Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

Millli ictimai fikrin inkişafında “Molla Nəsrəddin” jurnalının rolu müzakirə edilib
20.04.2021 14:36
  • A-
  • A
  • A+

Millli ictimai fikrin inkişafında “Molla Nəsrəddin” jurnalının rolu müzakirə edilib

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” jurnalının təsis edilməsinin 115-ci ildönümü münasibətilə dəyirmi masa təşkil olunub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək əvvəlcə Azərbaycan mətbuatının tarixinə nəzər salıb. Xüsusilə XX əsrin əvvəllərində ölkədə mövcud olan mədəni inkişafdan, o dövrün tanınmış mətbuat orqanları və onların fəaliyyətindən danışıb. Qeyd edib ki, xalqın milli birliyinə xidmət edən “Molla Nəsrəddin” jurnalı xürafat və cəhalətə qarşı ucalan etirazları ifadə edib, elm və təhsilin təbliğinə çalışıb, cəmiyyətdə mövcud olan nöqsanları sadə xalq dilində çatdırmağı bacarıb. Bu satirik jurnal sovet hakimiyyəti dövründə mövcud ideologiya əsasında tədqiq edilib, bir sıra söz və ifadələr dəyişdirilərək oxuculara təqdim olunub. Alim müstəqilliyimizin bərpasından sonrakı dövrdə ədəbiyyatımıza, mətbuatımıza, bütövlükdə mədəniyyətimizə göstərilən dövlət qayğısından da bəhs edib. O, “Molla Nəsrəddin” jurnalının milli ideologiya əsasında öyrənilməsi, tədqiqi və təbliği məsələlərindən də söz açıb.

Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Ramiz Qasımov, Elxan Məmmədov, Zülfiyyə İsmayıl və kiçik elmi işçi Mirsəlim Eminov “Molla Nəsrəddin” jurnalının milli ictimai fikrin inkişafında rolu, nəşrdə ifadə olunan folklor və dil məsələləri, qrafika sənəti haqqında məlumat veriblər.

Daha sonra mövzu ilə əlaqədar müzakirələr aparılıb. XX əsr Azərbaycan ədəbiyyatında aparıcı romantizm və realizm ədəbi cərəyanları, bu cərəyanların əks olunduqları qəzet və jurnallar, onların təbliğ etdikləri ideya fərqlilikləri müzakirənin ilkin mərhələsini təşkil edib. “Molla Nəsrəddin” jurnalının cəmiyyətdə, eləcə də ədəbiyyatımızda yaratdığı rezonansın səbəbləri, mənəvi və psixoloji təsirləri, jurnalda əks olunan karikatura və digər qrafik təsvirlərin əhəmiyyəti kimi məsələlər gənc tədqiqatçılarda böyük marağa səbəb olub.

Sonda “Molla Nəsrəddin”çilər haqqında fikir mübadiləsi aparılıb, bu satirik jurnalın ədiblərimizin yaradıcılığına göstərdiyi təsirlər təhlil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: