Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

Haqq gəldi, batil məhv oldu
16.12.2020 14:45
  • A-
  • A
  • A+

Haqq gəldi, batil məhv oldu

Yetmiş illik sovet əsarətindən azad olmuş gənc ölkəmiz müstəqillik dövrünün ilk illərini separatizm, ərazilərinin iyirmi faizinin işğalı və bir milyondan artıq vətəndaşının öz əzəli yurd-yuvasından qaçqın və məcburi köçkün düşməsi ilə yaşanan ağır bir sınaqla qarşıladı.

Mövcud işğal faktı ilə bağlı Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı və bir sıra digər nüfuzlu beynəlxalq qurumların qəbul etdikləri müvafiq qətnamə və qərarlara bu otuz illik müddətdə işğalçı Ermənistan tərəfindən etinasız və saymazyana yanaşıldı.

Təəssüflər olsun ki, müasir dünyamızda hələ də hökm sürən ikili standartlar sayəsində münaqişə zonasında haqlı ilə haqsız arasında fərq qoyulmaması, işğalçı ilə işğala məruz qalana eyni nəzərlə yanaşılması nəticəsində qəbul edilmiş beynəlxalq hüquqa əsaslanan qərarlar icra edilmədi, yalnız kağız üzərində qalmaqla nəticələndi.

Otuz ilə yaxın dövr ərzində dünya ictimaiyyətinin susqunluğundan və biganəliyindən cəsarətlənən təcavüzkar Ermənistan öz iyrənc faşizm siyasətini davam etdirərək torpaqlarımızı taladı, xalqımıza məxsus bütün tarixi-mədəni və dini abidələrimizi yer üzündən silmək məqsədilə yerlə yeksan etdi, dağıtdı. Bu vandalizm aktları nəticəsində ölkəmizə dəyəri on milyardlarla dollar səviyyəsində ölçülən maddi və mənəvi ziyan dəydi.

Nəhayət, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq müzəffər Azərbaycan ordusu şanlı tarix yazdı. Düşmənin bir neçə ilə işğal etdiyi və otuz ilə yaxındır əsarət altında saxladığı tarixi torpaqlarımızı rəşadətli ordumuz yalnız 44 gün ərzində işğaldan azad etdi.

QARABAĞ AZƏRBAYCANDIR! – şüarı ilə düşmən üzərinə şığıyan rəşadətli Azərbaycan ordusu qarı düşməni məğlub etdi, bütün işğal edilmiş torpaqlarımızı azad edərək həmin ərazilərdə şanlı Azərbaycan bayrağını böyük qürurla dalğalandırdı.

Ali Baş Komandan cənab İlham Əliyevin vurğuladığı kimi, xalq-iqtidar birliyinin vəhdətindən doğan Dəmir yumruq düşmənin başını əzdi, belini sındırdı. Düşmən hələ uzun illər unuda bilməyəcəyi layiqli cavabını aldı. “Məğlubedilməz Ermənistan ordusu” mifi darmadağın edildi.

Bu yolda şəhidlərimiz, qazilərimiz oldu. 2783 igid Azərbaycan oğullarının canı və qanı bahasına ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların icra edə bilmədikləri, bəlkə də etmək istəmədikləri qətnamə və qərarları özü icra etmiş oldu.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi güc və bu gücə söykənən siyasi iradə sayəsində vətən həsrəti sona yetdi. Xalqımız uzun illərdir intizarında olduğu tarixi torpaqlarına qovuşdu, ərazi bütövlüyümüz təmin edildi.

Əlbəttə, əldə edilmiş bu uğurların, bu zəfərin təməlində illərlə aparılan uğurlu və məqsədyönlü ali siyasət dayanır. İqtisadi, siyasi və hərbi sahələr üzrə görülən işlər, həyata keçirilən islahatlar öz bəhrəsini verdi. Artıq regionun lider ölkəsi olan Azərbaycan Respublikası, dünyanın əlli ən güclü orduları sırasında yer alan güclü Azərbaycan ordusu vardır.

Zəfərlərin mübarək, Azərbaycan!

Coşqun MƏMMƏDOV, AMEA Rəyasət Heyətinin Elmi katibi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: