Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

“Müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi” mövzusunda konfrans keçirilib
08.05.2021 12:14
  • A-
  • A
  • A+

“Müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi” mövzusunda konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyi dövründə ölkədə baş verən nəzərəçarpan inkişafdan bəhs edib. Dünyanın məşhur dövlət xadimlərinin onun haqqında söylədikləri fikirləri konfrans iştirakçılarının diqqətinə çatdıran bölmə rəhbəri bildirib ki, Heydər Əliyev uzaqgörənliyi, dərin biliyi, yüksək intellektuallığı, əsl natiqlik istedadı, xalqına, vətəninə bağlılığı ilə seçilən şəxsiyyətdir. Ölkənin ən ağır günlərində ona sahib çıxan dahi rəhbərin seçdiyi düzgün strategiya və gələcəyə hesablanmış inamlı fəaliyyəti bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün öz labüd bəhrəsini verməkdədir.

Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, ötən əsrin 90-ci illərinin əvvəllərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanı xilas etmək missiyasını Heydər Əliyev öz üzərinə götürdü. Bu missiyanın uğurla həyata keçirilməsi nəticəsində Ermənistanın həyata keçirdiyi hərbi təcavüzün qarşısı alındı. Müharibənin ağır nəticələrinin aradan qaldırılması, ölkənin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi, dünyaya siyasi və iqtisadi inteqrasiya sahəsində ardıcıl tədbirlər görüldü.1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı.

“Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin xarici siyasəti” mövzusunda məruzə edən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev zəngin dövlətçilik təcrübəsinə malik Azərbaycanın yeni xarici siyasətində Heydər Əliyevin müəyyənləşdirdiyi ən mühüm və  tarixi məsələlərdən söz açıb. Qeyd olunub ki, ümummilli liderin həyata keçirdiyi ardıcıl tədbirlər sayəsində ölkəmiz beynəlxalq aləmdəki təcrid vəziyyətindən qurtuldu, xalqımızın üzləşdiyi ağlasığmaz çətinliklər dünya ictimaiyyətinə olduğu kimi çatdırıldı. Ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin möhkəmləndirilməsi beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsinə və inkişaf etdirilməsinə şərait yaratdı.

Vurğulanıb ki, bu gün  Azərbaycanın xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi  respublikamızın dünya miqyasında nüfuzunu xeyli  artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurlu  davamı  müstəqil dövlətimizin mövqelərinin daha da yüksələcəyindən xəbər verir.

Konfransda “Ümummilli lider Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda məruzə edən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev azərbaycançılıq ideologiyasının keçdiyi inkişaf mərhələlərinə nəzər salıb. Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə azərbaycançılığın inkişafına əlverişli ictimai-siyasi, elmi və mədəni-mənəvi şərait yaradıldığını söyləyən tədqiqatçı bu ideologiyanın mühüm sahələri olan ümumazərbaycançılıq hislərinin, milli şüurun, Azərbaycan dilinin, mədəniyyətin, mənəvi dəyərlərin inkişafı və dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyə edilməsi kimi mühüm məsələlərdən söz açıb. Dinləyicilərin diqqətinə çatdırılıb ki, tarixi keçmişimiz, adət-ənənələrimiz, dövlətimizin bu günü və gələcəyi ilə sıx bağlı olan azərbaycançılıq məfkurəsinin dövlət siyasəti səviyyəsinə qaldırılması ulu öndərin adı ilə bağlıdır.

Həmin institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov isə məruzəsində “Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin Naxçıvan dövrü”ndən bəhs edib. Tədqiqatçı ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Naxçıvanda mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyətdən bəhs edərək bildirib ki, xalqımız məhz Heydər Əliyevin rəhbərliyi ilə bu problemin həllinə inanır, ümid və təkidlə onun respublika rəhbərliyinə qayıtmasını tələb edirdi. Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə Naxçıvanın, eləcə də bütün Azərbaycanın xilasının əsası qoyulmuş oldu. Onun ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Heydər Əliyev muxtar respublikanı ağır iqtisadi böhrandan çıxartmaq, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə bir sıra mütərəqqi tədbirlər həyata keçirməyə başladı. Beləliklə, 1991-1993-cü illər arasında ümummilli lider Heydər Əliyev Naxçıvandakı hakimiyyəti dövründə Muxtar Respublikanı geniş tərəqqi yoluna çıxarmağı bacardı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: