Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

Müzəffər Ali Baş Komandanın böyük qələbəsi
11.11.2020 11:40
  • A-
  • A
  • A+

Müzəffər Ali Baş Komandanın böyük qələbəsi

Gözün aydın, Azərbaycan!

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi Qarabağ savaşı, Vətən müharibəsi xalqımızın Böyük Qələbəsi ilə başa çatdı. Dövlətimizin başçısı noyabrın 10-da gecə saatlarında Azərbaycan xalqına müraciətində elan etdiyi Böyük Qələbə xəbəri ilə ölkəmizin və xalqımızın başı üzərində parlaq günəş doğdu. Müzəffər Ali Baş Komandanın dönməz iradəsi və ağıllı, düşünülmüş rəhbərliyi ilə Vətən müharibəsi başa çatdırılıb, Azərbaycan torpaqlarının işğalına birdəfəlik son qoyulub. Bu, Azərbaycan tarixində təkrarolunmaz qələbədir.

Bu fikirləri AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli söyləyib. Akademik vurğulayıb ki, Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi on yeddi ildən artıq bir dövrdə ölkəmizin hərtərəfli inkişaf etdirilməsi və beynəlxalq aləmdə layiqli yer tutması üçün əsl liderlik missiyasını dönmədən həyata keçirib. Müstəqil Azərbaycan dövlətinin böyük addımlarla irəliyə doğru inkişaf etməsi və ölkəmizdə xalq-iqtidar birliyinin təmin olunması, dünyada rolumuzun və nüfuzumuzun artması Prezident İlham Əliyevin böyük liderlik missiyasını yüksək səviyyədə və dönmədən yerinə yetirdiyini beynəlxalq aləmin gözü qarşısında aydın surətdə nümayiş etdirir.

Prezident İlham Əliyev başqa yolumuz qalmadığı üçün torpaqlarımızı işğaldan azad etmək naminə başladığımız Vətən müharibəsində möhkəm əqidəli, hərtərəfli yüksək hazırlığa malik və qətiyyətli lider kimi hərb işinə də böyük bacarıqla rəhbərlik etməyin əsl nümunəsini göstərdi. Siyasi-ideoloji cəbhədə, informasiya müharibəsi aparmaqda və hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində nümayiş etdirdiyi qeyri-adi professionallıq və sarsılmaz iradə Azərbaycanın ədalətli Vətən müharibəsində qazandığı zəfərlərin möhkəm əsaslarını təşkil edir. Prezident İlham Əliyevin Azərbaycanın Vətən müharibəsində xalqa müraciətləri və xarici ölkələrin müxtəlif televiziya kanallarına, informasiya agentliklərinə verdiyi dərin məzmunlu müsahibələr özünün siyasi mahiyyəti, hərbi-strateji hədəfləri və səfərbərlik ruhu etibarilə ordulara bərabər güclü təsiredici imkanlara malikdir.

Dövlətimizin başçısını Azərbaycan xalqına sentyabrın 27-də müraciəti Dağlıq Qarabağ və ətraf torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda ədalətli müharibədə vətənpərvərlik və birlik nümayiş etdirməyə çağırışın ifadəsidir. Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətləri Vətən müharibəsində müstəqil dövlətimizin və xalqımızın qarşısında duran vəzifələrin strategiyası və taktikasını müəyyən edən siyasi-hərbi tezislərdir. Bu müraciətlər birlik, vətənpərvərlik və səfərbərlik dərsləridir. Azərbaycan Prezidentinin dünyanın müxtəlif qitələrinin, fərqli maraqlara malik olan ölkələrinin televiziya kanallarına, informasiya agentliklərinə verdiyi müsahibələrlə Vətən müharibəsi proseslərində müstəqil dövlətimizin siyasi-hərbi mövqeyinin, haqq işinin, ədalətli mübarizəsinin mahiyyətini beynəlxalq birliyə çatdıran aydın və sərrast bəyanatlardır.

Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətləri Dağlıq Qarabağda və ətrafında qədim torpaqlarımızın işğal edilməsinin səbəbləri və nəticələri, müstəqil dövlətimizin apardığı ədalətli mübarizənin əsas hədəflərinin real bəyannamələrindən ibarətdir. Bu bəyanatlar, həmçinin dünya ictimaiyyətini Ermənistanın, xüsusən də Paşinyan hakimiyyəti dövründə hər cəhətdən iflasa uğraması, məğlubiyyətə məhkum olması haqqında məlumatların çatdırılması baxımından əhəmiyyətlidir.

İ.Həbibbəyli vurğulayıb ki, Prezident İlham Əliyevin müsahibələri Ermənistanın işğalçılıq siyasətinin əsl təcavüzkar mahiyyətini açıb göstərən və ifşa edən ən kəsərli silahdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müraciətləri və müsahibələri Azərbaycanın hərbi strategiyası və taktikasının mükəmməl təlimidir. Həmçinin çoxəsrlik Azərbaycan tarixinin keşməkeşli səhifələrinə aydınlıq gətirən, dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılan dərsləridir. Azərbaycan xalqının birlik və həmrəyliyi, qalibiyyət ruhu, yenilməzliyi dövlətimizin başçısının müraciətləri və müsahibələrində sərrast şəkildə öz əksini tapıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına müraciətləri Qarabağ – Vətən müharibəsində qazanılan zəfərlər, işğaldan azad olmuş torpaqlarımız haqqında qələbə soraqlı ən mötəbər mənbələrdir. Müsahibələr Prezident İlham Əliyevin geniş dünyagörüşə və hərtərəfli hazırlığa, dərin biliklərə və hazırcavablığa malik olduğunu bir daha nümayiş etdirir. Postmüharibə dövründə müstəqil Azərbaycan dövlətinin hədəfləri və vəzifələri də Prezident İlham Əliyevin müsahibələrində öz əksini tapıb.

Nəhayət, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müraciətləri və müsahibələri onun hərbi sərkərdəlik qabiliyyəti, müharibə dövrünün mürəkkəb proseslərini təhlil edib dəyərləndirmək, ən münasib çıxış yollarını müəyyənləşdirərək rəhbərlik etmək məharətini də aydın surətdə nümayiş etdirir.

Vətən müharibəsində qazanılan Böyük Qələbə Azərbaycan Prezidentinin Qarabağ uğrunda zəfərlərinin salnaməsidir, parlaq səhifəsidir.

Bu, Ali Baş Komandan İlham Əliyevin Qələbə əzminin, sarsılmaz iradəsinin, qətiyyətli praqmatik siyasətinin, hərbi-sərkərdəlik məharətinin qanunauyğun nəticəsidir. Böyük Qələbə Prezident İlham Əliyevin simasında Azərbaycanda yaranmış dəmir yumruq kimi möhkəm xalq-iqtidar birliyinin həlledici uğurudur. Bu, İlham Əliyevin müdrik siyasəti nəticəsində hər cəhətdən inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin qələbəsidir. Müzəffər Ali Baş Komandanın vətənpərvərlik, azərbaycançılıq ruhunda tərbiyə edib yetişdirdiyi, ən müasir hərbi texnika ilə silahlandırdığı qəhrəman Azərbaycan Ordusunun zəfəridir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın xalqımıza hər bir müraciəti Qarabağın qədim tarixə malik Azərbaycan torpağı olmasının, ölkəmizin haqq işinin və ədalətli mübarizəsinin tarixi və siyasi cəhətdən əsaslandırılmasına, əsl gerçəkliyin dünya ictimaiyyətinə çatdırılmasına uğurla xidmət edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev memarı olduğu Böyük Qələbə ilə hər bir azərbaycanlının qəlbində abidə ucaltdı. Gözün aydın, Azərbaycan!

"AzərTac"

  • Share: