Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

Sənət və elm tarixində imzasını qoyan Azərbaycan qadınları mövzusunda konfrans keçirilib
06.05.2021 15:55
  • A-
  • A
  • A+

Sənət və elm tarixində imzasını qoyan Azərbaycan qadınları mövzusunda konfrans keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Qadınlar Təşkilatı tərəfindən “Sənət və elm tarixində imzasını qoyan Azərbaycan qadınları” adlı elmi-praktiki konfrans keçirilib.

Tədbirdə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov  ICESCO-nun İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının qərarı ilə 2021-ci ilin İslam aləmində “Qadın İli” elan edildiyini söyləyib.

Akademik qeyd edib ki, Azərbaycan qadınının mədəni, ictimai həyatdakı fəaliyyət tarixi haqqında silsilə konfranslar keçirmək, geniş həcmli məqalələr toplusu hazırlamaq mümkündür. Azərbaycan qadınının tarixdəki mühüm yeri və rolu bu gün dünya ictimaiyyətinə ardıcıl çatdırılmalıdır. Çünki Azərbaycan qadınının cəmiyyətdəki əhəmiyyəti təkcə XX yüzilliyin hadisəsi deyil.

Rafael Hüseynov tarixi ən azı VII əsrə söykənən “Kitabi-Dədə Qorqud” dastanlarındakı “qadın haqqı”, “ana haqqı”, “Tanrı haqqı” kəlamlarını yada salaraq, türk dünyasında qadına verilən yüksək dəyərdən bəhs edib. Vurğulayıb ki, XII əsr dünyanın heç bir ölkəsində Azərbaycan tarixində olduğu qədər qadın qəhrəmanlığı, qadın diplomatiyası, qadın poetik yaradıcılığı ilə tanınmır. Odur ki, bu fenomen diqqətlə öyrənilməli və bütün dünyaya təqdim edilməlidir.

Rafael Hüseynov Nizami Muzeyinin Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərovaya muzeyin tarixi quruculuğunda mühüm rol oynamış ziyalı qadınların yaradıcılığını, o cümlədən Azərbaycan qadınının tarixdəki rolunu işıqlandıracaq, tanıdacaq məqalələr toplusunun hazırlanmasını tövsiyə edib.

Sonra muzeyin Ekspozisiyanın qorunması, izahı və audiomüşayiətin təmini şöbəsinin müdiri Tomiris Babanlı “Azərbaycan tarixində mühüm rol oynamış müdrik qadınlar Nizami muzeyinin ekspozisiyasında” mövzusunda məruzə ilə çıxış edib. O, muzeyin zallarında sərgilənən və tarixi sərkərdə, ziyalı qadınların təsvir olunduğu müxtəlif rəsm əsərləri və heykəltəraşlıq nümunələrindən bəhs edib, o cümlədən onların ədəbi irsi haqqında ətraflı məlumat verib.

Müəssisənin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Xatirə Bəşirli “Görkəmli şərqşünas Şəfəq Əlibəyli” mövzusunda məruzəsində tanınmış şərqşünas-alim, professor Şəfəq Əlibəylinin zəngin yaradıcılıq yoluna nəzər salıb.

Tədbirdə, həmçinin muzeyin Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi Gülnar Əqiq “Qacar dövründə qadın şairələr” mövzusunda çıxış edərək, Qacarlar xanədanının görkəmli şairə xanımları və dövrün digər məşhur xanımları haqqında ətraflı məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: