bir ay buna dözürdüm, bir ay. Demirdim bunları, yığılmışıq boğaza".

Yenə diplomatik çərçivələri gözləyərək açıb-ağartmır çox şeyi, açıqlayarsa, elə ertəsi günü əsəbləri tarıma çəkilmiş hiddətlənən millət 28 il ərzində bu xalqı boş "sabah-sabah" vədləri ilə bezdirmiş saxtakar münsif dövlətlərin elçilərindən hesab sormağa qalxar.

Prezident haqdan, ədalətdən, bütün dünyanın qəbul etdiyi qaydalardan kənar artıq bircə kəlmə demir, düzlüyə çağırır, xəbərdarlıq da edir, yada salır ki, bu günün sabahı var: "Beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Ermənistandan fərqli olaraq, biz heç kimdən kömək istəmirik. Mane olmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs necə olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Xeyr. Gün yetişəcək, gələcəklər xahişlərlə, əməkdaşlıq təklifləri ilə. Bəs hansı üzlə bizə baxacaqlar?

Bu gün bütün imkanları səfərbər ediblər bizə qarşı".

Bircə bu son cümlənin içərisində ən yüksək dövlət səviyyəsində hansı təzyiqlərin, təhdidlərin, şantajların olduğunu, əziz vətəndaşlarımız, təsəvvür etməyə çalışın.

Minnətdar olaq Prezidentimizə! Hər an səsinə səs verək Prezidentimizin! Hər birimiz dayaq duraq Prezidentimizə! Hər kəs bacardığı qədər, hər kəs öz imkanınca!

Bu gün Prezident İlham Əliyev bütöv millətin səsidir, millətin iradəsidir, hər növ düşmənimizin və düşmənə hər çeşid dəstəkçilərin qarşısında millətin gərilmiş köksüdür.

Prezident 3 böyük dövlətin həmsədr olduğu Minsk qrupunun bədnamlığını dünyaya car çəkir və kişi kimi onların riyakar iç üzünü əyan edir: "Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda, görün, nələr baş verir. Azərbaycana hər tərəfdən nə qədər böyük təzyiq göstərirlər. Əl-ayağa düşdülər. Bəs nə oldu? İyirmi səkkiz il bu məsələni belə süründürə-süründürə, elə bil ki, həll edirdiniz. Gəlib-getmək... orada görüş, burada danışıqlar... Deməli, bunların bütün fəaliyyəti indi Ermənistanı xilas etməkdir. Təcavüzkarı, Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budur bu fəaliyyət".

Dabanyalayanların, metastaz vermis xərçəng xəstəliyi kimi dünya boyu şaxələnərək kök atmış erməni lobbisinin gecə-gündüz imdad dilədikləri böyük güclərin yüksək yetkililərinin, elə həmin Minsk qrupu üçlüyü pəzəvənglərinin Azərbaycan rəhbərinə pərdə ardında hansı təzyiqlərlə üz tutduğunu təxmini olsa da, təsəvvür etməkçün elə təqribən eyni mənbədən istiqamətləndirilərək Azərbaycan dövlət başçısından müsahibələr alan bir para aparıcıların davranışına nəzər salmaq yetər.

İrəvanda, ya erməni lobbisinin hansısa hücrələrində ermənicə hazırlanaraq sonra ingiliscəyə tərcümə edilmiş təəssüratı oyadan qərəzkar sualları bir televiziya aparıcısı və jurnalist kimi deyil, dövlət ittihamçısı ədası ilə, hikkə ilə Prezident İlham Əliyevə ünvanlayanlara baxın, Vaşinqtondan, Parisdən, Moskvadan, daha haralardan Bakıya olan zəngləri təsəvvür edin.

Prezident İlham Əliyev tərbiyəli, mədəni insandır, yava danışanın ağzından vurmağı da bacarandır, lazım gələndə daha münasib fürsət gözləyərək o əyri ağıza tərs şapalağın əsl dəminə qədər səbir edəcək qədər də hövsələlidir.

Sentyabrın 27-dən bəri az qala hər gün dünyanın müxtəlif informasiya agentliklərinə, televiziyalara müsahibələr verir. Hamısını ekranda seyr edirik. Bütün bunlar bir adamın fotokamera qarşısında dayanaraq şəkil çəkdirməsi kimi bir şeydir. Nə qədər istəsən də, heç nəyi gizlədə bilmirsən, kamera olanı olduğu kimi əks etdirir. Biz baxırıq, dünya da seyr edir, elə bir neçə dəqiqə sonra kimin kim olduğu müəyyənləşir, müsahibə alan da, sualları cavablandıran da bəsirətli tamaşaçıya həqiqətdə necə varsa elə görünür, kimin nə istədiyi də çətinliksiz duyulur.

Bu danışan Prezident İlham Əliyevdir:

"İndi xarici mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün bu suallara necə lazımdır cavab verirəm. Onların səviyyəsinə də düşmürəm. Heç vaxt. Necə lazımdır cavab verirəm də, susurlar da. Çünki cavab verə bilmirlər. Deyirəm, get güzgüyə bax, sən burada bizi ittiham etməyə gəlmisən? Sual vermir, elə bil ki, prokurordur, bizi ittiham edir.

...Bax, budur reallıq. Bizə qarşıdır bu reallıq".

Bəs Prezident İlham Əliyev, Döyüşçü İlham Əliyev, Ordu İlham Əliyev bu viruslu, bulaşıq, bu naxoş reallığı necə dağıdır, tərsini avanda çevirərək paxırını necə açır, obiri cəbhədə ermənini əzən kimi, bu cəbhədə erməniçiləri necə tərksilah edir, təslim olmalarını onlara necə etiraf etdirir?

Oktyabrın 25-i Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziya kanalına müsahibə verir.

Əslində, elə bu da bir döyüşdür. Həm də hec vəchlə asan sayılmayacaq döyüş!

Çünki aparıcının qırımından, hər yeni sualını yalanlar, böhtanlar, saxtalaşdırmalar üzərində qurmasından və bütün bunları gerçək kimi təqdim etməsindən, həm də hər sualını bir televiziya müxbirinin bir dövlətin başçısına yönələn müraciəti kimi yox, yekəxanalıqla qarşısındakını ittiham edirmiş sayaq, əzazil prokuror tərzində səsləndirməsindən dərhal bəlli olur ki, bu, sadəcə intervü deyil, tapşırıq yerinə yetirməkdir.

Amma daş qayaya rast gəlib. Özü də necə qayaya!

Prezident İlham Əliyevin bir dövlət başçısı, diplomat, danışıqçı, müsahib kimi məharətlərindən biri də odur ki, ona qarşı əks ovqata köklənmiş rəqibi hansısa məqamda dəqiq zərbə ilə ən ağrıyan, ən yandıran yerindən sancmağı, ən zəif, ən göynədən nöqtəsindən vurmağı bacarır, bu gedişi ilə də bayaqdan qarşısında xoruzlananın tısını yatırtmağa, özünü yığışdırmağa vadar edir və həmin andan söhbətin məcrası da dəyişir, qarşı tərəfdə daha əvvəlki mənəm-mənəmlikdən əsər-əlamət qalmır.

İlk baxışdanca anlaşılır ki, "Fox News" telekanalının müxbiri həm xeyli təcrübəli (özü bildirir ki, 30 il Avropada işləyib), həm də siyasi debatları siyasi döyüşə döndərməkdə səriştələri olan yetərincə hazırlıqlı mütəxəssisdir və onu Prezident İlham Əliyevlə müsahibəyə hansısa qüvvələrin sifarişi ilə öz ağır artilleriyaları kimi çıxarıblar. Elə başlanğıcdanca aydın olur ki, bunlar tərəfsiz bir jurnalistin sualları deyil, Azərbaycanı sırf erməni mövqeyindən kor dalana dirəmək, məsələlərin tam ermənisayaq qoyuluşu ilə hücum çəkmək məqsədli bir müsahibədir. Sualların da hər biri həmsöhbəti çətinə salmaqdan və tamaşaçı auditoriyasında rəy formalaşdırmaqdan ötrü ciddi şəkildə hazırlanıb, daha kəskin, daha iynəli və məhkumedici səslənmələri üçün məxsusi redaktədən keçirilib.

Prezident İlham Əliyevsə öz ampluasındadır.

İlk dəqiqələrdəncə bütün sualların düşmənçi qərəz və erməni kəsafəti ilə doluluğunu duyur, lakin təmkinini pozmadan, təbəssümünü də əskiltmədən suallara bir-bir dəqiq, etiraz yeri qoymayan, yalanları, iftiraları dərhal, yerindəcə ifşa edən obyektiv, məntiqli, hər eşidəni inandıran cavablarını verir.

Fəqət sualları verəni və onun simasında sualları tədarük etmiş qüvvəni yerində oturtmaq üçün məqama da hazırlıq gedir.

Prezident İlham Əliyev yüksək peşəkardır və ali səviyyəli peşəkarlara da yaxşı bəllidir ki, adətən, illərin yaratdığı təcrübə ilə sən belə bir dönüş məqamını yetişdirmək üçün məxsusi olaraq hazırlaşmırsan, digər suallara cavablarını verə-verə bu barədə düşünmürsən. Təcrübə özü səni yönəldir və sanki həmin zərbə qəfildən, ekspromtla gəlir. Amma zahirən bədahətən yaranan kimi təsir bağışlayan o nokdauna, bəzənsə elə dərhal nokauta salma anına doğru əslində, daxilində daim sərrast işləməkdə olan saatın diktəsi ilə saniyə-saniyə irəliləyirsən.

Aparıcı növbəti həmləsini edir və qara eynəkli bir sualın içərisində bir neçə ittiham, tənqid, həm də qarayaxma var. Sual uzun deyil, vur-tut yarım dəqiqə ola-olmaya. Amma bir qısa suala bu qədər qınayıcı çalarlar sığışdırılıbsa, mətn bir daha göstərir ki, bu sualların hər biri cidd-cəhdlə hazırlanıb. Sual eşidilincə belə təsəvvür yaranır ki, sanki azı 4-5 uzantısı olan qısa sualın altından çıxa bilməkçün uzun cavab verməyə ehtiyac duyulacaq. Lakin Prezident İlham Əliyev elə həmin sualın səsləndiyi vaxta tam tən gələn saniyələr ərzində öz cavabını verir və müxbirin nəzərincə, guya sualın ən effektli hissəsi olacaqmış kimi görünən son müddəanın da əsassızlığını rahatlıqla rədd edir. Korrupsiyadan, insan hüquqlarından, söz azadlığından bəhs edən aparıcı köntöy sualını, yəqin ki, Prezident İlham Əliyevin həyat yoldaşının ölkənin Birinci vitse-prezidenti olması eyhamı ilə ailə idarəçiliyi məsələsi üzərinə gətirir. Əvvəlki ittihamları arqumentli cavabı ilə dəf etdiyi kimi, Prezident İlham Əliyev eyni ailədən olan üzvlərin siyasətdə, dövlət işində görünməsinin normal bir hal olduğunu dərk etməkçün müxbirə uzağa getməməyi, öz ölkəsinə nəzər salmağı təklif edir: "Korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik.

...Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm: orada mühüm vəzifələri ata və oğul tutmuşdu - Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə də belə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir".

Lakin müxbir əl çəkmir, iddia edir ki, belə hallar Amerikada da varsa, orada onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdir.

Və müsahibədəki həmin həlledici dönüş məqamı yetişir.

Bayaqdan durmadan hücuma keçən aparıcının öz ölkəsini demokratiya örnəyi kimi göstərməsinin heç də həqiqət olmadığını Prezident İlham Əliyev bircə istehzalı cümləsiylə ortaya qoyur: "Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş".

Bütün dünyanın da, təbii ki, "Fox News"un müxbirinin də ABŞ-dakı 2000-ci il prezident seçkiləri yaxşı xatirindədir. O vaxt Albert Qor seçkilərdə qalib gəlmişdi. Amma bu, "demokratiya etalonu" hesab edilən dövlətin döşünə yatmadı, səsləri təzədən başqa cür saydılar və Buşu qalib elan etdilər. Ayrı ölkələrdə seçkiləri müşahidə etməkçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) qatılmazsa, həmin seçkiləri qeyri-legitim, yetərincə demokratik olmayan hesab edən ABŞ nədirsə, 200-ə yaxın ölkədə seçkiləri izləmiş bu qurumun Buş seçkiləri vaxtı tam tərkibli missiya ilə fəaliyyətinə qadağa qoydu.

Və Prezident İlham Əliyevin rişxəndli cümləsinin müqabilində aparıcının reaksiyası artıq məğlubiyyətin ifadəsidir, "haqlısınız" anlamındadır:

"Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident".

Və indi Prezident İlham Əliyev hücum edir, rəqibi karıxdırmış zərbəsinin ardınca növbəti yıxıcı zərbəsini endirir:

"Bəli, bilirəm. Mən hazırlıqlı adamam".

Yəni sizin ölkənizlə bağlı mən tək bunu yox, çox şeyləri bilirəm, yəni qarşınızdakının hər anda daha kəskin əks-zərbəsinin gələ biləcəyinə də əmin olun, yəni özünüzü yığışdırın!

Qarşısındakının sadəcə hazırlıqlı deyil, çox hazırlıqlı adam olduğunu püxtə aparıcı, söz yox ki, elə müsahibənin əvvəlindən anlayırdı, amma həmsöhbətinin nəzakətli rəftarını görüncə belə sərt dönüşlə onu naqolay vəziyyətə sala biləcəyini, ola bilsin, fərz etmirdi və çərtiləndən sonra başa düşdü ki, qulaqburmanın ardı da gələ bilər.

Ona görə məhz həmin andan - 17-ci dəqiqədən sonra intervünün ahəngi dəyişir.

Əks tərəfin sənin gücünü bütün əyaniliyi ilə hiss etməsinə hər qarşıdurmada ehtiyac var. Həm də rəqib bu gücün sadəcə söz yox, məhz onu yenə biləcək GÜC olduğunu çılpaqlığı ilə duymalıdır.

İlham Əliyev həmin məqamda qarşı tərəfin zəif nöqtəsini taparaq zərbəni də düz ora endirib, olsun ki, cavabını bir cümlə ilə yekunlaşdırmayıb bir neçə cümləyə də çevirə bilərdi və bayaqdan hücumda olan müxbir o haqlı, danılmaz deyişlərin qarşısında daha namünasib vəziyyətdə qalardı. Amma Prezident dərinə getmir, çünki bu anda hədəf başqadır, əsas məqsəddən yayınmaq olmaz.

Həm də digər incəlik var. Aradakı pərdəni saxlayır - həm necəliyindən asılı olmayaraq mətbuatla, həm də bu telekanalın məxsus olduğu dövlətlə.

(Axı beynəlxalq münasibətlərin kamil bilicisi kimi Prezident İlham Əliyev çox şey bilir. Axı məlum həqiqətdir ki, hələ Avraam Linkoln əyyamlarında da Amerikada seçki saxtakarlığı olub. O, prezidentliyə namizədliyini irəli sürəndə partiya qurultayında iştirak etməyəcək adamları salona yığdırmış, səslər onun xeyrinə verilmiş və beləcə, Linkoln qondarma yolla prezidentliyə vahid namizəd kimi təsdiqlənmişdi. Bu, uzaq dünən! ABŞ-dakı ən son prezident seçkilərinin də 4 il qabaq baş tutmasına baxmayaraq, əyintilər, pozuntularla bağlı tozanağı hələ də yatmayıb. Bunu da biz yox, elə Amerikanın sabiq prezidentlərindən olan Cimmi Karter söyləyib: "ABŞ-da olan seçki sistemini ən bəsit inkişaf etməkdə olan ölkə belə qəbul etməz").

Beynəlxalq efir, mətbuat müstəvisinin də əsl ikinci cəbhə sayılmasının, qızğın döyüş zolağı olmasının bir təsdiqi də budur ki, ara-sıra elə qarşı tərəf - Ermənistan da öz təmsilçiləriylə orada görünür və hər dəfə də, digər cəbhədəki kimi, şil-küt edilir, biabırçı məğlubiyyətə düçar olur.

Baş nazirləri ki heç, üzüqaralıq, baş vurduğu hər sahədə pərtliyə uğramaq o dövlətçilik və siyasət fərsizinin alnına yazılıb.

Adam dəmdəməki, cırqursaq ola bilər. Ancaq beləsi hansısa təsadüfün, ya tarixi avantüranın nəticəsində gəlib hakimiyyət taxtının ən yuxarısına dırmaşıbsa, bu, çox xatalıdır, çünki beləsi ölkəni ən ağır fəsadlara sürükləyə bilər. Di gəl, dövlət özü belə bir ipləmənin fitnələrinə uyursa, iqtidar ucdantutma hərdəmxəyallıq mərəzinə yoluxubsa, bu gün dediyi ilə dünən söylədiyinin uzlaşmaması o yana qalsın, bir saat əvvəl təsdiqlədiyi ilə 1 saat sonrakı əməli bir-biri ilə daban-dabana ziddirsə, bu, həmin dövlətin vətəndaşları üçün artıq fəlakətdir. Çünki belə davranışlar dövlətin əsaslarını sarsıdır, onun varlığını təhlükə altına qoyur. Bu gün Ermənistan həmin vəziyyətdədir. Dağlıq Qarabağda yaşayan ermənilərə illərdən bəri yekə-yekə öz müqəddəratını təyinetmə tələbləri ilə yaxa cıran Ermənistanın özünün gələcək müqəddəratı bu gün baş verənlərdən sonra çözülməsi müşkül görünən pırtlaşıq düyün halındadır.

Yaxşı, tutalım, baş nazirləri zəifdir, diplomatiyadan başı çıxmır, tarixdən kəmsavadddır, başda öz ana dili olmaqla heç bir dildə, o cümlədən, ingiliscə və rusca  içərisində aydın fikir daşıyan bircə cümlə qura bilmir, harada müsahibə veribsə, hansı efirə çıxıbsa, xar olub, öz biabırçı durumu ilə bizə işləyib, haqlılığımızı miskinliyi ilə əlavə dəfə isbata yetirib. Onu başa düşdük. Bəs Xarici İşlər naziri Zöhrab Mnasakanyan? O ki 30 ildir xarici siyasətdədir, əcnəbi dilləri də bilir, Avropa ölkələrində də işləyib, diplomatik üslubun fəndlərinə də bələddir. Bəs o, niyə aciz qalmışdı?!

BBC-nin aparıcısı Kristian Amanpur onu dirəmişdi divara, onsuz da elə həmişə görkəmindən fağırlıq yağan Z.Mnasakanyan bir az da cılızlaşmışdı, işğalçı ölkəsinin ordusu Azərbaycan Ordusu qarşısında darmadağın olan kimi, o da amansız müxbirin haqlı sualları qarşısında tam iflas vəziyyətində idi.

K.Amanpur aman vermədən sərt sual qoyur: "Dövlətinizin başçısı deyir ki, "Qarabağ Ermənistandır". Bu, Qarabağı özünə birləşdirmək istəməsi kimi qəbul edilə bilərmi?"

Ermənistan xarici işlər naziri guya diplomatik gediş edərək əvvəldən bu deyilişin kontekstdən ayrıldığını, baş nazirin belə söyləməklə məqsədinin guya Ermənistanın Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyində rolunu diqqətə çatdırmaq olduğunu, yəni bunun məcazi mənada işlənmiş olduğunu söyləyir. Öz aləmində sanki baş nazirini təmizə çıxarmaq istəyir. Amma faktiki olaraq uduzur. Çünki etiraf etmiş olur ki, Qarabağ Ermənistan deyil!

Əlbəttə deyil! Əlbəttə olmayıb və əlbəttə ki, heç vaxt da olmayacaq!

Biz bu gün yalnız Güclü Ordusu olan dövlət deyilik. Rəhbəri də bir Ordu olan xalqıq!

Savaşa İki Ordu ilə girən Xalq Qalib Olmazmı?!

...Qarabağda atəşlər açılır, toplar gurlayır, qırıcı təyyarələr uçur, mərmilər partlayır. Gözəlliklər məskəni o doğma yerlər 30 il olar ki, itirdiyi dincliyin, rahatlığın həsrətindədir. Vətən müharibəsi gedir.

Qarabağ savaşının son payızının o tayında qələbədən sonrakı ilk qış gəlir. Əzab görmüş bu torpağa, bəmbəyaz tənzifə dönüb yaralarını sarıyırmış kimi ağappaq qar yağacaq. Sonra yaz gələcək, Böyük Qələbədən sonrakı birinci bahar!

Buralardan hürküb qaçmış quşlar qayıdacaq, köhnə səngərlərin yerində çiçəklər açacaq, ağaclar pöhrələnəcək, yolu itmiş bulaqlara iz düşəcək, Qarabağın dünyaya köçkün kimi gəlməyən uşaqları doğulacaq...

Sabahkı Qarabağın, sabahkı Azərbaycanın yiyəsi olacaq xoşbəxt yurddaşlarım!

Bu gözəlliklərdən, bu azadlıqdan, bu sərbəstlikdən, bu nəfəs genliyindən zövq ala-ala yaşayın, sevin, şadlanın, qurun-yaradın, daha fərəhli günlərə ümidlər bəsləyin, amma heç vaxt unutmayın, daim minnətdar olun, həmişə əziz tutun!

O fədakar, mərd, yenilməz kişiləri ki, burulğanlı zəmanədə mümkünsüzü mümkün etməyi bacardılar, İKİ CƏBHƏdə çarpışaraq bütün bunları düşmən caynağından qurtardılar, sizə əbədi yadigar və əmanət etdilər!

Rafael HÜSEYNOV, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik

"525-ci qəzet"

  • Share: