Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

Vətən müharibəsi Azərbaycan Prezidentinin, xalqının və ordusunun qələbəsidir!
29.12.2020 13:50
  • A-
  • A
  • A+

Vətən müharibəsi Azərbaycan Prezidentinin, xalqının və ordusunun qələbəsidir!

Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan bu ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atdı, sentyabrın 27-də baş verənlər isə səbr kasasını daşıran son damla oldu. Vətən müharibəsi başlamışdı və bütün Azərbaycan bir neçə dəqiqənin içində cəbhəyə kökləndi. Hamının qəlbi Vətən naminə döyündü.

Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-Xalq birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu.

Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.

Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”.Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən isə xilas olmaq üçün bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. Azərbaycan isə onların cavabını döyüş meydanında verdi. Heç vaxt mülki əhaliyə əl qaldırmadı. 1992-ci ildə Xocalı soyqırımını törədəndə də düşmənin məqsədi dinc əhalini qırmaqla Azərbaycan xalqının ruhunu sındırmaq, onu psixoloji böhrana salmaq idi. Bu dəfə də həmin metoddan istifadə etdi. Amma Azərbaycan xalqı öz haqlı davasında axıra qədər getdi.

Prezident İlham Əliyev hər dəfə yeni kənd və şəhərlərimizin işğaldan azad olunması xəbərini xalqa çatdıranda bu, insanlarda qələbəyə böyük ümid yaradırdı. Hətta azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılması belə xalqımızın qələbə əzminə təsir etmədi, indi onlar səbirsizliklə doğma torpağa qayıdacaqları günü gözləyirlər. Prezident İlham Əliyev həmişə deyirdi ki, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir. Bu gün döyüş meydanında baş verənlər Azərbaycan Prezidentinin uzaqgörənliyini, onun hadisələrə fərqli yanaşma bacarığını ortaya qoydu. Bu, həm də xalqın öz liderinə sonsuz inamının, ona etimadının təntənəsi idi.

Vətən müharibəsi regional və qlobal miqyasda Azərbaycana dəstəyi də nümayiş etdirdi. Biz kimin kim olduğunu gördük və çoxları nəhayət, anladılar ki, Azərbaycanın ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətli və önəmlidir. Azərbaycan Ermənistandan fərqli olaraq heç kimdən kömək istəmədi. O, yalnız öz gücünə arxalandı, xalqın marağı dövlətin iradəsi ilə birləşib düşmənə sarsıdıcı zərbə vurdu. Bu da ondan irəli gəldi ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin əsas özəlliyi onun Azərbaycanın milli maraqlarını ehtiva etməsidir. Onun hakimiyyətdə olduğu 17 il ərzində ölkəmizin xarici siyasət kursunda yalnız bu prinsiplər üstünlük təşkil edib: Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu qoruyub saxlamaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək. Və bu da nəticə: Azərbaycan 30 ildir məruz qaldığı təcavüzü aradan qaldırdı, döyüş meydanında olduğu kimi, diplomatiya arenasında da qalib gəldi.

Prezident İlham Əliyevin Azərbaycanın milli mənafelərinin qorunmasına xidmət edən xarici siyasət kursunda əsas müddəalardan biri də ərazi bütövlüyü prinsipinin prioritet elan edilməsi idi. Vətən müharibəsinin gedişi və düşmən üzərində qazanılan parlaq qələbə nəhayət ki, məsələyə son nöqtəni qoydu. Amma bu nəticənin əldə olunması xeyli zəhmət bahasına başa gəlmişdir. Azərbaycan Prezidenti ölkənin xarici siyasətini xoş niyyət üzərində qurub. Biz bütün ölkələrlə qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinə əsaslanan münasibətlər formalaşdırmışıq. Bu, dünya miqyasında, beynəlxalq aləmdə qəbul edilən prinsipdir və Azərbaycan onun ən gözəl örnəyidir. Təsadüfi deyil ki, indi Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının fəal üzvüdür, eyni zamanda, Avropa İttifaqı ilə yaxın münasibətləri var. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib. Yəni bu, o deməkdir ki, bizim xarici siyasət gündəliyimiz əməkdaşlığın, tərəfdaşlığın gücləndirilməsi və qarşılıqlı fayda üzərində qurulub. Bir sözlə, Azərbaycanın yürütdüyü xarici siyasət kursu bizə çoxlu dostlar qazandırıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara qoşulub. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edib. Bu görüşlər üçün dünyadakı 200 ölkə arasında məhz Azərbaycanın seçilməsi təbii ki, Prezident İlham Əliyevin müstəqil xarici siyasət kursuna olan hörmətin təzahürüdür.

Azərbaycan beynəlxalq miqyasda söz sahibinə çevrilməsin də onun iqtisadi gücü də əhəmiyyətli rol oynayıb. Uğurlu enerji diplomatiyası Azərbaycanı Avropanın strateji tərəfdaşına çevirib. Ancaq Vətən müharibəsinin gedişində Ermənistan bu tərəfdaşlığın təhlükəli subyektinə çevrilmişdi. Onlar Ermənistanla dövlət sərhədimizdə bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdi. Bununla onlar həm də Avropa istehlakçılarını şantaj edirdi. Lakin onlara ciddi cavab verildi, Azərbaycan onların geriyə çəkilməsinə nail oldu. Bir məqama da toxunaq ki, Prezident İlham Əliyev ölkənin iqtisadi gücünü diplomatik müstəviyə yaxşı transformasiya edib, ölkəmizin ətrafında kifayət qədər beynəlxalq maraq toplayıb. Belə olmasaydı biz 2011-ci ildə 155 ölkənin səsini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməzdik. Hələ o vaxtlar bələ HəHələ u hadisə ölkənin beynəlxalq miqyasda tanıdılması istiqamətində illərdir həyata keçirilən gərgin əməyin bəhrəsi kimi görünürdü. Bu, bizə şər-böhtan atan qüvvələrə ən yaxşı cavab idi. Çünki Azərbaycan illərdir dünyada müasir, müstəqil və inkişafda olan ölkə kimi tanınır və bunu son illərdə Bakının ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərdən də görmək olur. Türk Şurasının dövlət başçılarının zirvə görüşü, Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, Dünya Dini Liderlərinin ikinci Bakı sammiti, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti... Yeri gəlmişkən qeyd edək ki, BMT-dən sonra bu, ən böyük beynəlxalq təsisatdır. BMT-nin rəhbəri yoxdur, amma Qoşulmama Hərəkatının lideri var, bu da Azərbaycandır.

Bu liderliyin bəhrəsini biz elə Vətən müharibəsinin gedişində də gördük. Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın maraqlarının əksinə münaqişə ilə bağlı yeni sənədin qəbul edilməsinə çalışanda maraqlı vəziyyət yarandı. Qoşulmama Hərəkatında təmsil olunan ölkələr bu sənədin qəbuluna imkan vermədilər. Onlar haqqın, ədalətin yanında durdular. Bu hadisə Azərbaycanın öz haqlı davası ətrafında ədalətli komanda formalaşdırdığını göstərdi. Baxmayaraq ki, hələ uzun illər öncə bir çox beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən başqa BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Bu, münaqişə ilə bağlı beynəlxalq hüquqi çərçivəni müəyyən etdi, Azərbaycanın mövqelərini möhkəmləndirdi. İndi təsəvvür edin ki, Azərbaycan bu addımları vaxtında atmasaydı bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi.

Amma qəbul olunan beynəlxalq qərar və qətnamələrin çoxu uzun illər idi ki, kağız üzərində qalmışdı. Ermənistanın indi düşdüyü vəziyyətin əsas səbəblərindən biri onların təcavüzkar siyasətidirsə, digər mühüm səbəb beynəlxalq birliyin vaxtında təcavüzkarın cəzalandırılmaması ilə bağlı göstərdiyi anlaşılmaz mövqedir. Bu isə özlüyündə suallar doğurur: niyə indiyə qədər bu məsələ həll olunmadı? Birləşmiş Millətlər Təşkilatının qərarları niyə icra edilmədi? Niyə təcavüzkar dövlətə qarşı sanksiyalar tətbiq olunmadı? Halbuki Prezident İlham Əliyev dəfələrlə beynəlxalq kürsülərdən, BMT Baş Assambleyasının iclaslarında bəyan etmişdi ki, Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Bütün bunlar baş verməyəndə Azərbaycan özü təkbaşına 30 ildir icra olunmayan həmin qətnamələri döyüş meydanında icra etdi. Bu, həm də beynəlxalq hüquqda ədalətin bərpası, haqqın qalib gəlməsi idi.

Bu günlərdə qardaş Türkiyənin Azərbaycana dəstəyini xüsusi vurğulamaq lazımdır. Vətən müharibəsi başlayan kimi Türkiyə dərhal öz mövqeyini ortaya qoydu. Qardaş ölkənin bütün rəsmi şəxsləri bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və bütün işğal edilən torpaqlar öz sahibinə qaytarılmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Prezident İlham Əliyevlə təmaslarında Azərbaycanın haqlı davasını dəstəklədi və qətiyyətlə bildirdi ki, sona qədər Azərbaycanın yanındadır. Ona görə də Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynadı. Çünki Prezident Rəcəb Tayyib Ərdoğanın ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi.

Beləliklə, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. Bu qələbə istisnasız olaraq Prezident İlham Əliyevin diplomatiyasının ən böyük uğurudur. Çünki ölkəmizin illərlə topladığı beynəlxalq nüfuz haqlı davamıza qüvvət verdi, onu daha güclü etdi. Bu çətin günlər qardaşlığın, dostluğun dəyərini anlatdı. Biz bir daha şahidi olduq ki, tarix heç vaxt öz funksiyasını dəyişmir, dostlar düşmənə, düşmənlər dosta çevrilmir. Qalib gələn ədalət və ölməyən həqiqət olur.

Bu qələbə bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Gördülər ki, ötən 30 ildə Azərbaycan öz haqlı davasından bir addım da geri çəkilməyib və Azərbaycan Prezidenti döyüş meydanında tarixi ədaləti bərpa etməkdə qərarlıdır. Bu, işğalçını sülhə məcbur etmək, düşmənə layiq olduğu yeri göstərmək üçün əsil ölüm-qalım mübarizəsi idi. Biz həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin arzusunun, onun öz davamçısına vəsiyyətinin tarixi reallığa çevrilməsini gördük. İlham Əliyev ata vəsiyyətini yerinə yetirməklə Azərbaycan tarixinə şanlı səhifə yazdı. Doğma xalqı qarşısında bütün zamanların ən dəyərli missiyasını uğurla həyata keçirən Böyük Sərkərdənin başçılıq etdiyi müzəffər ordu 1992-ci il mayın 8-də əlimizdən zorla alınan Şuşanı da 2020-ci ilin noyabrın 8-də doğma nəfəslərlə isindirdi.

Artıq həyatımızda yeni dövr başlayır. Bu dövrün özəllikləri olacaq. Biz Azərbaycanın beynəlxalq münasibətlərdə yürütdüyü siyasətin yeni konturlarını görəcəyik. İkitərəfli və çoxtərəfli əlaqələrdə yeni əməkdaşlıq parametrləri müşahidə olunacaq. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Onlar gördülər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır.

Məmməd ƏLİYEV, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor

Şəhla TAHİRQIZI, AMEA Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: