Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

Lider dövlətin imicinə zərbə vuran qərəzli addım
27.04.2021 10:05
  • A-
  • A
  • A+

Lider dövlətin imicinə zərbə vuran qərəzli addım

İndiki dövrdə Amerika Birləşmiş Ştatları dünyanın ən qüdrətli, lider dövlətlərindən biri, birincisi sayılır. Ən azından ABŞ rəhbərləri bu iddiadadırlar. Dünya isə olduqca ağır bir vəziyyətdədir. Bir tərəfdən qlobal iqlim dəyişiklikləri, bir tərəfdən iqtisadi böhranlar, siyasi qarşıdurmalar, müxtəlif ölkələrdə gedən müharibələr, pandemiya, aclıq, işsizlik və bu kimi xeyli problemlər  bütün yer üzündə olduqca gərgin, acınacaqlı bir vəziyyət yaradıb. İnsanlarda biri-birlərinə olan etimad, etibar,  sevgi, sabaha inam azalıb. Belə bir vəziyyətdə həqiqətən də lider olan dövlətlərin əsas borcu yer üzünü bu bəlalardan qurtarmaq, qan burulğanlarını dayandırmaq, hüquqi, mənəvi azadlıqları təmin etmək, insanların güzəranını, əhval-ruhiyyələrini yaxşılaşdırmaq üçün yollar axtarmaqdır. Bəli, həqiqi mənada lider olan dövlətlər yer üzünə əmin-amanlıq, sülh gətirmək üçün əllərindən gələnləri etməlidirlər. İndi yer üzünün belə həqiqi lider dövlətlərə çox böyük ehtiyacı var.

Çox təəssüf ki, indiki zamanda  özlərinə liderəm deyən dövlətlərin heç biri tarixin onların boyunlarına bir borc kimi qoyduğu bu vəzifələri yerinə yetirmir. Əksinə, onların fəaliyyəti yer üzündə gərginliyi, problemləri günü-gündən artırmaqda davam edir. Müdrik insanların, dini sistemlərin, nəzəriyyələrin insanlığın mahiyyəti, borcu barədə çağrışları qulaq ardına vurulur. Təəccüblü odur ki, sanki bu lider adlanan dövlətlərin başçıları qloballaşmanın mahiyyətini, tələblərini lazımınca dərk edə bilmirlər. Başa düşmək istəmirlər ki, müdrik insanların dediyi kimi, hamımız – bütün insanlar bir gəminin içərisindəyik. O gəmi batanda hamı batacaq. O gəmidə gərginliyin artması yeni-yeni fəsadlar yaradır, gəminin dibinin deşilməsinə aparır. O gəminin xilası, insanlar arasında sevgi, məhəbbət, əmin-amanlıq, sülhdür.

Artıq yüz ilə yaxındır ki, Amerika özünü hər zaman yer üzünün xilaskarı rolunda təqdim etməkdədir. Haqdan, ədalətdən, demokratiyadan danışır. Özünü bu sahədə nümunəvi bir ölkə kimi göstərməyə çalışır. İlk baxışdan, uzaqdan bu, belə də görünür. Amma təəssüf ki, əməldə bu belə deyildir. SSRİ dağılandan sonra biz Amerikanı daha yaxından tanıdıq. Biz bu yaxınlığa çox böyük ümidlə baxırdıq. Bu yaxınlıqdan çox şey gözləyirdik. İlk növbədə özlərinin elan etdikləri haqq, ədalət, demokratiya gözləyirdik. Amma çox təəssüf ki, bunun əksini gördük. Sonrakı məlumatlardan aydın oldu ki, ABŞ 1990-cı ildə 20 yanvar qırğınlarının törədilməsində də maraqlı olub. Bu məsələ ilə bağlı başqa dövlətlə altdan-altdan danışıqlar aparıb. Torpaqlarımızı mənfur düşmənlər işğal edəndə də insanların böyük bir qismi ümidini Amerikaya bağlamışdı. Amma Amerika təəcüblü şəkildə susurdu. Haqqı-ədaləti müdafiə etmək əvəzinə işğalçını müdafiə edirdi. Üzdə üzümüzə gülümsəyib yenə də demokratiyadan, insan haqlarından danışa-danışa xalqın hüquqlarını qulaq ardına vururdu. Biz böyük arzularla demokratik dəyərlərdən bəhrələnmək istədiyimiz vaxtda, Amerikanın məyusedici addımlarının şahidi olurduq. 1992-ci ilin fevral ayının 26-da mənfur düşmən Xocalıda tarixin ən qanlı, ən qəddar soyqırımını həyata keçirdi. Yenə də gözlərimiz Amerikaya dikildi. Özünü demokratiyanın, insan haqlarının carçısı elan edən bu qüdrətli dövlətin bizi ciddi şəkildə dəstəkləyəcəyini düşündük. Əvəzində həmin ilin 24 oktyabrında ABŞ Konqresi  postsovet ölkələrinin inkişafına yardım etmək üçün qəbul edilmiş “Azadlığa dəstək aktı”nın 907-ci maddəsinə etdiyi əlavə bizə ciddi mənəvi və maddi zərbə vurdu. Bu düzəlişlə torpaqlarımız işğal olunduğu halda tələb olunurdu ki, işğalçıya heç bir müqavimət göstərməyək. Əks halda Azərbaycana dövlət səviyyəsində hər bir kömək qadağan edilirdi. Bu qadağa hesabına biz ölkənin inkişafına Amerikadan dövlət səviyyəsində kömək almayan yeganə postsovet respublika olduq.

Kimsə belə düşünməsin ki, bunları yazmaqla mən Amerika əleyihə təbliğat aparmaq istəyirəm. Əksinə, mənim hamı üçün məlum olan bu fikirlərim Amerikaya xoş münasibətdən, “uman yerdən küsərlər” deyimindən irəli gəlir. Mən yenə də Amerikaya böyük ümidlə baxır, onun nəhayət ki, öz adına layiq fəaliyyət göstərməsini arzu edirəm.   

ABŞ dövləti Rusiya və Fransa dövləti ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədridir. Bu qrup Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün yaradılıb. Həmin qrupun 30 ilə yaxın fəaliyyəti onu göstərdi ki, onlar ədalətli qərarlar qəbul etmək əvəzinə, Azərbaycanın başını qatmaqla məşğuldular. Nəticədə, Azərbaycanın tarixi torpaqları - bütün yaşayış məntəqələri yerlə-yeksan oldu, müqəddəs yerləri təhqir olundu. Həmsədrlər isə bu vəhşiliyi görə-görə hələ də susurlar. 44 günlük İkinci Qarabağ müharibəsində beynəlxalq hüquqlar əsasında öz işğal olunmuş torpaqlarımızı düşməndən azad etdiyimiz zaman biz yenə Amerikadan dəstək gözlədik. Yenə də ögey münasibət gördük. Düşmənin qadağan olunmuş silahlarla dinc əhalimizi qırmalarını da sakitliklə izlədilər.

Nəhayət, bu ilin 24 aprelindəki bu cılız addım. Hörmətli Prezidentimiz İlham Əliyevin dediyi kimi, yanlış və tarixi xəta olan bu “soyqırımının  təsdiqi” dərin, acı təəssüf doğurur. Tək ona görə yox ki, bu, bizim, bütün türk dünyasının əleyhinədir. Bu addım ona görə belə acınacaqlıdır ki, bu fikri dünyanın ən nəhəng dövlətinin başçısı yalan danışdığını bilə-bilə səsləndirdi. Axı bütün tarixi mənbələr təsdiq edir ki, bu “genosid məsələsi” siyasi bir oyundur. Qısa bir zamanda o vaxtın silahları, nəqliyyatı ilə 1,5 milyon adamı qırmaq, 3,5 milyon adamı ölkədən çıxarmaq qeyri-mümkündür. Buna aid heç bir tarixi sənəd yoxdur. Türkiyə öz arxivlərini hər kəsin üzünə açdığı halda, ermənilər öz arxivlərinə heç kimi yaxın buraxmaq istəmir. Hamı bilir ki, bir vaxtlar Türkiyədə hər sahədə, orduda da yüksək statuslara malik olan ermənilər XIX  əsrin sonu - XX əsrin əvvəllərində öz yaşadıqları ölkəyə arxadan zərbə vurmağa, düşmənlərin maraqlarına uyğun fəaliyyət göstərməyə başladılar. Dövlət də bunun qarşısını almaq üçün hər bir dövlətdə olduğu kimi müəyyən tədbirlərə əl atdı. Amma gözləri qızmış ermənilər həm Türkiyədə, həm də Azərbaycanda çox sayda insan tələfatına səbəb olan qırğınlar törətdilər. Öz  törətdikləri qırğınların adını çəkməyən ermənilər illər keçdikdən sonra öz  havadarlarının, qulluq göstərdiklərinin köməyi ilə bir saxta soyqırımı əfsanəsi düzəltdilər. Bu əfsanənin zəhərini uda-uda son yüz ildə faşistlərdən daha çox faşist oldular. Bu isə müəyyən güc mərkəzlərinə onlardan alət kimi istifadə etmək imkanlarını xeyli artırdı.

  “Erməni soyqırımı” məsələsinin nə qədər yalan, qondarma olduğunu Amerikanın tarixçiləri də çox gözəl bilirlər və bu haqda dövlətə dəfələrlə məlumat da vermişlər. Bunu C.Baydenin sələfləri də yaxşı bilirdilər. Ona görə “soyqırımı”  ifadəsini dilə gətirmirdilər. Təbii ki, Bayden özü də bu barədə müfəssəl məlumata malikdir. Amma o, belə bir addımı atdı. O, öz məsuliyyətini anlamalı idi. Belə bir addımla ilk növbədə Türkiyə və Azərbaycan kimi Amerika üçün strateji əhəmiyyətli ölkələrlə münasibətlərə ciddi zərbə vurdu. Eyni zamanda bütün türk dünyası, İslam dünyası ilə münasibətlərdə soyuqluq yaratdı. Ciddi siyasətçilərin, tarixçilərin yanında gözdən düşdü.

Aydındır ki, Bayden belə düşünür ki, o, bunu siyasət xatirinə edib. İndi o,  ermənilərdən hər zamankı kimi bir alət olaraq istifadə etmək sevdasına düşüb. Ermənilərin özlərinin ayıq adamlarının da etiraf etdiyi kimi, ermənilərdən “anbarda qalmış bir silah kimi” yararlanmaq istəyir. Amma nəzərə ala bilmir ki, dünya artıq 30 il bundan qabaqkı dünya deyil. Türkiyə və Azərbaycanla münasibətləri soyuqlaşdırmaqla, bir çox başqa ölkələrdə etibarı itirməklə öz ölkəsinin siyasətinə ağır zərbə vurur. Artıq ermənidən ov tulası kimi istifadə etməklə də 30 il bundan qabaqkı nəticələri əldə etmək mümkün deyil.  Əslində, mənim bu dediklərimi hər bir siyasətçi, hər bir ağıllı insan bilir, Baydendən başqa.

Baydenin bu siyasəti ermənilərin özləri üçün də xeyli zərərlidir. Çünki bununla o, zəhərli ideologiyanın eyforiyasına qapılmış erməni millətçilərini daha da qızışdıracaq. Onlarda ümid yaranacaq. Öz revanşist fəaliyyətlərini davam etdirməyə həvəsləndirəcək. Bununla da ermənilərin daha ağır vəziyyətə düşmələrinə səbəb olacaq. İndiki vaxtda, İkinci Qarabağ müharibəsindən sonra ermənilərin öz mənfur, faşizmdən daha betər ideologiyalarından əl çəkərək müstəqil bir dövlət qurmaları üçün tarixi imkan yaranmışdı.  Baydenin “soyqırımı təsdiq” psevdoqəhrəmanlığı erməni revanşistlərini qızışdırmaqla bu tarixi imkanı yoxa çıxara bilər. Bu isə ermənilərin daha dərin fəlakətlərə düşməsinə səbəb ola bilər. Ona görə də onun bu “siyasəti” məharətdən yox, məhdudiyyətdən xəbər verir.

C.Baydenin bu “soyqırımı təsdiqləməsi” bizim ölkəmiz, Türkiyə üçün təhlükəli deyil. Əksinə, başa düşməyənləri də başa salır ki, bizim Türkiyə ilə hər sahədə birlikdə olmağımız tarixi bir zərurətdir. Bu təsdiqləmə bütün türk dünyasının əlaqələrinin güclənməsini daha da sürətləndirəcək.

Habil QURBANOV, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, h.e.d. professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: