Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

“Heydər Əliyev və Azərbaycan elmi: həmrəylik və inkişaf yolu” mövzusunda konfrans keçirilib
08.05.2021 13:13
  • A-
  • A
  • A+

“Heydər Əliyev və Azərbaycan elmi: həmrəylik və inkişaf yolu” mövzusunda konfrans keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutu, Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurası və “Xalq-Prezident həmrəyliyi” Diskussiya Klubunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən onlayn konfrans keçirilib.

“Heydər Əliyev və Azərbaycan elmi: həmrəylik və inkişaf yolu” mövzusunda keçirilən konfransda giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva  bildirib ki, ulu öndər Heydər Əliyev təkrarolunmaz keyfiyyətlərə malik dahi şəxsiyyətdir. Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edən R.Mehdiyeva ümummilli liderin fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, eləcə də Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərdiyini diqqətə çatdırıb. Məhz buna görə də, xalqımız ümummilli lider Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin memarı adlandırıb.

R.Mehdiyeva onu da vurğulayıb ki, müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə ölkəyə rəhbərlik missiyasını üzərinə götürən ümummilli lider xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi də tarixdə silinməz iz qoyub. R.Mehdiyeva xalqımızın və dövlətimizin tarixində özünə əbədiyyət abidəsi ucaltmış, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görmüş ümummilli lider Heydər Əliyevin fəaliyyətinin hər mərhələsinin, hər səhifəsinin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib.

Daha sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Respublikası tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahov “Heydər Əliyev və Azərbaycan elmi” adlı məruzə ilə çıxış edib. Alim bildirib ki, Azərbaycan Respublikasında həyatın bütün sahələri kimi, elm və təhsilin coşqun inkişafının başlanğıcı da məhz Heydər Əliyevin respublikaya rəhbərliyi dövrünə  təsadüf edir. Həmin dövrdə bugünkü müstəqil Azərbaycan Respublikasının sosial‑iqtisadi, elmi‑texniki potensialının möhkəm təməlləri qoyulub.

Məruzə çərçivəsində professor M.Əmrahov ümummilli liderin şərəfli ömür yolundan və milli dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən, həmçinin  müstəqil və suveren, hüquqi dövlət quruculuğu yolunda müstəsna fəaliyyətindən, Azərbaycan Respublikasının xarici siyasətinin, iqtisadiyyat, təhsil, elm, mədəniyyət və s. sahələrinin inkişafında göstərmiş olduğu əvəzolunmaz rolu haqqında konfrans iştirakçılarına geniş məlumat verib.

Sonra çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, bu gün Azərbaycanda aparılan gənclər siyasəti, gənc nəslin, o cümlədən elmi gəncliyin inkişafına hərtərəfli dəstəyin verilməsi Heydər Əliyev siyasətinin düşünülmüş müasir transformasiyası baxımından atılmış mühüm və zəruri addımlardan biridir ki, bu da ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasəti konsepsiyasında öz əksini tapır. Bununla əlaqədar, bu il başa çatan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr və görülən işlər irsi davam etdirilən böyük gənclər siyasətinin məntiqi davamıdır.

F.Salmanov onu da vurğulayıb ki, xüsusi fəxarətlə və böyük qürurla yaşadığımız müzəffər qələbəmizin yaddaşını dahi liderimiz Heydər Əliyevin fövqəladə və unikal tarixi qərarları ilə bərabər, yeni dünyanın siyasi fenomeni, eləcə də 21-ci əsrin şəriksiz qalib sərkərdəsi cənab İlham Əliyevin dəmir iradəsi, eyni zamanda yalnız zəfəri hədəfləyən siyasi manevrləri bəzəyir. Şübhəsiz ki, siyasi sələfi kimi cənab Prezidentimizin fəaliyyətinin episentrində hər zaman Azərbaycan gənclərinə etimad, onların potensial və bacarıqlarına xüsusi güvən durur.

Əsrin qələbəsi kimi qiymətləndirilən zəfərimizin memarlarının, o cümlədən ümummilli lider Heydər Əliyevin, Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun hər bir cəsur əsgərinin adı şanlı tariximizin vərəqlərilə yanaşı, xalqın qəlbində həkk olundu.

Konfransda daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) AMEA ərazi təşkilatının sədri Ulduzə Qurbanova, Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Sevinc Nəsirova və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər görmüş dahi şəxsiyyət Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışıb, dövlət quruculuğu və sosial islahatlar, mədəniyyət və aqrar sahənin inkişafında ulu öndərin danılmaz rolundan bəhs ediblər.

Konfransın sonunda çıxış edən “Xalq-Prezident həmrəyliyi” Diskussiya Klubunun rəhbəri Baba Əliyev konfrans iştirakçılarına təşəkkür edib və bildirib ki, nə qədər ki, Azərbaycan xalqı və dövləti var, ümummilli liderin əziz xatirəsi qəlbimizdə yaşayacaq və onun azərbaycançılıq irsi, vətəninə və yeni əsrin yeni lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevə daim sadiq qalacaq bu xalq, bu gənclik tərəfindən daim qorunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: